Məhkəmə qərarları › İş №2(039)-2509/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2509/2021

15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2509/2021 15.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1 (eyni zamandan digər iddiaçılar İddiaçı4 Qalib qızının və İddiaçı2 nümayəndəsi) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 09.03.2015-ci il qeydiyyat tarixli çıxarışına əsasən Yevlax rayonu Yədilli kəndində yerləşən, ümumibirgə mülkiyyətdə olan kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan 5,1707 ha torpaq sahəsinin, hər birinə münasibətdə hər birinə münasibətdə 1/6 hissədə paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir.) İddiaçılar tələbini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.03.2015-ci il tarixli çıxarışı ilə Yevlax rayonu Yədilli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,1707 ha torpaq sahəsi iddiaçıların ümumibirgə mülkiyyətlərinə verilmişdir. Qeyd olunan torpaq sahəsi 6 nəfər şəxsin ümumibirgə mülkiyyətindədir. İddiaçılar ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin satmaq istəyir. Ancaq cavabdeh özünə aid olan torpaq sahəsini satmaq istəmədiyindən onlar sərəncam vermə hüququndan istifadə edə bilmir. Payları müəyyən edilmədiyindən torpaq sahəsinin naturada bölgüsü də hazırkı halda mümkün deyil. 5,1707 ha torpaq sahəsinin 1/6 hissəsinin mülkiyyətçisi olsalar da, bu rəsmən müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçıların izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Yəldilli kəndində 5,1707 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3, İddiaçı1, Cavabdeh, İddiaçı5, X2 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə payının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılara və cavabdehə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Yədilli kəndində yerləşən 5,1707 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinə(hər iddiaçıya münasibətdə) iddiaçıların payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı3 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Yədilli kəndində yerləşən 5,1707 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı3, 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı5, 1/6 hissəsinə İddiaçı4 və 1/6 hissəsinə İddiaçı2 payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar