Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2799/2025 18.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona məxsus avtomobilə dəymiş maddi ziyanının əvəzi kimi 500 (beş yüz) manat məbləğində pulun və çəkdiyi mənəvi iztirablara görə ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 400 (dörd yüz) manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızı X1 əri olubdur. Kürəkəni qızına qarşı daimi zorakı hərəkətləri etdiyi üçün o, qızını evinə gətirmək üçün xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qızının yaşadığı Yevlax rayonu, Salahlı kəndindəki evə getmişdir. Qızının yaşadığı ünvana gəldikdə Cavabdeh onun üzərinə hücum çəkərək təhqir etmiş və həyətdən qovmuşdur. Bununla kifayətlənməmiş, ona məxsus "VAZ 2106" markalı, ** BD *** qeydiyyat nişanlı avtomobilə qəsdən zərər yetirmişdir. Hadisə ilə bağlı onun tərəfindən DİN-in “102” zəng mərkəzinə müraciət edilmiş, Yevlax rayon polis şöbəsinin əməkdaşı tərəfindən müvafiq izahatlar alınmışdır. Cavabdeh ona məxsus "VAZ 2106" markalı, ** BD *** qeydiyyat nişanlı avtomobilə qəsdən ziyan vurmuşdur. Ziyan nəticəsində avtomobilin şüşələri sındırılmış və qapısına zədə yetirilmişdir. Cavabdehin barəsində olan inzibati işə baxılarkən cavabdeh avtomobilin şüşələrini yerdən götürdüyü daşla sındırdığını və qapısını təpiklə əzdiyini etiraf etmişdir. Vurulmuş ziyanla bağlı Yevlax Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməsi göstərilmişdir. Bundan başqa cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində o, mənəvi sarsıntı, sıxıntı, qorxu, həyacan və narahatlıq keçirmişdir. Avtomobilinin nasaz vəziyyətə düşməsi nəticəsində hərəkət azadlığı, sərbəstliyi və rahatlığı pozulmuşdur. Hələ də cavabdeh tərəfindən avtomobilinə vurulmuş maddi ziyanın ödənilməməsi onun keçirdiyi narahatlıq və sarsıntının davam etməsini bir daha təsdiq edir. Bu səbəbdən də vurulmuş mənəvi zərərə görə 400 (dörd yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini iddia edir. Tərəflərin izahatları: Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh çıxış edərək, bildirdi ki, iddiaçı onun qaytanasıdır. Onun övladı ağır dərəcəli şəkərli diabet xəstəsidir. İyul ayının sonları övladının vəziyyəti pisləşmiş və komaya düşmüşdür. Bu səbbədən günlərnən övladının müalicəsi ilə bağlı Bakı şəhərində xəstəxanalarda olmuşdur. Həm mənəvi, həm maddi sıxıntılar çəkmişdir. Uşağın vəziyyəti normallaşıb yaşadıqları evə qayıtdıqları günün səhərisi, 3 avqustda qaynatası Söhrab onlara gəlmiş, ailəsinə söz-söhbət salmış, həyat yoldaşını və uşaqlarını aparmaq istəmişdir. Yaşadığı çətinliklərdə hirslərini cilovlaya bilməyib iddiaçının maşının şüşələrini sındırmış və qapısına təpiklə vurmuşdur. İddiaçı polisə şikayət edərkən də, 500 manat maddi ziyan dəydiyini bildirirdi. Lakin barəsində inzibati işə baxılarkən müstəqil qiymətləndirici cəlb edildi və maşına dəymiş ziyan 182 manat məbləğində qiymətləndirildi. Həmçinin, o, 182 manat məbləğində inzibati qaydada cərimə edildi. Dövlət büdcəsinə olan borcu ödəmişdir. İddiaçının maşınına vurduğu ziyanı maddi imkana görə gecikdirmişdir. İddiaçının maşına dəymiş olan 182 manat ödənilməsini razı olduğunu və digər hissədə isə ona mənəvi vurmadığını bildirmiş,məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 3(039)-1477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 182 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. "xxxx" MMC (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı məxsus “VAZ 2106” markalı ** BD *** qeydiyyat nişanlı dövlət qeydiyyat nömrəli avtomobilin iki ədəd yan güzgülər, 2 ədəd qabaq yan şüşə, 2 arxa yan şüşələrin qırılması və avtomoblin sağ qabaq qapısı əzilməsi nəticəsində dəymiş ziyan 182 manat dəyərində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh təqsirli və hüquqazidd hərəkəti nəticəsində iddiaçının mülkiyyətində olan “VAZ 2106” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələri sınmış və qapısı əzilmişdir. İddiaçı avtomobilinə 500 manat məbləğində ziyan dəydiyini iddia etsə də, bu barədə sübut təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, “VAZ 2106” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 182 manat məbləğində qiymətləndirilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması istisna edilməsə də, məhkəmə hesab edir ki, belə mənəvi sarsıntının əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassızdır və təmin oluna bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddia tələbi qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilməmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 6,06 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Dəymiş maddi zərərin əvəzi olaraq 182 (bir yüz səksən iki) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilməmiş dövlət rüsumunun 6,06 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2799/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2799/2025
18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver