Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3104/2025 02.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən edilən qanunazidd hərəkətlərə məhdudiyyətin qoyulmasına dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən edilən qanunazidd hərəkətlərə məhdudiyyətin qoyulmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssislərinin Yevlax şəhəri, X7, ev 4 mənzil 7 saylı ünvanın daşınmaz əmlakda qeydə alınması və müvafiq müayinə və sxem işlərinin aparılması ilə bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərə son qoyulması öhtəliyinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri, X7 ev 4, 7 nömrəli mənzilin 1/3 hissəsi ona miras qalmışdır. O, həmin mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması və hüquq müəyyənedici səədlər əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, lakin cavabdeh həmin qurumun mütəxəssisləri tərəfindən baxış keçirilib ölçmə işlərinin aparılmasına maneçilik törətmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə məhkəmənin suallarına cavab olaraq, cavabdehin bacısı olduğunu, Yevlax şəhəri, X7 ev 4, 7 nömrəli mənzilin atalarından miras qaldığını, onların və bir qardaşlarının hər birinə miras əmlakdan 1/3 hissədə pay müəyyən edildiyini, öz payına müvafiq sənədləşmə işləri aparmaq və hüquq müəyyənedici sənədlər almaq istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçı hamını aldadır, onun əsl niyyət evi öz adına keçirməkdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 4330/2025 saylı bildirişindən görünür ki, Yevlax şəhəri, X7 ev 4, mənzil 7 ünvanda inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. 13 oktyabr 2025-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Yevlax şəhəri, Dəmir Yolu binası, ev 4, 7 nömrəli mənzil X2 vərəsələri olan övladları X1, İddiaçı və X4 hər birinə 1/3 hissə olmaqla miras qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konsititusiyasının 13-cü maddəsinin İİ hissəinin tələbinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasında ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin görə isə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı sözügedən əmlakın mülkiyyətçisi hesab olunan mərhum X2 qızıdır və əmlaka dair gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də, cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiyindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehin maneə törətməsinin heç bir hüquqi əsası yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehə qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax şəhəri, Dəmir yolu binası ev 4, 7 nömrəli mənzilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-3104/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3104/2025
02.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver