Məhkəmə qərarları › İş №2(039)-357/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-357/2023

01.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-357/2023 01.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın - yaşayış məntəqələrinin torpaqlarının paylı mülkiyyət hüququ üzrə bölünməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Cavabdeh ilə onun ümumi birgə mülkiyyətinə daxil olan Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 0.21 ha yaşayış məntəqələri torpaqlarının paylı mülkiyyət hüquq üzrə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehlə birgə mülkiyyətdə olan torpaq sahəsində paylarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun əmisdir. Yevlax rayonu, Qaramanlı kəndində cavabdeh ilə onun ümumi birgə mülkiyyətində 0.21 ha ölçüdə yaşayış məntəqələrinin torpaqları vardır. Qeyd edilən daşınmaz əmlaka dair ümumi birgə mülkiyyət hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Hazırda cavabdeh ilə onun və ailə üzvlərinin münasibətləri çox kəskindir və gərgindir. O, ailədir. Azyaşlı övladı vardır. Cavabdehlə onun ümumi birgə mülkiyyətinə daxil olan yaşayış məntəqələrin torpaqlarının paylı mülkiyyət hüququ üzrə ayrılması məqsədə müvafiqdir. Cavabdeh ilə ümumi razılıq əldə edə bilmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək və iddia ərizəsinə və onun dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini və iddanın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışından görünür ki, Yevlax rayonu Qaramanlı kəndində 0.21 hektar yaşayış məntəqələrinin torpaqları sahəsinə X2 və Cavabdeh birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçı X3 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə dair bölgü planının hazırlanması barədə müraciərtinə baxılarkən sözügedən əmlakla bağlı hüquq sahibləri arasında bölgü barədə mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 647856 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X4 arasında bağlanmış nikah 2011-ci ilin yanvar ayının 14-cü günündə akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada isə Süleymanova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə paylarının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə X3 və başqasını ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0,21 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 2/1 hissəsinə iddiaçının payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə X3 və başqasını ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0,21 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 2/1 hissəsinə iddiaçının payı müəyyən edilsin. Qətnamədə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar