Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-379/2022 14.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş ********** qeydiyyat nömrəli, 25 mart 2015-ci il tarixli “çıxarış”-da oğlunun adının Raquf yazılmasının səhv qeyd hesab edilməsi, həmin səhvin düzəldilərək oğlunun adının Vaqif müəyyən edilərək yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxxxx 1965-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş və bu günə kimi həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Yevlax rayonu Qaraməmmədli kəndində ona və ailə üzvlərinə məxsus ümumi birgə 0.3017 ha torpaq sahəsi var. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş ********** qeydiyyat nömrəli, 25 mart 2015-ci il tarixli "Çıxarış” verilmişdir. Lakin həmin çıxarışda oğlu – 21 yanvar 1989-cu il təvəllüdlü X1 Qurbanov, adı Raquf və atasının adı Yaqub kimi qeyd edilmişdilər. Hazırda o müəyyən hüquqları həyata keçirməkdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş ********** qeydiyyat nömrəli, 25 mart 2015-ci il tarixli "Çıxarış”-da oğlumun adının Raquf getməsi səbəbindən çətinlik çəkir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş ********** qeydiyyat nömrəli, 25 mart 2015-ci il tarixli "Çıxarış”-da oğlunun adının Vaqif olmasını iddia ərizəsinə əlavə etdiyi sənədlər sübut edə bilər. Ona görə də ********** qeydiyyat nömrəli, 25 mart 2015-ci il tarixli "Çıxarış”-da oğlunun adının Raquf yazılmasının səhv qeyd hesab edilib, həmin səhvlərin düzəldilərək oğlunun adının Vaqif müəyyən edilərək yazılması üçün hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə verilməli olduğu halda, aidiyyət qaydalarının pozulması ilə Yevlax Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.3-cü maddələrinin tələbinə görə iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilik mülki işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən edərkən məhkəmə aidiyyətinin ərazi və növ aidiyyətini fərqləndirir. Ərazi aidiyyətinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdeh olan fiziki şəxsin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir (MPM-nin 35-ci maddəsi). Növ aidiyyəti isə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməsinə aidiyyətini nəzərdə tutur və işdə iştirak edən şəxslərin subyekt tərkibi (işdə iştirak edən şəxsin fiziki və ya hüquqi və ya qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olan fiziki şəxs olması), yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Ona görə də, iddia ərizəsi məhkəməyə verilərkən yalnız ərazi aidiyyəti deyil, ümumiyyətlə aidiyyət qaydaları pozulmuşsa, iddia ərizəsi şərh olunan əsaslarla geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.4, 2.2.5ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Göründüyü kimi, hazırki iddia ərizəsi inzibati məhkəmənin səlahiyyətlərinə aid edilən iş üzrədir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər ümumi məhkəmədə baxılmalı olmadığından aidiyyət qaydalarına riayət etməklə, inzibati məhkəməsinə aid olduğundan, ərizəçiyə qaytarılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31-ci maddəsinə əsasən aidiyyət qaydalarına pozulmasına yol verilmir. Ərizədən görünür ki, mübahisə texniki səhv nəticəsində olmuşdur. Yəni əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılması halda əmələ gəlməmişdir. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 26, 152.1, 152.1.3, 152.2, 152.3, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-379/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-379/2022
14.01.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver