Məhkəmə qərarları › İş №2(039)-636/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-636/2022

05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-636/2022 05.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər X4 qarşı «ümumi birgə mülkiyyətdə olan əmlakın paylı mülkiyyət hüququ üzrə naturada ayrılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «ümumi birgə mülkiyyətdə olan əmlakın paylı mülkiyyət hüququ üzrə naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.2101 ha torpaq sahəsi İddiaçı və cavabdeh X3 arasında hər bir mülkiyyətçiyə ½ hissədə olmaqla ümumi birgə mülkiyyətdə olan paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyt nömrəli 18 mart 2021-ci il tarixli çıxarışa əsasən onun cavabdehlə 0.2101 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində onların hər birinin 1/2 hissədə payı müəyyən edilmişdir. Hazırda öz payının naturada ayrılmasını istəyir. Lakin cavabdeh payın ayrılması üçün Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə gəlmədiyindən məhkəmədən kənar məsələnin həll edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul edərək, izah etdi ki, İddiaçı 1/2 hissədə həmin torpaqda payı vardır. Hazırda onun payının naturada ayrılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(039)-1805/2020 saylı qətnaməsindən məlum olur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə X5 və Paşayi (Yolçuyeva) Çiçək Hacı qızına məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.21 ha torpaq sahəsinin 1/2 hissəsinə, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinə məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0.81 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızının payları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 18 mart 2021-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Havarlı kənd ərazisində tərəflərə 0.2101 ha torpaq sahəsi verilmişdir. Torpaqda tərəflərin payları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 21 aprel 2022-ci il tarixli M/07 saylı rəyindən məlum olur ki, Yevlax rayonu Havarlı kəndində yerləşən və **********31 nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan 0.21 ha torpaq sahəsində iddiaçının payının naturada ayrılması mümkündür. Yevlax ryonu Havarlı kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 0.21 ha torpaq sahəsi naturada paralel və perpendikulyar olmaqla iki istiqamətdə bölünə bilər. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflərin Yevlax rayonu, Havarlı kəndi ərazisində 0.2101 ha torpaq sahəsi vardır. İddiaçının həmin torpaq sahəsində 1/2 hissədə payı müəyyən edilmişdir. İddiaçı torpaq payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmişir ki, əmlakın natura şəkilində bölünməsi mümkündür. Cavabdeh iddianı qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 18 mart 2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Havarlı kəndində tərəflərə məxsus 0.2101 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə ayrılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 18 mart 2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Havarlı kəndində tərəflərə məxsus 0.2101 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə naturada ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar