Məhkəmə qərarları › İş №2(039)-66/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-66/2021

10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-66/2021 10.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi və sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1983-cü il tarixdə əmək vəzifələrini yerinə yetirərkən ağır dərəcəli bədən xəsarətləri almış, əmək qabiliyyətinin 60%-ni itirmişdir. Cavabdeh müəssisə tərəfindən zərərə görə ödənc pulu kimi ona hər ay 50 manat ödənilir. Lakin Nazirlər Kabinetinin qərarına əsasən məbləğ orta aylıq əmək haqqından hesablanmalıdır. Lakin o, ona təyin olunmuş ödənc pulunun məbləğinin orta aylıq əmək haqqından yox minimun əmək haqqı hesabından təyin olunmasını istəyir. Ölkədə minimum əmək haqqı 250 manat olduğu üçün ona zərərə görə 150 manat ödənc pulu düşür. Aldığı xəsarətlə əlaqədar Gəncə şəhərində yerləşən müalicə müəssisəsinə 1500 manat pul ödəmişdir. Həmin məbləğin də cavabdeh tərəfindən tutularaq ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 1983-cü ildə işlədiyi Cavabdehndə xəsarət almış və əmək qabiliyyətinin 60%-ni itirmişdir. Xəsarət aldığı müəssisə özəlləşərək hazırda “Cavabdeh” ASC kimi fəaliyyət göstərir. Aldığı xəsarətlə bağlı ona əlillik təyin olunmuş və Yevlax Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnamə ilə cavabdeh müəssisədən hər ay 50 manat ödəncin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə kassasiya instansiyasına qədər qüvvədə qalaraq hüquqi qüvvəsini almışdır. Lakin hesab edir ki, ona hesablanan 50 manat ödənc pulu çox azdır və ona ödənilməli olan ödəncin məbləği minimum əmək haqqı məbləğində müəyyən edilməli və hər il minimum əmək haqqının dəyişən məbləğinə uyğun hesablanmalıdır. İstehsalatda aldığı xəsarət nəticəsində diz qapağından əməliyyat olunmuş və buna görə X3 1500 manat pul ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” ASC-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin əsasız olduğunu, müəssisə fəaliyyət göstərmədiyi halda hər ay müəssisə tərəfindən çətinliklə də olsa iddiaçıya 50 manat pul ödənildiyini bildirərək, rəhbəri olduğu müəssisənin iddiaçı qarşısında heç bir maddi məsuliyyət daşımadığını əsas gətirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb və tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 saylı TSEK tərəfindən verilmiş 10.02.2020-ci il tarixli müayinə aktından “çıxarışdan” görünür ki, İddiaçı istehsalat travması nəticəsində 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. İş materiallarında olan X5 ortopediya və travmatologiya bölməsi xəstəsinin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı 15.11.2018-ci il tarixdə “sağ budun ön qrup əzələlərinin açıq mobilizasiyası, potelloektomiya lavsanplastika, ilizara aparatı ilə diyircək sistemli osteosintez, qamış sümüyünü pazvari rezeksiyası” əməliyyatı olunmuşdur. İş materiallarında olan X1 15.11.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xəstəxanaya 1500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, “Cavabdeh” ASC tərəfindən 11 iyun 2013-cü il tarixdən 50 manat ödənc pulunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, 50 manat ödəniş pulunun 28 iyun 2015-ci il tarixdən hesablanaraq ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, iddiaçının 15.11.2018-ci ildə X2 keçirdiyi cərrahi əməliyyatın onun 1983cü ildə aldığı istehsalat travması ilə əlaqəli olub-olmadığını müəyyən etmək üçün tibbibioloji ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 30.11.2020-ci il tarixli, T-353/2020 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı sağ aşağı ətrafında 15.11.2018-ci ildə X2 aparılmış cərrahi əməliyyatla onun 1983-cü ildə istehsalatda aldığı travma ilə səbəbli əlaqənin olub-olmaması barədə, həmin vaxt üçün ətrafın travmadan dərhal sonra vəziyyətini əks etdirən tibbi sənəd olmadığından dəqiq fikir söyləmək mümkün olmamışdır. İddiaçının vəsatəti əsasında təkrar ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi- Təcrübi və Tədris Birliyinin 22.04.2021-ci il tarixli, T-77/2021 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı sağ aşağı ətrafının travması ilə əlaqədar hər-hansı bir tibbi sənəd olmadığından, bədbəxt hadisədən uzun müddət keçdiyindən və təqdim edilən 14.02.2021-ci il tarixli rentgenoqrammada aşkar edilənlərə əsasən Gəncə Beynəlxalq xəstəxanasında icra edilmiş cərrahi müdaxilənin sözügedən istehsalat travması ilə əlaqədar olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı 1983-cü ildə işlədiyi Cavabdehndə istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 60 faizini itirmişdir. İddiaçının xəsarət aldığı müəssisənin özəlləşdirilməsi 2013-cü ildə başa çatmış və məhkəmə qətnaməsinə əsasən həmin müəssisənin hüquqi varisi kimi hazırkı iş üzrə cavabdeh olan “Cavabdeh” ASC-dən iddiaçının xeyrinə vurulmuş zərər görə 50 manat məbləğində ödəniş tutulur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. İddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş ödəncin məbləğinin az olduğunu və minimum əmək haqqı məbləğində hesablanmalı olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 2.2-ci bəndində göstərilir ki, əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İddiaçı 2018-ci ildə keçirmiş cərrahi əməliyyatın 1983-cü ildə aldığı istehsalat travması ilə əlaqəli olduğunu bildirsə də, iş üzrə keçirilmiş ekspertizaların nəticəsində ekspert rəyləri ilə müəyyən edilmişdir ki, keçirilən cərrahi əməliyyatla istehsalat travması arasında hər hansı səbəbli əlaqənin olduğunu müəyyən etmək qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı pul tələbinə dair iddiası əsassızdır və təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar