Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-774/2021 01.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Yusifova Heyran Xosrov qızının nümayəndəsi və vəkili X10, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, X13, Cavabdeh4 və Cavabdeh5 qarşı “alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi”tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X15 ilə bağlanmış 27.08.2003-cü il tarixli alğı-satqı müqaviləsindən sonra əvvəlki mülkiyyətçilər X4, X5, X11 təkrarən 31.05.2007-ci il tarixdə Cavabdeh4 ilə bağladığı AN-1 ******* №li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh4 adına verilmiş Yevlax rayonu Cırdaxan kəndində yerləşən 3,4635 ha torpaq sahəsinə dair 07.01.2013-cü il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 08.05.2015-ci il tarixli, AN-1 ******* №li alğı-satqı müqaviləsinin ləğv edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Yevlax rayon Cırdaxan kəndində yerləşən 17,3 ha torpaq sahəsindən 3,4635 ha torpaq sahəsinə münasibətdə 06.05.2015-ci il tarixli çıxarışın qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27.08.2003-cü il tarixdə Yevlax rayonu Cırdaxan kəndi sakinləri X8, X9, X16 mülkiyyətlərində olan Yevlax rayonu Cırdaxan kəndində yerləşən JN-0036, kod 90104048 saylı Yevlax rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli, 27 saylı qərarı ilə 3,46 ha torpaq sahəsini həyat yoldaşı X2. Həmin vaxt onların yetkinlik yaşına çatmayan uşaqları X8 və X11 adından onların ataları X8 həmin torpağın satılmasını rəsmiləşdirmişdir. Qeyd olunan alğı-satqı müqaviləsi rəsmi qaydada dövlət orqanında rəsmiləşdirilərək bağlanılmış, şəxsin torpağı satması ilə bağlı 1.700,000 manat məbləğində pul ona verilmişdir. Bu barədə dövlət aktı qeydiyyat kitabında 0036 nömrə ilə qeydiyyata alınaraq, həmin qeydiyyat 22.06.2000-ci il tarixdə rəsmiləşdirilmişdir. Yəni həyat yoldaşının aldığı torpaq sahəsi qeyd etdiyi tarixlə qanuni rəsmiyyətdən keçmişdir. Bu barədə aparılan əməliyyat qeydiyyatdan keçirilmiş, sorğu əsasında arxivdən alınaraq təsdiq edilərək həmin əməliyyat aparılan zaman şəxsin adına torpaq sahəsinin olması ilə bağlı arayış, tərəflərin razılıq ərizələri, uşaqların doğum şəhadətnamələri torpağın mülkiyyət hüququna dair dövlət aktı həmin sənədlərə əlavə edilmişdir. Həyat yoldaşı ilə yerli icra hakimiyyəti başçısı arasında aparılan qanunsuz hərəkətlərin ucbatından həmin əməliyyatın aparılması, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti tərəfindən nizamlanmamış, bu səbəbdən də həyat yoldaşı həmin daşınmaz əmlaka üzərində alğı-satqı etsə də, müvafiq çıxarışı obyektiv səbəblərdən əldə edə bilməmişdir. Sonradan məlum hadisələrlə bağlı həyat yoldaşı sui-qəsdə məruz qalmış və vəfat etmişdir. Onun almış olduğu torpaq sahələrini tapıb, idarə etmək və müvafiq çıxarışı aidiyyatı orqandan almaq istəyərkən ona məlum olmuşdur ki, onlara aid olan torpaq sahələri bilərəkdən bir addan-digərinə satılmışdır. Məlum olmuşdur ki, X8 31.05.2007-ci il tarixində AN-1 ******* №-li alqı-satqı müqaviləsi ilə mərhum ərinə satmış olduğu torpaq sahəsini uşaqları ilə birlikdə, təkrarən 4 ildən sonra həmin dövlət aktını saxtalaşdıraraq, bu dəfə 36 nömrə ilə qeydiyyata aldıraraq, 13.05.2000-ci il tarixində saxta rəsmiyyət edərək eyni nömrəli dövlət aktı əldə edərək Yevlax şəhər sakini Cavabdeh4 1.500 manata ikinci dəfə satmışdır. Bu prosseslərdən bir müddət sonra Cavabdeh4 qeyd olunan torpaq sahəsini Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olan, hazırda Yevlax şəhəri Yeni Yevlax küçəsi, ev 29 yaşayan Cavabdeh5 satmışdır. Hazırda həmin torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, 06.06.2015-ci il tarixli çıxarışla Cavabdeh5 mülkiyyətindədir. Göründüyü kimi Cavabdeh4 da onun əmlakı üzərində ******* saylı, 07.01.2013-cü il tarixli çıxarışı əldə etmişdir. Həmin əmlak tərəflərindən alınmasına baxmayaraq, bu barədə mövcud alğı-satqı müqaviləsinin qüvvədə olmasına rəğmən, cavabdehlər X8, X9 və X16 mərhum ərinə satmış olduqları Yevlax rayonu Cırdaxan kəndində yerləşən 3,46 ha torpaq sahəsini sonra Cavabdeh4 satmış, həmçinin sonuncu tərəfindən də torpaq sahəsi Cavabdeh5 satılmışdır. Bu səbəbdən həyat yoldaşı X15 ilə bağlanmış 27.08.2003-cü il tarixli alğı-satqı müqaviləsindən sonra X4, X5, X11 təkrarən 31.05.2007-ci il tarixində Cavabdeh4 ilə bağladığı AN-1 ******* №li alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, bu prosseslərdən sonra əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən Cavabdeh4 adına verilmiş Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 3,4635 ha torpaq sahəsinə dair 07.01.2013-cü il tarixli, ******* saylı çıxarış ləğv edilməli, həmçinin Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 08.05.2015-ci il tarixli, AN-1 №0499374 №li alğı-satqı müqaviləsi ləğv edilməli və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən Cavabdeh5 verilmiş Yevlax rayon Cırdaxan kəndində yerləşən 17,3 ha torpaq sahəsindən 3,4635 ha torpaq sahəsinə münasibətdə 06.05.2015-ci il tarixli çıxarış qismən ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X9 və X16 məhkəmə iclasına gəlmədiyiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkil X17 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, özünə və ailə üzvlərinə məxsus 3,46 ha torpaq sahəsini X1. Həmin torpaq sahəsini o, Feyruzun istifadəsinə verməyi barədə sonuncu ilə razılaşmışdır. Feyruz həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Bundan sonra o, həmin torpaq sahəsini Cavabdeh4 satmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirmişdir ki, o, Feyruz adlı şəxsi tanımır, Cavabdeh1a məxsus torpaq sahəsini o, notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən rəsmi qaydada mülkiyyətinə keçirmiş və bu barədə çıxarış almışdır. Alqı-satqı müqaviləsi qanuna zidd bağlanmış olsaydı onun mülkiyyət hüququ reyestrdə qeydə alınmazdı. Bundan sonra o, özünə məxsus torpaq sahəsini digər cavabdehə, yəni Cavabdeh5 satmışdır. İddiaçı onlarla bağlanan alğı-satqı müqaviləsinin etibarsız olduğunu bildirir, lakın o, torpaq sahəsinin 2003-cü il tarixdə Feyruz adlı şəxsə satılmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 bildirmişdir ki, mübahisəli torpaq sahəsini 08 may 2015-ci il tarixdə Cavabdeh4 alğı-satqı müqaviləsinə əsasən almışdır. Bundan başqa o, 12 may 2015-ci il tarixdə başqa torpaq sahəsi də alaraq, hər iki torpaq sahəsi üzrə bir çıxarış əldə etmişdir. O, torpaq sahəsinin 2003-cü ildə Feyruz adlı şəxsə satılmasından xəbərsiz olmuş, bu müddət ərzində Feyruz adlı şəxsi həmin torpaq sahəsindən istifadə etdiyini və ya bununla bağlı hər hansı tələb irəli sürdüyünü görməmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 və digərləri ilə (satıcı) X15 (alıcı) arasında bağlanmış 27 avqust 2003-cü il tarixli müqavilədən görünür ki, satıcılar Yevlax rayonu Cırdaxan kəndində 3,46 hektar torpaq sahəsini alıcıya satmışdır. Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 iyun 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 307189 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Nəsibov Feyruz Rəhim oğlu 25.05.2008-ci ildə vəfat etmişdir. 27.07.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı(hazırkı iş üzrə iddiaçı) 25.05.2008-ci ildə vəfat etmiş Nəsibov Feyruz Rəhim oğlunun mirasından tam hissədə pay almışdır. İş materiallarında olan X8 və digərləri ilə (satıcı) Xəlilov Bağı Abdulkərim oğlu (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 31 may 2007-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcılar Yevlax rayonu Cırdaxan kəndində 3,46 hektar torpaq sahəsini alıcıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* №li çıxarışdan görünür ki, Yevlax rayonu Cırdaxan kəndində yerləşən 3,4635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 13 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh4 ilə (satıcı) Cavabdeh5 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 08 may 2015-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax rayonu Cırdaxan kəndində 3,4635 hektar torpaq sahəsini alıcıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* №li çıxarışdan görünür ki, Yevlax rayonu Cırdaxan kəndində yerləşən 17,3175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 73 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin **********50 nömrəli, 18.05.2021-ci il tarixli məktubundan görünür ki, Yevlax rayonu Cırdaxan kəndində yerləşən X8, X9 və X13 məxsus 3.4635 ha (JN-36, kod 9********) torpaq sahəsi Yevlax rayonu 1 saylı Dövlət Notariat kontorunun 31.05.2007-ci il tarixli, 4Ə-121 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmış, müvafiq ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin torpaq sahəsi 08.05.2015ci il tarixdə Yevlax rayonu 1 saylı Dövlət Notariat Kontorunun 4Ə-151 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Cavabdeh5 həmin torpaq sahəsi ilə eyni sərhəd olan alğı-satqı yolu ilə əldə etdiyi torpaq sahələrini birləşdirmiş və 17,3175 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən 06.06.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçının mərhum əri Feyruz Nəsibova 2003-cü ildə satılmış torpaq sahəsi, 2007-ci ildə digər Cavabdeh4, sonuncu tərəfindən isə 2015-ci ildə digər cavabdeh olan Cavabdeh5 satılmışdır. Mübahisəli torpaq sahəsi mərhum Feyruz Nəsibovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə bildirir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlər Cavabdeh4la və Cavabdeh5la bağlanmış “alqı-satqı müqavilələrinin” etibarsız hesab edilməsi barədə tələb vicdanlılıq prinsipi nöqteyi nəzərindən əsassızdır. Belə ki, Rasim Quliyev torpaq sahəsini Cavabdeh4 31 may 2007-ci il tarixdə təsdiq edilmiş AN-İ ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən 1.500 manata satmışdır. Cavabdeh4 isə torpaq sahəsini 08 may 2015-ci il tarixdə təsdiq edilmiş AN-İ ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən 2.300 manata Cavabdeh5 satmışdır və hazırda həmin əmlak sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göstərilənlərlə əlaqədar Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.10.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16.08.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08.05.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15.09.2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh4 və Cavabdeh5 vicdanlı alıcıdır. Bunun əksini təsdiq edən mötəbər sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən sözügedən alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə bu tələbdən irəli gələn digər tələblər əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6, X13, Cavabdeh4 və Cavabdeh5 qarşı “alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-774/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-774/2021
01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver