Məhkəmə qərarları › İş №2(040)-40/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-40/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-40/2024 06.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh– Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“ödənilmiş sığorta ödənişinin əvəzinin zərərvuran sığortalıdan subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2000,0 (iki min) manat məbləğində sığorta ödənişinin əvəzinin, 40 (qırx) manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2021-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Ford Fusion minik” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 iyun 2022-ci il tarixində Binəqədi-Novxanı yolunda **-EF-*** dövlət qeydiyyat nişanlı “Opel Astra minik” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri X9 İdarəsi tərəfindən araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə 11 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “Opel Astra minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2000 (iki min) manat sığorta ödənişi verilmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(040)-1043/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq iclası 13 noyabr 2023-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə bağlı 07 dekabr 2023-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 16 yanvar yanvar 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 06 fevral 2024-cü il tarixə təxirə salınmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X1 Rayon Məhkəməsinə ünvanladığı 06 fevral 2024-cü il tarixli ərizədə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 2000,0 (iki min) manat sığorta ödənişi məbləğini və 40 (qırx) manat dövlət rüsumunu ödəməyə razıdır. Lakin hazırda maddi imkanı aşağıdır. İmkanı olduqca ödəyəcəkdir (müvafiq yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı İddiaçı ASC sığortalı X2 istifadəsində olan “Ford Fusion minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 22 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən tərtib edilmiş 06 sentyabr 2022-ci il tarixli CML-4810/2022-AKT6175/22 saylı “Sığorta aktı”nın surətindən görünür ki, “Opel Astra minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 2000 (iki min) manat müəyyən edilmişdir. İş materiallarında olan: 19 sentyabr 2022-ci il tarixli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, İddiaçı ASC tərəfindən X3 hesabına AKT6175/22 saylı akta əsasən 2000 (iki min) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan: “X10” Şirkəti tərəfindən 30 iyul 2022-ci il tarixdə verilmiş dəymiş zərərin hesablanmasına dair “Qüsur aktı”ndan görünür ki, “Opel Astra minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 2000 (iki min) manat ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8 maddələrinin müddəalarından görünür ki, o cümlədən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (həmin maddədə qey edilir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır-hakimin qeydi) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 22 sentyabr 2021-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Ford Fusion minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 iyun 2022-ci il tarixində Binəqədi- Novxanı yolunda **-EF-*** dövlət qeydiyyat nişanlı “Opel Astra minik” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh təqsirli bilinmişdir. “Opel Astra minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 2000 (iki min) manat sığorta ödənişi ödənilmiş, bununla da İddiaçı ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirmir, iddia tələbini tam qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Ford Fusion minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra minik” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 2000 (iki min) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun pul əvəzi də alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumunun pul əvəzi də alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar