Məhkəmə qərarları › İş №2(040)-440/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-440/2025

01.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-440/2025 01.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” reqres iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus 2564 (iki min beş yüz altmış dörd) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx"dan kredit götürən zaman onu zamin kimi göstərmişdir. Lakin cavabdeh bank qarşısında öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün bank cavabdehin borcunu ondan tələb etmişdir. O, cavabdehin borcunu ödəmək istəmədiyinə görə bank onu məhkəməyə vermişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli qətnaməsi ilə borcun ondan tutulması qət edilmişdir. Həmin vaxtdan hər ay onun əmək haqqından hissə-hissə borc tutulmuşdur. Nəhayət o cavabdehin banka olan 2322,07 (iki min üç yüz iyirmi iki manat 07 qəpik) manat məbləğində borcunu və ödənməmiş 70 AZN (yetmiş manat) məbləğində dövlət rüsumunu bankın xeyrinə ödəyib qurtarmışdır. Bankın Gəncə şəhəri üzrə İcra idarəsinə göndərdiyi 20 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-396/2024-017 saylı 01 mart 2024-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcludan tələb olunan borc məbləği Banka ödənilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin “icraata xitam verilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli icra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin edilmişdir. Bu əsasla Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-396/2024-017 nömrəli 01 mart 2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. İcra işinə görə o əlavə olaraq 172 (yüz yetmiş iki) manat pul ödəmişdir. O, hazırda cavabdehdən zamin kimi ödədiyi və əlavə olaraq çəkdiyi xərci, cəmi 2564 (iki min beş yüz altmş dörd) manat pulu tələb edir. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11 fevral 2022-ci il tarixli Z/02201/22 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Orucov X2 11 fevral 2022-ci il tarixli 10-M1-1-383-22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan: Gəncə Kommersiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli e-2-2(115)-396/2024 nömrəli icra vərəqəsindən görünür ki, 01 mart 2024-cü il tarixli e-2- 2(115)-396/2024 nömrəli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli 10-M1-1-383-22 saylı kredit müqaviləsinə dair razılaşma üzrə yaranmış 1947 manat 83 qəpik əsas borc, 238 manat 14 qəpik faiz borcu, 136 manat 10 qəpik cərimə borcu olmaqla, cəmi 2322 manat 07 qəpik məbləğində borc və ödənilmiş 70 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər X1, İddiaçı və Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehlər X1, İddiaçı və Cavabdeh müştərək qaydada 43 manat 22 qəpik məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə şəhəri üzrə İcra idarəsinin 20 dekabr 2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu X3, İddiaçı, Cavabdeh 2392 manat pul vəsaiti və 43,22 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam təmin olunmuşdur. Ona görə də Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-396/2024-017 nömrəli 01 mart 2024-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə şəhəri üzrə İcra idarəsinə ünvanladığı 20 dekabr 2024-cü il tarixli KBD-7361 saylı məktubdan görünür ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli e-2-2(115)- 396/2024 saylı icra sənədinə əsasən borclular Cavabdeh və qeyrilərindən ümumilikdə 2322,07 manat məbləğində borc və ödənilmiş 70 AZN məbləğində dövlət rüsumu tələbkar "xxxx" Açıq Səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli e-2-2(115)-396/2024 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcludan tələb olunan borc məbləği banka ödənilmişdir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 11 fevral 2025-ci il tarixli KBD-841 saylı məktubdan görünür ki, 11 fevral 2022-ci il tarixli 10- M1-1-383-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5000 (beş min) manat məbləğində kredit verilmiş və İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Hal-hazırda (xx.xx.2025-ci il tarixinə) 10-M1-1-383-22 saylı zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyi icra edilmiş və bu səbəbdən İddiaçı "xxxx" ASC qarşısında öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. -431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 2392,07 manat (iki min üç yüz doxsan iki manat 07 qəpik) pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində Cavabdeh "xxxx" ASC-yə olan 2322,07 manat (iki min üç yüz iyirmi iki manat 07 qəpik) kredit borcu və 70 (yetmiş) manat mediasiya xərcindən ibarət olan cəmi 2392,07 manat (iki min üç yüz doxsan iki manat 07 qəpik) borcunun onun zamini İddiaçı tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 2392,07 manat (iki min üç yüz doxsan iki manat 07 qəpik) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun 43,92 manat (qırx üç manat 92 qəpik) hissəsinin və 40 qəpik bank xidmət haqqının pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə - 171,93 manat (yüz yetmiş bir manat 93 qəpik) pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2392,07 AZN (iki min üç yüz doxsan iki manat 07 qəpik) əsas borc və iddiaçı tərəfindən ödənilmiş 43,92 manat (qırx üç manat 92 qəpik) dövlət rüsumunun, 40 qəpik bank xidməti haqqının pul əvəzi, cəmi 2436,39 AZN (iki min dörd yüz otuz altı manat 39 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar