Məhkəmə qərarları › İş №2(040)-880/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-880/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-880/2023 25.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1300 (min üç yüz) manat məbləğində sığorta ödənişinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,40 manat (otuz üç manat-40 qəpik) dövlət rüsumunun əvəzinin alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 17 sentyabr 2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes-Benz C240” markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhərinin Samux küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Mercedes Benz 300D” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş 19 sentyabr 2022-ci il tarixli 3(051)-590/2022 saylı qərarla “Mercedes Benz C240” markalı 55- BZ-375 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 300D” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 (bir min üç yüz) manat miqdarında maddi ziyan dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222730 saylı 29 sentyabr 2022-ci il tarixli “Sığorta ödənişi aktı”na əsasən, "xxxx" ASC tərəfindən cəmi 1300 (bir min üç yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı “Mercedes Benz C240” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Buna görə də “Mercedes Benz C240” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X2 istifadəsində olan “Mercedes Benz C240” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 02 mart 2022-ci il tarixdən 02 mart 2023-cü il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: 17 sentyabr 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 17 sentyabr 2022-ci il tarixdə Mingəçevir şəhərinin Samux küçəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan: 23 sentyabr 2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair qüsur aktının təsdiqlənmiş surətindən görünür ki, “Mercedes Benz 300D” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilinə (ehtiyat hissələrinə 850 manat, təmir bərpa işlərinə 450 manat olmaqla) cəmi 1300 (min üç yüz) manat ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli İAS222730 saylı “Sığorta ödənişi ilə bağlı aktı”n surətindən görünür ki, “Mercedes Benz 300D” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X3 1300 (min üç yüz) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 30 sentyabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 1300 (min üç yüz) manat məbləğdə pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Cavabdeh 02 mart 2022-ci il tarixdə "xxxx" ASC-də sığortalanmış “Mercedes Benz” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 sentyabr 2022-ci il tarixdə sürücülük hüququ olmadan Mingəçevir şəhərinin Samux küçəsi ilə idarə edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Mercedes Benz 300D” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərçəkənin avtomobilinə dəymiş 1300 (min üç yüz) manat məbləğində ziyan iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-cimaddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Mercedes Benz” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 300D” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 1300 (min üç yüz) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 33,40 manat (otuz üç manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrinin müddəalarını rəhbər tutaraq, qətetdim: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1300 (min üç yüz) manat pul və ödənilmiş 33,40 manat (otuz üç manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar