Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-10/2023 19.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,”Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli ******* saylı aktının və onun nəticələrinin etibarsız hesab edilməsi, 1036.80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə ay əvvəl yaşadığı mənzilə borc yazıldığının şahidi olmuşdur. Həmin borcdan yalnız bildiriş təqdim olunarkən məlumatı olmuşdur. Bununla bağlı Kürdəmir qaz idarəsinə müraciət etmişdir. Abonent kodu ilə yoxlanarkən xx.xx.2022-ci il tarixdə akt yazıldığını bildiriblər. Hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş ******* nömrəli akt etibarsız hesab edilməli, hesablanmış 1036.80 manat cərimə hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, hər ayın sonunda yaşadıqları əraziyə xidmət edən nəzarətçi gəlib küçədə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən istifadə etdiyi təbii qazın dəyərini ödəmək üçün ona bildiriş vermiş, həmin bildiriş əsasında işlətdiyi təbii qazın pulunu ödəmişdir. 2022-ci ilin sentyabr ayında cavabdehin əməkdaşları onun yaşadıqları əraziyə gələrək qaz sayğacını söküb, yerinə başqa sayğac qoyaraq ona imza etdirərək qaz sayğacını götürüb aparıblar. İstifadə etdiyi təbi qaza görə ona bildiriş təqdim olunarkən məlum olub ki, onun hesabına artıq pul yazılmışdır. Bildiriş təqdim edən nəzarətçidən borcunun necə yarandığını soruşduqda ona sayğaca müdaxilə etdiyinə görə barəsində akt tərtib edildiyi, müdaxilə nəticəsində itirilmiş təbii qazın dəyərinin 1036.80 manat məbləğində müəyyən edilərək ona borc kimi yazıldığı və həmin məbləği ödəməli olduğu bildirmişdir. Halbuki, onun barəsində akt tərtib edilməsindən xəbəri olmamış, sayğaca müdaxilə etməmiş, qaz sayğacının küçədə qoruyucu qutuya qoyulmadan quraşdırıldığı üçün qaz sayğacında yaranan problemə görə o, heç bir məsuliyyət daşımır. Bundan əlavə, onların yaşadıqları əraziyə xidmət göstərən qaz idarəsinin əməkdaşı olan nəzarətçi hər ayın sonunda qaz sayğacını yoxlamış və işlətdikləri qazın dəyərini verdiyi bildiriş üzrə ödəmişdir. Bu müddət ərzində nəzarətçi heç vaxt ona və ya ailə üzvlərinə sayğaca müdaxilə edilməsi barədə bir söz deməmişdir. Onun müraciəti əsasında Kürdəmir Qaz istismar idarəsi tərəfindən aktın surəti ona təqdim edilmiş, aktda guya həmin tarixdə onun iştirakı ilə evində quraşdırılmış qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik cızıq izlərinin olduğu aşkar edilmiş, bu barədə tərtib edilmiş aktı imza etməkdən imtina etdiyi qeyd olunub. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir rayonunun Yenikənd kəndində yerləşən, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış ELSTER tipli G-4 markalı **********0 nömrəli qaz sayğacı yeni G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. ELSTER tipli G-4 markalı **********0 nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli rəy əsasında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə abonentin evindəki qaz işlədicilərinin iş gücünə uyğun olaraq itirilmiş təbii qazın dəyəri hesablanaraq 1036.80 manat məbləğində müəyyən edilmiş və onun Kürdəmir Xidmət Sahəsindəki abonent hesabına borc kimi işlənmişdir. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə etmədiyini təsdiq edən hər hansı bir sübut təqim edilməmişdir. Qaz sayğacı açılarkən abonent iştirak etmişdir. Müdaxilə yalnız abonentin maraqları əsasında həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək və istifadə edilmiş qaza görə ödənişdən yayınmaq üçün edilir. Hesab edir ki, onların əməkdaşları yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq düzgün hərəkət etmiş, onların tərtib etdikləri akt qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi sonda iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -“Azəriqaz” İB-nin X5 istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -“Azəriqaz” İB-nin nümayəndələri H.Babayev, Ş.Mustafayev tərəfindən tərtib edilən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-cu il tarixli, ******* nömrəli aktda Kürdəmir rayon Yenikənd kəndində yerləşən iddiaçıya məxsus mənzilin qaz xətti üzərində, küçədə quraşdırılmış Elster tipli G-4 markalı **********0 nömrəli qaz sayğacın yeni zenner tipli G-4 markalı qaz sayğacı ilə əvəz edildiyi göstərilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın “Azəriqaz” İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri R.Mahmudov, X.Babaşov, A.Əhmədov tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına baxış keçirildiyi, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu və ev sahibi İddiaçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etdiyi göstərilir. - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyan 8640 m3 müəyyən edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış ELSTER tipli G-4 markalı **********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edildiyi, bununla bağlı akt tərtib edilmiş və həmin akt iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh tərəf təbii qazdan istifadə ilə bağlı borcun yaranması əsaslarını sübuta yetirə bilmədiyindən iddia təmin edilməli, “Azəriqaz” istehsalat birliyi X5 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 1036.80 manat borc məbləğinin silinməsi vəzifəsi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərinə qoyulmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” istehsalat birliyi X5 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin, həmin akta əsasən İddiaçı hesablanmış 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat borc məbləğinin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-10/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-10/2023
19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver