Məhkəmə qərarları › İş №2(041)-1181/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1181/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1181/2024 05.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4703 manat məbləğində borcun hesabından (abonent hesabı **********00920) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhərində yerləşən Qaçqın şəhərciyində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, istifadə etdiyi qazın dəyərini həmişə Qaçqın və Məcburi Köçkün İdarəsi tərəfindən ödənilmişdir. 2022-ci ilin may ayında qaz nəzarətçisi ona bildiriş verərkən borcunun 4703 manat olmasını görüb bununla bağlı Qaz İdarəsinə müraciət etmişdir. Heç vaxt qazla bağlı borcları olmamış və onlara borcla bağlı bildiriş verilməmişdir. Qaz İdarəsində ona borcunun əsasən 2010-2022-ci illərdə yarandığını bildirmişlər. O, Qaz İdarəsinin əməkdaşlarına borcun əsassız olduğunu və hesabından silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları həmin borcu onun hesabından silməmişlər. Nə üçün bu vaxtacan qazını kəsməmişlər sualı isə cavabsız qalmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən bu günə qədər ona bildiriş verilməmiş və borca görə yaşadığı mənzilə verilən qaz kəsilməmişdir. Onun Saldo üzrə bildirişdə 2021-ci lin sonuna qeyri-qanuni hesablanmış 4703 manat debitor borc silinməli olduğu halda silinməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o və ailə üzvləri Şuşa rayonundan məcburi köçkün kimi Kürdəmir rayonu ərazisində yerləşən qaçqın şəhərciyinə məskunlaşmışlar. Qaz sayğacı 2008-ci il tarixdə atasının adına rəsmiləşdirilməklə yaşadıqları evə quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qaçqın və məcburi köçkünlər üçün adam başına istifadə edilmiş qazın 36 kubmetri dövlət büdcəsi tərəfindən ödənilir. X2 14 nəfərdən ibarət ailə üzvləri istifadə edirlər. Cavabdeh İB-nin etdiyi elektron məlumat bazasından əldə etdiyi çıxarışda onun ailə üzvlərinin sayı 14 nəfər qeyd olunmalı olduğu halda, 8 nəfər şəxsin adı qeyd edilməklə dövlət büdcəsi tərəfindən 14 nəfər ailə üzvlərinin istifadə etdiyi qazın dövlət büdcəsi tərəfindən ayrılmış vəsaiti Cavabdeh İB tərəfindən mənimsənilmişdir. Bununla bağlı müxtəlif vaxtlarda Cavabdeh İB-yə şifahi müraciətlər etsə də, heç bir faydası olmamışdır. İstifadə etdiyi qazın pulu ödəməməyinə səbəb də dövlət tərəfindən ona və ailə üzvlərinə ayrılmış qaz pulunun Cavabdeh İB tərəfindən mənimsənilməsi olmuşdur. Əlavə olaraq, bildirilir ki, hər il Qaçqınların və X1 üzrə Dövlət Komitəsindən ailə tərkibinə uyğun arayış alaraq Cavabdeh İB-yə təqdim etmişdir. Evdə hazırda 14 nəfər yaşayırlar. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddiaçının cavabdehə 2021-ci ilin dekabr ayınadək borcu 4703 manat məbləğ təşkil edir. Bu iş materiallarına əlavə edilən Abonent saldosunda da əks olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən hər ay istehlak edilmiş qaza görə təbi qazın borcu ödənilmişdir. İstehlak edilmiş qaz üçün iddiaçının adına olan Abonent kodu üzrə 8 nəfər qeyd edilərək həmin şəxslərə uyğun güzəşt nəzərə alınmışdır. Yəni Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin etdiyi ödəniş 8 nəfər üçün nəzərdə tutulmuşdur. Ancaq işdə olan sənədlərdən görünür ki, digər məcburi köçkünlərin də istehlak etdiyi qaza görə sərfiyyat da İddiaçı məxsus **********00930 nömrəli Abonent hesabında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00920 nömrəli Abonent saldosundan görünür ki, 10.2010-cu il tarixdən 09.2023-cü il tarixə kimi olan dövr ərzində təbii qazdan istifadəyə görə 5578.39 manat borcunun olması göstərilmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (041)-1181/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşsında aşağıdaki suallar qoyulmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin iş materiallarında olan arayışlarında (iş səh.8-10) əlavə göstərilən məcburi köçkün statusu olan şəxslərin İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri (illər və aylar üzrə ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil edir ? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6719 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin iş materiallarında olan əlavə göstərilən məcburi köçkün statusu olan şəxslərin İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 3191,19 manat (4703,19- 1512) məbləğində müəyyən edilir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və 5.4-cü bəndlərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Habelə MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, həmin məcəllənin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd edilməlidir ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6719 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin iş materiallarında olan arayışlarında əlavə göstərilən məcburi köçkün statusu olan şəxslərin İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 3191,19 manat (4703,19- 1512.00) məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, işdə olan sübutlardan, habelə işin məhkəmə icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6719 saylı rəyindən görünür ki, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 3191,19 manat (4703,19- 1512.00) məbləğində təşkil edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hesabından 1512 manat məbləğində borc silinməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6719 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 1512 manat borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar