Məhkəmə qərarları › İş №2(041)-121/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-121/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-121/2024 08.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin əməkdaşları tərəfindən mərhum əri X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 301398 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən yazılmış 754 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, barəsində akt yazılmış şəxs iddiaçının mərhum əri X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onlar Ərəbqubalı kəndində yerləşən evlərində yaşayırlar. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyib və borcu olmayıb. 2023-ci il tarixdə ona mərhum həyat yoldaşı adına olan bildiriş veriləndə elektrik enerjisindən istifadəyə görə borcu olduğunu görmüşdür. Onlara borcunun olmadığını bildirsədə, heç bir nəticəsi olmamışdır. Ondan bir ay sonra Kürdəmir elektrik şəbəkəsinə müraciət edərək oradan barəsində yazılmış aktı tələb edib almışdır. Həmin akta tanış olarkən onun guya sayğacdan kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Halbuki, belə bir hal ümumiyyətlə mövcud olmamış, akt onun iştirakı olmadan tərtib edildiyi üçün bu barədə öz münasibətini bildirə bilməmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yalnız öz əməkdaşlarının iştirakı ilə onun sayğacına baxış keçirmiş və həqiqəqətə uyğun olmayan akt tərtib etmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 07.7.2023-cü il tarixli 301398 nömrəli akt etibarsız hesab edilməlidir.. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac küçədə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. Həmçinin akt tərtib olunarkən vəfat etmiş ərinin adına tərtib olunmuşdur. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi-Aran” RETSİ-nin Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonunun İsmayıllı kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən xx.xx.2023-cü il tarixlərdə İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Hər iki akt "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.32-ci bəndlərinə uyğun tərtib edildiyindən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları E.Vəliyrev, E.Qaraşov, C.Mahmudov, V.Mənəfov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 301398 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı T.Alcanovun həyətdə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək 0.70 kvt təşkil etdiyi müəyyən edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli AZİ 561560 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. - 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. - 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-cü il tarixli 301398 nömrəli akt tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.33-cü bəndinin tələblərinə əməl edilsə də, hesablaşma elektrik sayğacının mənzildə yox, həyətdə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə elektrik enerjisinə görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 70 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən enerjiyə adekvatlığına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma akt üzrə 30 gün götürülməklə, məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş elektrik enerjisinə görə xx.xx.2023-cü il tarixli 301398 nömrəli akt üzrə 31 manat (4.62 kvt x 24 saat x 30 gün =97.02 kvts, tarif-2328kvts x 0.13 man=302,70 man) əlavə hesabat aparılmalı, qalan 403,59 manat (706,29-302.70) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 301398 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 403.59 manat İddiaçı əri, xx.xx.2012-ci il tarixdə vəfat etmiş abonent X1 hesabından (abunə:**********00067) silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli R 301398 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 403.59 manat İddiaçı əri, xx.xx.2012-ci il tarixdə vəfat etmiş abonent X1 hesabından (abunə:**********00067) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar