Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-121/2025 13.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Kürdəmir rayonunun Carlı kəndi ərazisində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mərhum atası X6, mərhum anası X5, bacısı Cavabdeh və özünün adına verilmiş Kürdəmir rayonunun Carlı kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsi, mərhum atası və anasına məxsus həyətyanı torpaq sahəsində payların vərəsələr arasında bölünməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı X3 ərizəni müdafiə edərək bildirdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mərhum atası X6, mərhum anası X5, bacısı Cavabdeh və özünün adına Kürdəmir rayonunun Carlı kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Mərhum atası təsərrüfat rəhbəri olduğundan adına JN 080A KOD: 90608018 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilib. Atası Əzim xx.xx.2006-cı il tarixdə, anası Sədəf isə xx.xx.2011-ci il tarixdə ölmüşdür. Atası və anası öldükdən sonra həmin həyətdə bacısı Maral və o yaşayır. Hazırda bacısı Maral ilə aralarında həmin torpaq sahəsinə görə mübahisə düşüb. Onlar həmin torpaq sahəsində paylarının müəyyən olunmasını istəyirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 09.2002-ci il tarixli, JN-80A nömrəli, KOD 90608018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Kürdəmir rayonunun Carlı kənd sakinləri X6 və onun ailə üzvləri X5, Cavabdeh və İddiaçı mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsi verilib. İş materiallarında olan, AZ-İ 189059 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə ölmüşdür. İş materiallarında olan, AZ-İ 478024 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 842 nömrəli məktubdan görünür ki, mirasın qəbul müddəti ötürüldüyündən, digər vərəsələrin mirasın qəbul etməsinin müəyyən edilməsi mümkün olmadığından və vərəsələr arasında ixtilaf olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X6 və mərhum X1 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli, JN-80A nömrəli, KOD 90608018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında X6, X5, Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətinə Kürdəmir rayonunun Carlı kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsi verilmiş, iddiaçının atası X6 xx.xx.2006-cı il tarixdə, anası X5 isə xx.xx.2011-ci il tarixdə ölmüşdür. İddiaçının atası və anası öldükdən sonra həmin həyətdə bacısı Cavabdeh və o yaşayır. İddiaçı bacısı ilə aralarında həmin torpaq sahəsində paylarının müəyyən olunmasını istəyir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın qanun üzrə vərəsələri olan uşaqları Cavabdeh və İddiaçı mirası, yəni Kürdəmir rayonunun Carlı kəndindı yerləşən həyətyanı torpaq sahəsini qanun üzrə vərəsə olaraq qəbul etmişlər. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsələr Kürdəmir rayonunun Carlı kəndində yerləşən həyətyanı torpaq sahəsini qəbul etmələrinə dair ərizə verməsə də, həmin əmlakı faktiki olaraq idarə etməyə başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, miras qalmış mübahisəli torpaq sahəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsində isə Cavabdeh vərəsəlik hüququ tanınmalıdır. Belə ki, MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X6 və X2 ölümündən sonra miras qalmış Kürdəmir rayonunun Carlı kəndi ərazisində olan həyətyanı torpaq sahəsinin Cavabdeh və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin torpaq sahəsinin ½ hissəsində İddiaçı, digər ½ hissəsində Cavabdeh payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının Kürdəmir rayonunun Carlı kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair 2002-ci il tarixli, JN-80A nömrəli, KOD 90608018 olan şəhadətnamə əsasında X6 və X1 miras qalan həyətyanı torpaq sahəsinin ½ hissəsində İddiaçı, digər ½ hissəsində Cavabdeh payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-121/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-121/2025
13.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver