Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-133/2025 23.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı X1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli AKT 200931 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 308 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirəköcə kəndində yaşayır. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyib və borcu olmayıb. Sonuncu dəfə bildiriş təqdim olunarkən abonent kodunu yoxlamış və artıq borc yazıldığının şahidi olmuşdur. Bu onu narhat etdiyi üçün cavabdeh təşkilata getmiş və borcun necə yaranmasını soruşmuşdur. Barəsində tərtib edilmiş aktı tələb etmiş, aktı aldıqdan sonra xx.xx.2020-ci il tarixdə 308 nömrə akt və akt əsasında 308 manat cərimə yazılmasının şahidi olmuşdur. Həmçinin aktla tanış olarkən sayğacdan kənar xəttdən istifadə etməsi barədə akt yazıldığını şahidi olmuşdur. Halbuki, belə bir hal ümumiyyətlə mövcud olmamış, akt onun iştirakı olmadan tərtib edildiyi üçün bu barədə öz münasibətini bildirə bilməmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yalnız öz əməkdaşlarının iştirakı ilə onun sayğacına baxış keçirmiş və həqiqəqətə uyğun olmayan akt tərtib etmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 200931 nömrəli aktın etibarsız hesab edilməli, həmin akta əsasən hesablanmış 308 manat cərimə onun borc hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac həyətdə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. Akt cavabdehin nümayəndələrindən tələb edərkən 90 gün itirilmiş enerjinin onun hesabına yazıldığının şahidi olmuşdur. Həmçinin akt tərtib olunarkən vəfat etmiş atasının adına tərtib olunmuşdur. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2020-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi-Aran” RETSİ-nin Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonunun Pirəköçə kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən xx.xx.2020-cü il tarixdə iddiaçı X1 da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifad əetdiyi məlum olmuşdur. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək müəyyən edilmiş, xx.xx.2020-cü il tarixli 200931 nömrəli akt tərtib edilərək 308 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.32-ci bəndlərinə uyğun tərtib edildiyindən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin əməkdaşları M.Heybətov, E.Qaraşov, V.Mənsimov tərəfindən tərtib edilmiş xx.xx.2020-cü il tarixli 200931 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Pirəköcə kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı X1 həyətdə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. - abunə haqqında məlumatdan görünür ki, Kürdəmir rayonu, Pirəköcə kəndində yaşayan X3 barəsində tərtib edilmiş aktda 301.17 (126.0+181.17) manat əlavə hesablama aparılmışdır. - İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarda xx.xx.2020-ci il tarixdə sayğacdan kənar xətlə elektrik enerjisindən istifadə edilməsinə görə Kürdəmir rayonu, Pirəköcə kəndində yaşayan X3 barəsində tərtib edilmiş protokola əsasən İXM-nin 282.1-ci maddəsi üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2020-cü il tarixli 200931 nömrəli aktın “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsinin və "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.17-2-ci bəndinin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edilməklə yanaşı, cavabdeh tərəf iddiaçının sayğacdan kənar xətlə elektrik enerjisindən istifadə etməsini təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-cü il tarixli 200931 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 307.17 manat iddiaçı X1 hesabından silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R 200931 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 307,17 (üç yüz yeddi manat 17 qəpik) manat iddiaçı X1 hesabından silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-133/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-133/2025
23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver