Məhkəmə qərarları › İş №2(041)-1380/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1380/2024

01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1380/2024 01.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, 3110.40 manat cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən ona yazılmış 3110.40 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı hər ay təbii qazdan istifadəyə görə olan borcunu vaxtında ödəyib. xx.xx.2023-cü ildə tarixdə ******* nömrəli akt tərtib edilməsinin şahidi olmuşdur. Baxış zamanı qaz sayğacından kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu ilə bağlı akt tərtib olunmuş və işlədicilərinin gücünə uyğun olaraq qaz sərfiyyatı hesablanaraq iddiaçının hesabına vurulmuşdur. İddiaçı akta göstərilənlərlə razılaşmayaraq hazırki tələblərlə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, yaşadıqları evin abunə kodu onun adına olmuşdur. Evdə istifadə edilən təbii qazın haqqını küçədə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hər ayın sonunda yaşadıqları əraziyə xidmət edən nəzarətçinin təqdim etdiyi bildiriş əsasında ödəmişdir. 2023-cü ilin oktyabr ayında cavabdehin əməkdaşları ünvana gələrək qaz sayğacını baxış keçirmişlər. Sayğaca baxış keçirərkən kənar xəttdən istifadə etməsini ona bildirmişlər. Halbuki, belə bir hal baş verməyib. Həmçinin cavabdehin nümayəndələri sayğaca hər ay baxış keçirmiş, həmin müddət ərzində qanunsuz xətt aşkar olunmayıb. Həmçinin tərtib edilmiş akt 2020-cildə vəfat etmiş atasının adına yazılmışdır. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış ZENNER tipli G-4 markalı smart tipli **********736 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı qaz sayğacından kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu ilə bağlı akt tərtib olunmuş və işlədicilərinin gücünə uyğun olaraq 3110.40 manat qaz sərfiyyatı hesablanaraq iddiaçının hesabına vurulmuşdur. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə etmədiyini və qaz sayğacından kənar ayrıca xəttdən istifadə etməməsi barədə təsdiq edən hər hansı bir sübut təqim edilməmişdir. Qaz sayğacı açılarkən abonent iştirak etmişdir. Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək və istifadə edilmiş qaza görə ödənişdən yayınmaq üçün edilir. Hesab edir ki, onların əməkdaşları yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq düzgün hərəkət etmiş, onların tərtib etdikləri akt qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi sonda iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “Azəriqaz” İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri P.Rəsulov, V.Qəhrəmanov, E.Namazov tərəfindən istehlakçının iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı smart tipli **********736 nömrəli qaz sayğacına baxış keçirildiyi, baxış zamanı abonent tərəfindən qaz xəttindən qeyri-qanuni istifadə etdiyi etdiyi, təbii qaz itkisinin yarandığı müəyyən edildiyi və ev sahibi Məmmədov Rafiq bu barədə tərtib edilmiş akta imza etməmişdir. İşdə olan AZİİ 064715 nömrəli ölüm haqqında şhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-cu ildə ölmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış ZENNER tipli G-4 markalı **********736 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar xəttdən istifadə etdiyi müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, qeyd edilən nöqsanlar aradan qaldırılmış və qaz sayğacının göstəriclərinə uyğun olaraq hesablama aparılmışdır. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-ci il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 30 gün götürülməklə sutkanın 24 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 518,40 manat (3110.40:12=259.20*2) əlavə hesabat aparılmalı, qalan 2592 manat (3110.40- 518.40) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 2592 manat İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “Azəriqaz” istehsalat birliyi X4 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat İddiaçı hesabından silinsin. X1 45,92 (qırx beş manat doxsan iki qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar