Məhkəmə qərarları › İş №2(041)-1455/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1455/2024

10.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1455/2024 10.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh, xx.xx.2016cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X5 mülkiyyət hüququ ilə İddiaçı məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X5 mülkiyyət hüququ ilə İddiaçı məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Kürdəmir rayonunun Atakişili kəndində yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun adına mənzilə dair verilmiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi və texniki pasport vardır. Cavabdehlə iddiaçının oğlu xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2016cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. Cavabdehlə ailə münasibətlərini davam etdirə bilmədiklərindən Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2335/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X5 ananın himayəsinə verilməsi qət edilmişdir. Nikahın pozulması məhkəmə qətnaməsi əsasında Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin vaxt cavabdeh iddiaçının mənzilini tərk etmiş və atası evinə getmişdir. Sonra isə xx.xx.2022-ci il tarixli, 2(041)-1808/2022 saylı qətnamə ilə iddiaçının hal-hazırda mülkiyyətində olan evə köçürülmüşdür. Cavabdeh iddiaçının hal-hazırda mülkiyyətində olan evində əsassız yerə mübahisələr salır, əsassız iddialarla məhkəməyə müraciət edir, dəfələrlə 102-yə əsassız zənglər edir və iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdeh mənzildən könüllü çıxmadığı üçün iddiaçı məhkəməyə müraciət etməklə hüququnu bərpa etmək məcburiyyətində qalmışdır. İddiaçının mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli çıxarış alınmışdır. Cavabdeh sözügedən fərdi yaşayış evində qeydiyyatda deyildir və İddiaçı ailə üzvü deyildir və qohumluq əlaqələri xx.xx.2021-ci il tarixli, 2(041)-2335/2021 saylı qətnamə ilə xitam verilmişdir. Sözügedən qətnamə çıxarılan zaman mübahisə predmeti olan tikinti qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnun tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi və buna əsaslar olduğu halda həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanıla bilər. Ona görə də mübahisə predmeti olan evə cavabdehin istifadə hüququ həmin evə daimi deyil, müəyyən müddətdə olmalıdır. Bu şəxsin artıq onun mənzilində yaşamasını istəmir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçının oğlu X6 ilə 2016-cı ildə rəsmi nikaha daxil olaraq Kürdəmir rayonunun Atakişili kəndində olan fərdi yaşayış evinə gəlin köçərək yaşamışdır. Cavabdehlə ailə münasibətlərini davam etdirə bilmədikləri üçün Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu ilə arasındakı nikah pozulmuş və iki övladı ilə birlikdə atası evinə çıxıb getmişdir. Sonra isə xx.xx.2022-ci il tarixli, 2(041)- 1808/2022 saylı qətnamə ilə iddiaçının hal-hazırda mülkiyyətində olan evə köçürülmüşdür. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəli Kürdəmir rayonu Atakişili kəndi ərasizində yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X5 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2(041)-1808/2022 saylı qətnamədən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə cavabdehlər X6, X2 və İddiaçı məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 04 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə küçürülməsi qət edilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh iddiaçının oğlu ilə 2016-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2335/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra da cavabdeh atasının evinə çıxıb getmişdir. Sonra isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 1808/2022 saylı qətnaməsi ilə cavabdeh iddiaçının hal-hazırda mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 04 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə köçürülmüş, iddiaçının mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışla rəsmiləşdirilmişdir. Hazırda iddiaçı cavabdehin onun evindən çıxarılmasını tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh iddiaçının oğlu ilə 2016-cı ildə nikah münasibərlərinə daxil olaraq mübahisəli evə gəlin olaraq həmin tarixdə köçdüyündən, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən, şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Bunlara şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaq arı və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkıyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” cümləsində mülkiyyətçinin razılığı dedikdə də məhz mülkiyyətçi ilə “digər ailə üzvləri” arasında notariat qaydada bağlanaraq rasmi reyestrdə qeydə alınmalı olan yazılı müqavilə nəzərdə tutulur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. Qeyd olunduğu kimi, hazırkı iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin yəni keçmiş qaynanasının ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bu baxımdan da cavabdeh həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 286.60 kv. m. olan fərdi yaşayış evində istifadə hüququ yaranmamışdır. Cavabdeh nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Cavabdehin bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda görünür ki, cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə düşür. Hazırki iş üzrə Cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərvaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Ona görə də iddia tələbi təmin edilməklə, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 aid hissədə isə qeyd edir ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. X9 və X10 yetkinlik yaşına çatmamış olmaqla anasının, hazırki iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Belə olan halda onlar cavabdehlə bərabər mənzildən çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 rayonunun Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalıdırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar