Məhkəmə qərarları › İş №2(041)-147/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-147/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-147/2025 09.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, 3110.40 manat cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir qaz idarəsində **********04530 nömrəli hesabla qeydiyyatdadır. Qaza görə borcunu hər ay ödəmişdir. İl ərzində təxminən 200-250 manat civarında qazdan istifadə edir. Yaşadığı Şıxımlı kəndi ərazisində qaz tamamilə zəif olduğundan 2020-ci ildən 2024-cü ilin əvvəlinə qədər evdə balon qazından istifadə etmişdir. Balon qazı təhküləli olduğu üçün evdən kənarda açıq bir sahədə balon qazını qoymuşdur. Həmin balon qazından evə şlankla çəkərək istifadə edir. xx.xx.2023-cü il tarixdə qaz idarəsinin bir neçə nəfər işçisi onun yaşadığı ünvana gəlib, qazı yoxlamışlar. Heç bir əlavə xətt tapa bilməmişlər. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3110.40 manat borc məbləğinin hesabında silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, sonradan balon qazından çəkdiyi qaz şlankını açaraq əlavə xətt olduğunu, o isə bunun qaz balonuna aid olduğunu bildirmişdir. Sonradan onun heç bir məlumatı olmadan xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edib, guya həmin aktda o imza atmaqdan imtina etmişdir. Aktı isə xx.xx.2014-cü il tarixdə vəfat etmiş anası Qurbanova Sahibənin adına yazıblar. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsini və iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “Azəriqaz” İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri A.Eyyubov, E.İsmayılov, Ü.Babaşlı tərəfindən istehlakçının oğlu İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4T DİAFRAQMA markalı 10256066 nömrəli qaz sayğacına baxış keçirildiyi, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ev sahibinin oğlu İddiaçı bu barədə tərtib edilmiş akta imza atmaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli (AZ-İ, № 993533) ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən X2 məxsus evdə quraşdırılmış G4T DİAFRAQMA markalı 10256066 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 30 gün götürülməklə sutkanın 12 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 259.20 manat (3110.40:12=259.20*1) əlavə hesabat aparılmalı, qalan 2851.20 manat (3110.40- 259.20) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 2851.20 manat istehlakçı X1 hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “Azəriqaz” istehsalat birliyi X6 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 2851.20 (iki min səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat X1 hesabından (abonent kodu:**********04530) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar