Məhkəmə qərarları › İş №2(041)-159/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-159/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-159/2025 19.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilməklə cavbdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə aid olan **********00470 nömrəli abonent hesabına hesablanmış 767.63 manat məbləğində borcun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün olmaqla, öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adına olmaqla qanuni şəkildə təbii qazdan istifadə edir və istifadə etdiyi təbii qazın dəyərini hər ay vaxtında ödəyir. Təbii qazdan istifadəyə görə heç vaxt borcu olmamışdır. xx.xx.2016-cı il tarixdə istifadə etdiyi qaz sayğacı dəyişdirilərək əvəzində smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Təxminən 15 gün bundan əvvəl qaz pulu ödənilməsi üçün istifadə etdiyi karta qaz pulu yükləyəndə ondan əlavə pul tutulduğunu görmüş və bunun səbəbini öyrənmək üçün "Azəriqaz” İB-nin Kürdəmir Xidmət sahəsinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, smart kart tipli qaz sayğacı quraşdırılana kimi istifadə etdiyi qaza görə guya 767,63 manat borcu olmuş və hazırda karta yüklədiyi qaz pulundan həmin borca görə əlavə pul tutulur. Bundan sonra o, qaz idarəsindən 2023-cü ilin noyabr ayında aldığı smart sayğaclı abonent məlumatını cavabdeh təşkilatın əməkdaşlarına göstərib borcun onun məcburi köçkün olmağı nəzərə alınıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli qərarına əsasən silindiyini bildirsə də, onlar onunla razılaşmamış və həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Təbii qazdan istifadəyə görə əsassız olaraq onun abonent hesabında qalan 767,63 manat borca görə ondan artıq pul tutulması məcburi köçkün olaraq onun maddi vəziyyətini ağırlaşdırır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia edərək bildirdi ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla ünvan 2 ünvanında yaşayır. Məcburi köçkün olduğuna görə ona qaçqın limiti ayrılmışdır. Cavabdeh qurumun nümayəndələri tərəfindən yazılmış məbləğ artıq hesablanmışdır. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -“Azəriqaz” İB-nin X7 istismarı idarəsi ilə istehlakçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixdə, 155 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X4 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2016-cı il tarixli ******* nömrəli aktın “Azəriqaz” İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri H.Babayev, E.Əhmədov, B.Rəsulov və Q.Yusubov tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, G4-T markalı, Smart tipli 1502AZ**********76 zavod nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. -İş materiallarında olan AA 059735 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. -Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 162 nömrəli və xx.xx.2023-cü il tarixli, 1408 nömrəli arayışlardan görünür ki, İddiaçı Ağdam rayonunda qeydiyyatda olmaqla hazırda ünvan 2 ünvanında yaşayır. -Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 86/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı istehlakçıya məxsus abonent saldosu təhlil olunarkən təbii qazdan İstifadəyə dair sayğacla müəyyənləşən 744.53 manat debitor borcun yarandığı və yaşadığı ünvanda məcburi köçkün sayının 2 nəfər qeyd edildiyi məlum olmuşdur. Həmçinin, Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışda istehlakçının 2008-ci ildən həmin ünvanda yaşadığı göstərilmişdir. 24 yanvar 2017-ci il tarixə qədər məcburi köçkünlər üçün müəyyən edilmiş təbii qazın limit həcmi (məbləğı) istehlakçı İddiaçı və məcburi köçkün statusuna malik olan ailə üzvlərinə şamil edilməmişdir. Belə ki, faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün həmin dövr ərzində istehlak olunan təbii qaz üzrə limit adambaşına illik 420 m³ müəyyən edilmişdir. 2010-cu ildə "Azəriqaz" İB-də AGİS (X1 Sistemi) proqramının yaradılması ilə əlaqədar istehlakçının 2010-cu ilin oktyabr ayına qədər olan 83.08 manat borc məbləği sözügedən proqramda öz əksini tapmışdır. Odur ki, 2010-cu ilin oktyabr ayından 2016-cı il yanvar ayınadək dəyəri 588 manat olan 5880 m³ (1 (bir) m³ üçün 0.10 manat) qaz limitinin istehlakçıya şamil olunmadığı məlum olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10221 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin iş materiallarında olan arayışlarda əlavə göstərilən məcburi köçkün statusu olan şəxslərin İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi" Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2016-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 179,63 manat (767,63 – 588,00) məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cü bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1.1-bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi" Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2016-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 179,63 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə aid olan **********00470 nömrəli abonent hesabına hesablanmış 588 manat istehlakçı İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc 100 (yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “Azəriqaz” istehsalat birliyi X7 İstismari İdarəsinin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə aid olan abonent hesabına hesablanmış 588 (beş yüz səksən səkkiz) manat istehlakçı İddiaçı hesabından (abonent kodu: **********00470) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT Bik: CTREAZ22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar