Məhkəmə qərarları › İş №2(041)-1622/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1622/2024

11.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1622/2024 11.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən barəsində tərtib olumuş xx.xx.2024-cü il tarixli 339952 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 508.42 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə yaşadığı evdən xeyli məsafədə elektrik sayğacı quraşdırılmışdır. Bu baxımdan onun həmin elektrik sayğacına nəzarət etməyi və elektrik sayğacından kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməyi qeyri mümkündür. 2024-cü ilin iyun ayında istifadə etdiyi elektrik enerjisinin pulunu ödəyəndə ona artıq pul yazıldığın görmüş və bunun səbəbini öyrənmək üçün Kürdəmir rayon Elektrik şəbəkəsinə müraciət etmişdir. Orada barəsində xx.xx.2024-cü il tarixdə 339952 nömrəli akt tərtib edildiyini və artıq pulun həmin akta əsasən hesablandığı bildirilmişdir. Bundan sonra o, barəsində yazılmış xx.xx.2024-cü il tarixli, AKT R 339952 nömrəli akt və adına olan Abonentin saldosunu almışdır. xx.xx.2024-cü il tarixli, AKT R 339952 nömrəli aktda guya sayğacdan kənar həyətyanı sahədən keçən 0.4 kv-luq hava xəttindən kənar xətt çəkərək elektrik enerjisindən birbaşa istifadə etdiyi qeyd edilmiş və həmin akta əsasən ona 508.42 manat məbləğində qanunsuz borc hesablanmışdır. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 339952 nömrəli akt etibarsız hesab edilməli, həmin akta əsasən hesablanmış 508.42 manat cərimə onun borc hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli, 339952 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilməklə həmin akta əsasən ona 508.42 manat borc qanunsuz hesablanıb. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" ASCnin X1 əməkdaşları 13 may 2024-cü il tarixdə İddiaçı həyətyanı sahəsindən keçən 0.4 kvt-luq hava xəttindən sayğacdan kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etməsi faktına görə barəsində xx.xx.2024-cü il tarixli 339952 saylı akt tərtib etmiş və həmin pozuntunun video çəkilişi aparılmışdır. Video disk məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasına təqdim olunmuşdur. İddiaçının kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etməsi faktı təsdiq olunmuşdur. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli 339952 nömrəli aktdan görünür ki, Kürdəmir rayonu Çöl-Ərəb kəndində EEİQ-na riayət edilməsinin vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, İddiaçı həyətdə yerləşən sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş diskə baxış keçirilərkən Kürdəmir rayonu Çöl-Ərəb kəndində İddiaçı həyətdə yerləşən sayğacdan kənar xəttdən istifadə etdiyi təsdiq olunmuş, məhkəmə iclasında iddiaçı həmin halı mübahisələndirilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbləri rədd edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. - 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2024-ci il tarixli 339952 nömrəli akt tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.33-cü bəndinin tələblərinə əməl edilmiş, itirilən enerjinin bərpası ilə bağlı yenidən hesablaşma düzgün aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-ci il tarixli 339952 nömrəli aktın tərtib edilməsinə əsas səbəb iddiaçının Kürdəmir rayonun Çöl Ərəb kəndində yerləşən evində sayğaca daxil olan giriş xəttinin yuxarı hissəsindən birbaşa qoşularaq evə daxil olması olmuşdur. İddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi aparılmış çəkilişlə və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar