Məhkəmə qərarları › İş №2(041)-1646/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1646/2025

21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1646/2025 21.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə sahəsində iddia müddəti ötürüldüyünə görə, hesaba vurulmuş pulun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən təbii qazdan istifadəyə görə yaranmış 1981,22 manat borcdan ödənilməmiş qalan 1724,78 manat məbləğin iddia müddəti ötürüldüyü üçün həmin məbləğin, yəni 1724,78 manatın istifadə kodundan silinməsi xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı oğlu, qızı və qızının 6 nəfər övladı ilə birlikdə Kürdəmir şəhəri, Koroğlu küçəsi, bina 62, mənzil 16-da yerləşən 1 otaqlı, 19.8 kv.metr sahəsi olan kommunal mənzildə yaşayır. Mənzildə 4 gözlü qaz plitəsindən və bir qızdırıcı qurğudan istifadə olunur. Ailədə 2021-ci ilin yanvar ayının 1-nə 2 nəfər əmək qabiliyyətli şəxs, o cümlədən o və 6 övladı olan qızı Aynur olmuş və hər ikisinin daimi iş yeri olmadığından ailənin gəliri yalnız nəvələrinə verilən sosial müavinətlər təşkil etmişdir. Bu səbəbdən həmin dövrə istifadə etdikləri təbii qaza ödənişləri tam həcmdə ödəyə bilməmiş və xx.xx.2021-ci il tarixə 1981,22 manat borc əmələ gəlmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi istifadə etdikləri təbii qaza görə ödənişləri vaxtında icra etmiş, həmçinin xx.xx.2021-ci il tarixə olan borcdan 256,44 manat ödəmişdir. Hazırda, xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci ilə qalmış borcdan 1724,78 manatı ödənilməmiş qalmışdır. Son 2 aydır ki, Kürdəmir rayon qaz istismarı idarəsinin nəzarətçiləri onu bu borca görə tez-tez narahat edir və təbii qazın verilməsinin dayandırılacağını bildirirlər. Bu səbəbdən də xx.xx.2021-ci il tarixə olan 1981,22 manat borcdan ödənilməyən, 1724,78 manat borcun iddia müddətinin keçdiyi üçün hesabından silinməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd edilən borc uzun illər toplanmış və iddia müddəti keçmiş məbləğlərdən ibarətdir. Ödəniş qəbzlərini saxlamadığı üçün məhkəməyə təqdim edə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş; - Cavabdeh İB-nin Ağsu Regional qaz istismarı idarəsi (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. - abonentin saldosundan görünür ki İddiaçı 2024-cü ilin dekabr ayına kimi 1741.58 manat borcu olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Hazırki iş üzrə aparılan araşdırmalar zamanı iddiaçıya sayğacın göstəricilərindən artıq qaz pulunun yazılması, cərimə edilməsi və sair hallar müəyyən edilmədi, iddiaçı isə həmin halları təkzib edən hər hansı sübutunu məhkəməyə təqdim edə bilmədi. Bundan əlavə, işə əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının 2010ci ilin dekabr ayının sonuna 61.92 manat, 2011-ci ilin dekabr ayının sonuna 177.92 manat, 2012-ci ilin dekabr ayının sonuna 325.92 manat, 2013-cü ilin dekabr ayının sonuna 435.92 manat, 2014-cü ilin dekabr ayının sonuna 626.92 manat, 2015-ci ilin dekabr ayının sonuna 891.62 manat, 2016-ci ilin dekabr ayının sonuna 1119.62 manat, 2017-ci ilin dekabr ayının sonuna 1444.52 manat, 2018-ci ilin dekabr ayının sonuna 1687.52 manat, 2019-cu ilin dekabr ayının sonuna 1896.62 manat, 2020-ci ilin dekabr ayının sonuna 1945.92 manat, 2021-ci ilin dekabr ayının sonuna 1949.98 manat, 2022-ci ilin dekabr ayının sonuna 1851.62 manat, 2023-cü ilin dekabr ayının sonuna 1754.78 manat, 2024-cü ilin dekabr ayının sonuna 1741.58 manat debitor borcu olmuşdur. Göründüyü kimi iddiaçının 2024-ci ilin dekabr ayına olan borcun bir hissəsi əvvəlki illərə aid edilsə də, göstərilən illər üzrə ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında gəldiyi nəticəyə görə: - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Hazırki iş üzrə də, iddiaçının müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri, yəni istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməməsi səbəbindən yaranmış borcun iddia müddəti tətbiq edilməklə onun hesabından silinməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə sahəsində iddia müddəti ötürüldüyünə görə, hesaba vurulmuş pulun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar