Məhkəmə qərarları › İş №2(041)-1765/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1765/2025

16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1765/2025 16.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ilin aprel ayında təbii qazdan istifadəyə görə yaranmış 404,22 manat məbləğın iddia müddəti ötürüldüyü üçün həmin məbləğin və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın ləğv edilərək, həmin akta əsasən hesablanmış 777,60 manat məbləğin abonentin saldo hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, hazırda həyat yoldaşı ilə birgə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır və təbii qazdan istifadə üzrə abonent kodu **********00400-dir. 2016-cı ildə ailə büdcəsindəki gərginliklə əlaqədar 2016-cı ilə təbii qazdan istifadə üzrə 404,22 manat borcu yarandığına görə qaz xətti kəsilmişdir. Bundan sonra təbii qazın bərpası ilə əlaqədar olan müraciətləri nəticəsiz qalmışdır. 25 sentyabr 2023-cü ildə isə onun iştirakı ilə qaz işçiləri yaşadığı ünvana gəlib istifadəsində olan ******* nömrəli qaz sayğacını söküb aparıblar. Bu zaman heç bir akt tərtib etməmiş və sayğacda olan hər hansı çatışmamazlıqların olması barədə ona məlumat verməmişlər. Qazın verilişi sahəsindəki ardıcıl müraciətləri əsasında 2025-ci ilin iyun ayında xx.xx.2023-cü il tarixli ******* nömrəli AKT və həmin AKT-a əsasən hesablanmış 6480 m² həcmində 777,60 manat məbləğində dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə va abonent saldosu təqdim olundu və həmin sənədlər əsasında ona məlum olub ki, 2016-cı ilə təbii qazdan istifadəyə görə yaranmış 404,22 manat bore Aazərbaycan Respublikası Mülki Məcəlləsinin 373 2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunduğundan, hesabından silinməlidir. 25.09 2023-cu ildə ona məxsus qaz sayğacının nasaz olması barədə tərtib edilmiş və 2025-ci ilin iyun ayında ona təqdim olunmuş ******* nömrəli aktda qeyd olunur ki, güya qaz sayğacının hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik izləri var. Əslində isə xx.xx.2023-cü ildə onun iştirakı ilə ona mənsub qaz sayğacı götürülərkən. sayğacda heç bir əzik müşahidə edilməmiş, bu zaman ona əzik barədə məlumat verilməmişdir. Sonradan tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda onun imzasının olmaması da sayğacda əziyın sonradan baş verməsini sübut edir. Həmçinin sonradan tərtib olunmuş aktda əziyın olması qeyd olunsa da, bu əziyin sayğacdan kənar qazın istifadə edilməsi barədə aktın nəticə hissəsində heç bir fikir qeyd olunmamışdır. Buradan belə bir nəticəyə gəlinir kı, sonradan onun iştirakı olmadan tərtib olunmuş akt ləğv edilməli və həmin aktın əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, istifadə etdiyi təbi qaza görə ona bildiriş təqdim olunarkən məlum olub ki, onun hesabına artıq pul yazılmışdır. Halbuki, onun barəsində akt tərtib edilməsindən xəbəri olmamış, sayğaca müdaxilə etməmiş, qaz sayğacının küçədə qoruyucu qutuya qoyulmadan quraşdırıldığı üçün qaz sayğacında yaranan problemə görə o, heç bir məsuliyyət daşımır. Bundan əlavə, onların yaşadıqları əraziyə xidmət göstərən qaz idarəsinin əməkdaşı olan nəzarətçi hər ayın sonunda qaz sayğacını yoxlamış və işlətdikləri qazın dəyərini verdiyi bildiriş üzrə ödəmişdir. Bu müddət ərzində nəzarətçi heç vaxt ona və ya ailə üzvlərinə sayğaca müdaxilə edilməsi barədə bir söz deməmişdir. Onun müraciəti əsasında Kürdəmir Qaz istismar idarəsi tərəfindən aktın surəti ona təqdim edilmiş, aktda güya qaz sayğacının hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik izləri var. Əslində isə xx.xx.2023-cü ildə onun iştirakı ilə ona mənsub qaz sayğacı götürülərkən sayğacda heç bir əzik müşahidə edilməmiş, bu zaman ona əzik barədə məlumat verilməmişdir. Sonradan tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda onun imzasının olmaması da sayğacda əziyın sonradan baş verməsini sübut edir. Cavabdeh qurum olan Azəriqazın Kürdəmir qaz İdarəsinin işçiləri onlara verilmiş hüquqlardan sui istifadə edərək qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarımı kobud şəkildə pozmuşlar. O aktlarla razı deyil, həmin aktlar qanunsuz tərtib edilib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Saxtakarlıq isə budur ki, əgər o qaz sayğacına müdaxilə etmişsə yalnız sayğac açılana qədər etmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X.R.Əlizadə elektron ərizə ilə məhkəməyə müraciət edərəkə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Cavabdeh İB-nin X3 istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri Ş.Rəhimov, N.Mahmudov, Ş.Mustafayev tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixlərdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı ******* nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu və təbii qaz itkisinin yaranması aşkar olunmuş və ev sahibi İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. - dəymiş ziyanın bərpasına dair tələbnamədə istifadə edilmiş qazın dəyəri 90 gün müddətində və sutkanın 12 saat ərzində yararlanması nəzərə alınaraq, dəymiş ziyan 6480 m3 hesablanmışdır. - abonentin saldosunda 2020-2025-ci illərdə qazın sərfi qrafasında göstərici “0” göstərilmişdir. İş materiallarına eyni zamanda qazın alqı-satqı müqaviləsi, xəbərdarlıq məktubu, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər əlavə edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırki iş üzrə iddiaçı 2 tələblə məhkəməyə müraciət etmişdir: 1) , 2016-cı ilin aprel ayında təbii qazdan istifadəyə görə yaranmış 404,22 manat məbləğın iddia müddəti ötürüldüyü üçün silinməsi və 2) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın ləğv edilərək, həmin akta əsasən hesablanmış 777,60 manat məbləğin abonentin saldo hesabından silinməsi. Birinci tələblə bağlı məhkəmə qeyd edir ki, MM-nin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Hazırki iş üzrə də, iddia müddəti vaxtaşırı ödənişlər haqqında tələblərə aid edilməsinə baxmayaraq, tələb hüququ cavabdeh quruma aiddir. Əgər “Azərqaz” İB tərəfindən yaranmış borcun tələb edilməsi ilə bağlı iddia verilərdisə, onda verilmiş tələbə qarşı iddia müddətinin tətbiq edilməsi cavabdehin verdiyi ərizə əsasında tətbiq edilməsi məsələsinə baxıla bilərdi (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bundan əlavə, abonentin saldosunda 2016-cı ilin aprel ayında ayın əvvəlinə borc 399.32 manat göstərilmiş, həmin məbləğdən həmin ay 4.90 manat, 2018-ci ilin yanvar ayına borc 404.22 manat göstərilmiş, həmin məbləğdən həmin ay 1.20 manat, 2021-ci ilin noyabra ayına borc 405.42 manat göstərilmiş, həmin məbləğdən həmin ay 2.40 manat ödəniş edilmiş, 2024-cü ilin iyun ayına borc 1185.42 manat göstərilmiş, ödəniş edilməmişdir. Qalan illər və aylar üzrə qaz sərfi “0” göstərilmişdir. Yəni vaxtaşırı ödənişlər aparıldığı üçün bu iş üzrə hazırki vəziyyətdə iddia müddətinin başlandığı vaxt kimi 2024cü ilin iyun ayı hesab olunur. İşin göstərilən hallarına görə, bu hissədə iddia rədd edilməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 777,60 manat məbləğin abonentin saldo hesabından silinməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan məlum olur ki, iddiaçının evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı ******* nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu və təbii qaz itkisinin yaranması aşkar olunmuş və dəymiş ziyanın məbləği 6480 m3 (777.60 manat) müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 4.9-cu bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən aşkar edilmiş faktla bağlı heç bir tədbir görülməmiş, əlavə olaraq hesablanmış məbləğ abonentin saldosuna daxil edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar