Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2/2023 19.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına qarşı müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X2, Cavabdeh2 qızına qarşı müəyyən edilmiş payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıların ailə üzvlərinə 0,06 ha torpaq sahəsi ayrılmış, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə başçısı kimi mərhum anasının adına verilmişdir. 2021-ci ildə DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə müraciət edərək valideynlərindən miras qalmış 0,06 ha torpaq sahəsinə dövlət reystr xidmətindən öz adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Həmin çıxarışa əsasən onların bərabər şəkildə payları müəyyən edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsində ailə üzvləri ilə birlikdə yaşayır. Torpaq sahəsindəki payları müəyyən edildikdən sonra cavabdehlərə müraciət edərək torpaq sahəsindəki müəyyən edilmiş paylar üzrə naturada bölməyi təklif etmiş, lakin cavabdehlər onların təklifini qəbul etməyərək torpaq sahəsinin naturada bölünməsini qəbul etməmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış Hüqquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 adına Kürdəmir rayon Atakişili kəndi ərazsində 0.06 ha torpaq sahəsi qeydiyyata alınmıəş, həmin torpaq sahəsində 1/7 hissədə X4, 4/14 hissədə İddiaçı2, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X1, 4/14 hissədə İddiaçı1 payları müəyyən olunmuşdur. İş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşinmaz əmlakin dövlət kadastri və reyestri publik hüquqi şəxsi - 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hüquq sahibləri arasında (1. X5-1/7 hissə, 2. İddiaçı2- 4/14 hissə, 3. Cavabdeh1- 1/7 hissə, X3- 1/7 hissə, İddiaçı1- 4/14 hissə) naturada ayrılmasının mümkünlüyü (hər bir hüquq sahibinin payının ölçüsü və sxemi göstərilməklə) müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7220 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reystri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən 0.06 ha həyətyanı torpaq sahəsinin hüquq sahiblərinin payının ölçüsünün və sxemi göstərilməklə naturada bölünməsi ilə bağlı hüquq sahiblərinin notariusda təsdiq edilmiş razılıq ərizəsi olmadığı üçün, həmçinin naturada bölünməsi nəzərdə tutulan 600.00 kv.m torpaq sahəsinin bölünəcək 1/7 hissə,/14 hissə, 1/7 hissə, 1/7 hissə, 4/14 hissələrinin hər birinə ayrı-ayrılıqda yol, qaz, su, işıq kanaliziyasiya və digər kommunikasiya xətlərinin çəkilməsi mümkün olmadığı üçün hər bir hüquq sahibinin payının ölçüsünün və sxemi göstərilməklə bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Mülki qanunvericiliyə görə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilə bilməz. Belə ki, işdə olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7220 nömrəli ekspert rəyində 0.06 ha həyətyanı torpaq sahəsinin hüquq sahiblərinin payının ölçüsünün və sxemi göstərilməklə naturada bölünməsi ilə bağlı hüquq sahiblərinin notariusda təsdiq edilmiş razılıq ərizəsi olmadığı üçün, həmçinin naturada bölünməsi nəzərdə tutulan 600.00 kv.m torpaq sahəsinin bölünəcək 1/7 hissə,/14 hissə, 1/7 hissə, 1/7 hissə, 4/14 hissələrinin hər birinə ayrı-ayrılıqda yol, qaz, su, işıq kanaliziyasiya və digər kommunikasiya xətlərinin çəkilməsi mümkün olmadığı üçün hər bir hüquq sahibinin payının ölçüsünün və sxemi göstərilməklə bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2/2023
19.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver