Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2042/2025 30.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edədək "xxxx" ASC tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2024cü il tarixli, AKT R 329900 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 561.68 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Çöl Qubalı kəndində yaşayır. Onlar elektrik enerjisindən istifadə edərək hər ay işlətdikləri elektrik enerjisininin pulunu vaxtında ödəyirlər. Elektrik enerjisinə görə onların heç vaxt borcu olmayıb və elektrik sayğacından kənar heç bir elektrik xəttindən istifadə etməmiş, ümumiyyətlə o, elektrik enerjisindən ehtiyyatlı istifadə edir və elektrik enerjisinin insan həyatı üçün yüksək təhlükə mənbəyi olması ehtimalına görə heç vaxt elektrik sayğacına müdaxilə etmək və ya hər hansı bir sayğacdan kənar xəttdən istifadə etmək fikrinə düşməmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdehin nümayəndələri ona akt yazıb 561,68 manat cərimə hesablayıblar. Bunu araşdırmaq üçün Kürdəmir işıq idarəsində olmuşdur. Orada ona 06 mart 2024-cü il tarixli R 329900 saylı aktın surətini vermişlər. "xxxx" ASC-nin əməkdaşları saxta akt tərtib edərək onun istehlakçı kimi qanunla qorunan hüquqlarını pozmuşlar. Həmin aktın hansı əsasla yazılması ona məlum deyil. Həmin akt qərəzli şəkildə yazılmaqla heç bir qanuni əsası yoxdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-2042/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın “etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə aktın “etibarsız hesab edilməsi” hissəsində Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli R 329900 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilməklə həmin akta əsasən ona 561.68 manat borc qanunsuz hesablanıb. Qanunvericiliyin tələbinə görə istifadə etdiyi elektrik sayğacına baxış keçirildikdən sonra akt onun iştirakı ilə tərtib edilməli olduğu halda, aktları tərtib edən cavabdeh təşkilatın əməkdaşları qanunvericiliyin ümumiyyətlə heç bir tələbinə əməl etməyərək onun istehlakçı kimi hüquqlarını kobud surətdə pozmuşlar. Həmin aktın hansı əsasla yazılması ona məlum deyil. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz verərək bildirdi ki, "xxxx" ASC-nin X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 06 mart 2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin ünvanda bir başa xətt çəkərək elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edir. Bu isə "EEİQ-nın 8.17-ci, həmçinin "EQQQnın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində 06 mart 2024-cü il tarixli R 329900 №-li akt tərtib edilərək cəmi 561.68 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4536 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, , R 329900 saylı naktdan görünür ki, aparılan yoxlama zamanı abonentin elektrik hesabat sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, abonent birbaşa xətt çəkərək, elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edir; Abunə haqqında məlumatdan görünür ki, **********00310 saylı abonent İddiaçı xx.xx.2024-cü il tarixli, , R 329900 saylı nömrəli akt əsasında cəmi 589.68 manat borc hesablanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" ASC iddiaçını elektrik enerjisi ilə təmin etmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus Kürdəmir rayonunun Çöl Qubalı kəndində olan evdə yoxlama zamanı hava xəttindən birbaşa xətt çəkərək, elektrik enerjisindən birbaşa istifadə etməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, , R 329900 saylı akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli, , R 329900 saylı akt əsasında "xxxx" ASC-nin “Aran” RETSİ-nin AKT komissiyası tərəfindən iddiaçıya cəmi 561.68 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Hazırda iddiaçı cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli akta əsasən əsassız olaraq hesablanmış 561.68 manat məbləğində borcun silinməsini xahiş edir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, abonentin sayğacdan kənar qoşulma faktı təsdiq olunsa da cavabdeh tərəfindən 60 gün ərzində istehlakçının sayğacdan kənar qanunsuz qoşulma nəticəsində istifadə etməsi sübut olunmur, eləcə də cavabdeh tərəfindən təqdim edilən sənədlərdə elektirik enerjisinin itkisinin 4,5 kvt güc göstəricisi əsasında hesablanması əsaslandırımamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, aparılan yoxlama zamanı abonentin elektrik hesabat sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, abonent birbaşa xətt çəkərək, elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edir. Bununla bağlı akt tərtib edilmiş və həmin akt iddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2024-cü il tarixli, R 329900 saylı nömrəli akt tərtib edilərkən qanunvericiliyin tələblərinə ümumilikdə riayət olunsa da, hesablaşma zamanı bəzi vacib məqamlar nəzərə alınmamışdır. Belə ki, sayğac küçədə quraşdırılmış, ona cavabdeh təşkilatın əməkdaşları tərəfindən müntəzəm nəzarət edilməsi, sayğaca qeyri-qanuni qoşulma hallarının vaxtında aşkar edilməsi və müşahidə aparılması mümkün olması səbəbindən 60 gün ərzində istehlakçının sayğacdan kənar qanunsuz qoşulma nəticəsində istifadə olunması sübut olunmur. Eyni zamanda, cavabdeh tərəfin əməkdaşları küçədə quraşdırılmış sayğaclara mütəmadi və maneəsiz nəzarət etmək, sayğac göstəricilərinə uyğun olaraq hər ay məişət abonentləri ilə düzgün və vaxtında hesablaşma aparmaq vəzifələrini tam şəkildə yerinə yetirməmişdir. Beləliklə, cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 60 gün göstərməklə (4.5 kvt x 24 saat x 0,7 x 60 gün = 4536 kvts) əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən sənədlərdə elektirik enerjisinin itkisinin 4,5 kvt güc göstəricisi əsasında hesablandığı qeyd olunmuş, lakin göstəricinin hansı texniki və faktiki əsasla müəyyən edildiyi barədə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 4,5 kvt kimi yüksək göstəricinin qəbul edilməsi üçün texniki sübutlar təqdim edilmədiyindən, bu göstərici 1,43 kvt fakiti orta güc göstəricisi ilə əvəz edilməlidir. Məhkəmə bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, elektirik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılarkən hesablamalar 30 günlük dövr üçün, 1,43 kvt yaşayış obyektləri üçün standart qəbul edilən orta yüklənmə gücü və günün 24 saatı ərzində elektirik enerjisindən istifadə nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, itirilmiş elektrik enerjisinə görə xx.xx.2024-cü il tarixli 329900 nömrəli akt üzrə 93.70 manat (1.43 kvt x 24 saat x 0.7 x 30 gün = 720.72 ktvs) əlavə hesabat aparılmalı, qalan 467.98 manat (720 kvts x 0.13 man = 93.70 man) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, R 329900 saylı akt üzrə hesablanmış 467.98 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, R 329900 saylı akt üzrə İddiaçı hesablanmış (abonent kodu: **********00310) 467.98 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2042/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2042/2025
30.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver