Məhkəmə qərarları › İş №2(041)-2073/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2073/2024

18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2073/2024 18.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 432 manat cərimənin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, evlərində yerləşən qaza sayğacı onun adındadır. Təxminən 2024-cü ilin avqust ayında ona məlum olub ki, 432 manat cərimə yazılıb. Buna görə qaz idarəsinə getmişdir. Bunun səbəbini soruşduqda, ona bildiriblər ki, qaz sayğacına müdaxilə olunub. Ona xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən 432 manat yazılıb. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş ******* nömrəli akt etibarsız hesab edilməli, hesablanmış 432 manat cərimə hesabından silinməlidir. İddiaçı məhkəmə iclasında iddia tələblərinin dəqiqləşməsi barədə ərizə verərk akt əsasında ona yazılmış cərimənin hedabından silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, qaz sayğacı küçədə vətəndaşların gedib gəldiyi yerdədir. Həmçinin qaz sayğacı hal şahidlərinin iştirakı ilə yox ancaq cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə çıxarılmışdır. Ona məlum olub ki, akt tərtib olunanda guya o, imza etməkdən imtina etmişdir. Halbuki, heç onun evinədə gəlməyiblər. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış ZENNER tipli G4T SMART markalı 1602AZ**********64 nömrəli qaz sayğacına laboratoriyada baxış zamanı sayğacda deformasiya nəticəsində yivli birləşmə gövdədən aralanıb, çıxış plastmas boru sınıb və təbii qaz itkisi yaranmışdır. xx.xx.2021-ci il tarixli rəy əsasında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə abonentin evindəki qaz işlədicilərinin iş gücünə uyğun olaraq itirilmiş təbii qazın dəyəri hesablanaraq 432 manat məbləğində müəyyən edilmiş və onun Kürdəmir Xidmət Sahəsindəki abonent hesabına borc kimi işlənmişdir. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə etmədiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Qaz sayğacı açılarkən abonent iştirak etmişdir. Müdaxilə yalnız abonentin maraqları əsasında həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək və istifadə edilmiş qaza görə ödənişdən yayınmaq üçün edilir. Hesab edir ki, onların əməkdaşları yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq düzgün hərəkət etmiş, onların tərtib etdikləri akt qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi sonda iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -“Azəriqaz” İB-nin X2 istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın “Azəriqaz” İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri R.Mahmudov, X.Babaşov, A.Abdullayev tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4T markalı 1602AZ**********64 nömrəli qaz sayğacına baxış zamanı sayğacda deformasiya nəticəsində yivli birləşmə gövdədən aralanıb, çıxış plastmas boru sınıb və təbii qaz itkisi yaranmış və ev sahibi İddiaçı bu barədə tərtib edilmiş akta imza etmişdir. - xx.xx.2021-ci il tarixli tələbnamədə dəymiş ziyan 4320 m3 müəyyən edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir şəhəri, Ə.Vahid küçəsində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış ZENNER tipli G4T SMART markalı 1602AZ**********64 nömrəli qaz sayğacına baxış zamanı sayğacda deformasiya nəticəsində yivli birləşmə gövdədən aralanıb, çıxış plastmas boru sınıb və təbii qaz itkisi yaranmış, bununla bağlı akt tərtib edilmiş və həmin akt iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 4.9-cu bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, qeyd edilən nöqsanlar Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli aktına əsasən aşkar edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” istehsalat birliyi X2 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 432 manat İddiaçı hesabından silinməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə hesab edir ki,ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” istehsalat birliyi X2 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat İddiaçı hesabından (abonent kodu: **********00060) silinsin. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar