Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2191/2024 13.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli AKT 339953 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 518 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barəsində hesablanmış 508,42 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Çöl-ərəb kəndində yaşayır. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyib və borcu olmayıb. 2024-cü ildə o, evdə olmayanda onun yaşadığı evə gələrək sayğaca baxış keçirib, yenisi ilə əvəz edib gediblər. Sonuncu dəfə bildiriş təqdim olunarkən abonent kodunu yoxlamış və artıq borc yazıldığının şahidi olmuşdur. Bu onu narahat etdiyi üçün cavabdeh təşkilata getmiş və borcun necə yaranmasını soruşmuşdur. Barəsində tərtib edilmiş aktı tələb etmiş, aktı aldıqdan sonra xx.xx.2024-cü il tarixdə 339953 nömrə akt və akt əsasında 508,42 manat cərimə yazılmasının şahidi olmuşdur. Həmçinin aktla tanış olarkən sayğacdan kənar xəttdən istifadə etməsi barədə akt yazıldığını şahidi olmuşdur. Halbuki, belə bir hal ümumiyyətlə mövcud olmamış, akt onun iştirakı olmadan tərtib edildiyi üçün bu barədə öz münasibətini bildirə bilməmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yalnız öz əməkdaşlarının iştirakı ilə onun sayğacına baxış keçirmiş və həqiqəqətə uyğun olmayan akt tərtib etmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 339953 nömrəli aktın etibarsız hesab edilməli, həmin akta əsasən hesablanmış 508,42 manat cərimə onun borc hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac həyətdə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. Akt cavabdehin nümayəndələrindən tələb edərkən 90 gün itirilmiş enerjinin onun hesabına yazıldığının şahidi olmuşdur. Həmçinin akt tərtib olunarkən vəfat etmiş atasının adına tərtib olunmuşdur. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi-Aran” RETSİ-nin Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonunun Çöl-ərəb kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən xx.xx.2024-cü il tarixdə İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifad əetdiyi məlum olmuşdur. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli 339953 nömrəli akt tərtib edilərək 508.42 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.32-ci bəndlərinə uyğun tərtib edildiyindən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları A.Əhmədov, E.Qaraşov, S.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 339953 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı həyətdə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2024-cü il tarixli 339953 nömrəli akt tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə əməl edilsə də, cavabdeh tərəf iddiaçının kənar xəttdən istifadə etməsini sübut edə bununla bağlı məhkəməyə əsaslı sübutlar təqdim edə bilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 339953 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 508.42 manat İddiaçı hesabından silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli 339953 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 508,42 (beş yüz səkkiz manat qırx iki qəpik) manat İddiaçı hesabından silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2191/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2191/2024
13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver