Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2412/2025 05.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 285.12 manat borc məbləğinin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, nəzarətçi bu yaxınlarda ona bildiriş təqdim edərkən artıq borc yazılmasının şahidi olmuşdur. Bundan yalnız ona bildiriş veriləndə xəbəri olmuşdur. Kürdəmir Qaz İdarəsinə müraciət etmiş və abonent kodu ilə baxıb ona xx.xx.2024-cü il tarixdə barəsində akt yazıldığı bildirilmişdir. Həmin akta əsasən ona 285.12 manat cərimə yazılmışdır. Cərimənin nə üçün yazılmasını soruşanda isə bildirilmişdir ki, qaz sayğacına müdaxilə edib. Əslində belə bir hal baş verməyib. Çox mübahisə edəndən sonra o, aktı əldə edilmişdir. Onlara bildirmişdir ki, bu akt qanunsuzdur, cəriməni hesabından silin. Lakin onlar bundan imtina etmişlər. Aktın tərtibatından görünür ki, aktın özü formal xarakter daşıyır. Belə ki, sayğac küçədə quraşdırılmış, gediş-gəliş olan bir yerdədir. Qoruyucusu yoxdur. Aktla razı deyil. Həmin akt qanunsuz tərtib edilib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, istehsalat zərurəti ilə əlaqədar olaraq həmin məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də tərəfindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, iddianın təmin edilməməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktda görünür ki, Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri T.Mehdiyev, N Mahmudov və E.Abbasov tərəfindən istehlakçı İddiaçı nümayəndəsinin iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı 10312866 nömrəli qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusunda deşik aşkar olunmuş və təbii qaz itkisi yarandığı müəyyən edilmişdir. İstehlakçı İddiaçı nümayəndəsi bu barədə tərtib edilmiş aktı imzalamışdır. - xx.xx.2024-cü il tarixli tələbnamədə dəymiş ziyan 2376 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən 285.12 manat borc istehlakçıya (abonent kodu **********01870) hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.https://eqanun.az/framework/3422 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cü bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1.1-bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Carlı kəndində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış G-4 markalı 10312866 nömrəli qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusunda deşik aşkar olunduğu və təbii qaz itkisi yarandığı aşkar olunmuşdur. Bununla bağlı akt tərtib edilmiş və həmin akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Bununla belə, aktın istehlakçının nümayəndəsi tərəfindən imzalanması yalnız qaz sayğacına baxış keçirilməsi və aktın tərtib edilməsi faktını təsdiq edir və istehlakçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Lakin cavabdeh tərəfindən istehlakçının qazın talanmasında təqsirli olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 6.5-ci bəndinə görə istehlakçının qazın talanmasında təqsiri olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın müvafiq icra hakimiyyəti orqanına göndərilməsinə, habelə istehlakçının təbii qazın talanmasında təqsirli bilinməsi barədə inzibati xəta haqqında iş üzrə qəbul edilmiş hər hansı qərarın mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Qaz sayğacının istehlakçının birbaşa nəzarət imkanında olmayan, ümumi istifadədə olan ərazidə yerləşdirilməsi, sayğaca müdaxilənin məhz istehlakçı tərəfindən həyata keçirildiyini ehtimal etməyə əsas vermir və istehlakçının təqsirinin müəyyən edilməsi üçün kifayət edən sübut hesab edilə bilməz. Eyni zamanda, cavabdeh tərəfindən istehlakçıya hesablanmış 2376 m³ həcmində qaz sərfinin hansı müddət üçün, sonuncu baxış tarixinin nə vaxt olduğu və hesablamanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-1 və 6.5-3-cü bəndlərinin tələblərinə uyğun aparıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə istehlakçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qaz paylayıcısı tərəfindən tərtib edilmiş akt pozuntunun aşkar edilməsi faktını təsdiq etsə də, istehlakçının təbii qazın talanmasında təqsirli olmasını müəyyən edən hüquqi akt hesab edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən istehlakçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edən müvafiq orqanın və ya məhkəmənin qərarı, habelə hesablanmış zərərin qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edildiyini təsdiq edən sübutlar təqdim edilmədiyindən, istehlakçıdan zərərin tutulması üçün qanuni əsas mövcud hesab edilmir. Odur ki, iddia təmin edilməli, Cavabdeh X1 İstismari İdarəsinin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 285.12 manat borc məbləğinin silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 İstismari İdarəsinin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 285.12 (iki yüz səksən beş manat on iki qəpik) manat İddiaçı hesabından (abonent kodu: **********01870) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2412/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2412/2025
05.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver