Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-244/2024 08.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən barəsində tərtib olumuş 09 sentyabr 2023-cü il tarixli R 313855 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 655.20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Bağman kəndində yaşayır. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu həmişə vaxtında ödəyib və borcu olmayıb. 2023-cü il tarixdə elektrik enerjisinə nəzarət edən əməkdaşlar ona məxsus sayğacı yoxlamış və bu barədə 313855 nömrəli akt tərtib etmişlər. Dəfələrlə Kürdəmir elektrik şəbəkəsinə gedərək onun barəsində tərtib edilmiş aktı tələb etmiş, lakin ona aktı təqdim etməmiş, çox get-gəldən sonra aktı əldə etmiş, aktla tanış olarkən sayğacdan kənar xəttdən istifadə etməsi barədə akt yazıldığını şahidi olmuşdur. Halbuki, belə bir hal ümumiyyətlə mövcud olmamış, akt onun iştirakı olmadan tərtib edildiyi üçün bu barədə öz münasibətini bildirə bilməmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yalnız öz əməkdaşlarının iştirakı ilə onun sayğacına baxış keçirmiş və həqiqəqətə uyğun olmayan akt tərtib etmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 313855 nömrəli akt etibarsız hesab edilməli, həmin akta əsasən hesablanmış 655.20 manat cərimə onun borc hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac həyətdə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. Akt cavabdehin nümayəndələrindən tələb edərkən 120 gün itirilmiş enerjinin onun hesabına yazıldığının şahidi olmuşdur. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə edilməsi faktının aşkar edilməsindən xəbəri olmadığını bildirərkən qeyri səmimiliyə yol verərək məhkəməyə işin faktiki halları barədə yanlış məlumat vermişdir. Belə ki, aşkar edilmiş pozuntu mobil telefon vasitəsilə video çəkilişi aparılarkən iddiaçı enerji təchizatı müəssisəsinin əməkdaşlarına elektrik enerjisindən kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyini etiraf etmişdir. Bundan sonra iddiaçının barəsində EEİQ-nın tələblərinə uyğun olaraq akt tərtib tərtib edilmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablama aparılmışdır. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli R313855 nömrəli aktdan görünür ki, Kürdəmir rayonu Bağman kəndində EEİQ-na riayət edilməsinin vəziyyəti yoxlanılarkən məlum oldu ki, İddiaçı həyətdə yerləşən sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar olunmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbləri rədd edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. - 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-ci il tarixli R313855 nömrəli akt tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.33-cü bəndinin tələblərinə əməl edilmiş, itirilən enerjinin bərpası ilə bağlı yenidən hesablaşma düzgün aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-ci il tarixli R3133855 nömrəli aktın tərtib edilməsinə əsas səbəb iddiaçının Kürdəmir rayonun Bağman kəndində yerləşən evində sayğaca daxil olan giriş xəttinin yuxarı hissəsindən birbaşa qoşularaq evə daxil olması olmuşdur. İddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi aparılmış çəkilişlə və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-244/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-244/2024
08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver