Məhkəmə qərarları › İş №2(041)-2627/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2627/2025

29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2627/2025 29.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edədək "xxxx" ASC tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, AKT NDM 006494 nömrəli akta görə hesablanmış 240 manat borc məbləğinin hesabından silinməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq kəndində yaşayır. Elektrik enerjisinə görə borcunu həmişə vaxtında ödəmişdir. Bu yaxınlarda cavabdehin nümayəndələri ona bildirmişlər ki, 537 manat debitor borcun var, həmin məbləğ ödənilməsə evin elektrik enerjisi dayandırılacaq. O, bununla əlaqədar cavabdehin idarəsində olmuşdur. Orada ona bildirilmişdir ki, 537 manat borcun 240 manatı 19 fevral 2017-ci il tarixdə NDM 006494 nömrəli akta əsasən yaranıb. Həmin aktı idarədən ona vermişlər. Akta yazılmışdır ki, “baxış zamanı məlum oldu ki, sayğacın üst qapğında xüsusi dəlik açılmışdır”. O, savadsız insandır. O, aktın yazılmasından məlumatı olmamışdır. Eyni zamanda ailə üzvlərinin də aktdan xəbəri olmamışdır. Ümumiyyətlə sayğaca hər hansı müdaxilə etməmişdir. Sayğac yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb. Buna cavabdehlik daşımır. Akt barədə bu günlərdə məlumatı olmuşdur. Cavabdehin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2017-ci il tarixli, NDM 006494 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmişdir. Sayğac küçədə yerləşir. Ona heç bir müdaxilə etməyib. Kimin tərəfindən müdaxilə edilməsini də bilmir. Həmin akta əsasən ona 240 manat borc qanunsuz hesablanıb. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi, qanunsuz hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz verərək bildirdi ki, "xxxx" ASC-nin X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 19 fevral 2017-ci il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacının üst qapağında xüsusi dəlik açılmışdır. Bu isə "EEİQ-nın 8.32-ci, həmçinin "EQQQ-nın ı-v bəndlərinin pozulması faktıdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində 19 fevral 2017-ci il tarixli NDM 006494 №-li akt tərtib edilərək cəmi 240.68 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 2188 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: 19 fevral 2017-ci il tarixli, NDM 006494 saylı aktdan görünür ki, aparılan yoxlama zamanı abonentin elektrik hesabat sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, elektrik sayğacının üst qapağında xüsusi dəlik açılmışdır; Abunə haqqında məlumatdan görünür ki, **********00313 saylı abonent İddiaçı xx.xx.2017-ci il tarixli, NDM 006494 saylı nömrəli akt əsasında cəmi 240.68 manat borc hesablanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" ASC iddiaçını elektrik enerjisi ilə təmin etmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus Kürdəmir rayonunun Qarabucaq kəndində olan evdə yoxlama zamanı elektrik sayğacının üst qapağında xüsusi dəlik açılması ilə bağlı xx.xx.2017-ci il tarixli, NDM 006494 saylı akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixli, NDM 006494 saylı akt əsasında "xxxx" ASC-nin “Aran” RETSİ-nin AKT komissiyası tərəfindən iddiaçıya cəmi 240.68 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Hazırda iddiaçı cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixli akta əsasən əsassız olaraq hesablanmış 240 manat məbləğində borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə əsasən (2017-ci il tarixində qüvvədə olan) məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Azərişıq ASC arasında elektrik enerjisinin verilməsi ilə bağlı müqavilə münasibətləri mövcuddur. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən yaşayış evində xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş və elektrik sayğacının üst qapağında xüsusi dəlik açılması göstərilməklə NDM 006494 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 240,68 manat məbləğində əlavə borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı əlavə ödəniş hesablanmasının yeganə əsası həmin akt olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən (2017-ci il tarixində qüvvədə olan) əlavə hesablamanın aparılması üçün pozuntunun məhz məişət abonenti tərəfindən törədilməsi faktı aşkar edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının elektrik sayğacına müdaxilə etməsi və ya elektrik enerjisinin talanmasında təqsirli olması barədə hər hansı sübut mövcud deyildir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya əlavə borcun hesablanması üçün qanunvericiliklə tələb olunan əsas şərt – istehlakçının təqsirinin müəyyən edilməsi – mövcud deyildir. Hazırkı iş üzrə mübahisələndirilən NDM 006494 nömrəli akt cavabdeh tərəfindən tərtib edildiyindən, həmin aktın tərtib edilməsinə əsas olmuş halların, yəni sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən törədilməsinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən hər hansı sübutlar (iddiaçının sayğaca müdaxilə etməsini təsdiq edən hər hansı foto və ya video material, iddiaçının bu hərəkətləri törətdiyini göstərən digər obyektiv sübutlar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən sayğacın yaşayış evinin hasarının çöl hissəsində yerləşdiyi, üçüncü şəxslərin müdaxiləsinə açıq olduğu, özü tərəfindən sayğaca hər hansı müdaxilə edilmədiyi izah edilmişdir. Cavabdeh bu izahatları təkzib edən sübutlar təqdim etməmişdir. Beləliklə, iş üzrə yalnız sayğacın üst qapağında dəlik olmasının müəyyən edilməsi, həmin halın iddiaçının hərəkətləri nəticəsində baş verməsini və onun təqsirini sübut etmir. Məhkəmə qeyd edir ki, mülki-hüquqi məsuliyyətin, o cümlədən zərərin əvəzinin tutulmasının mümkün olması üçün aşağıdakı hallar məcmu şəkildə sübuta yetirilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı iş üzrə iddiaçının təqsiri və onun hərəkətləri ilə cavabdehin iddia etdiyi zərər arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən, iddiaçının üzərinə əlavə ödəniş öhdəliyinin qoyulması üçün maddi hüquqi əsas mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı xx.xx.2017-ci il tarixli NDM 006494 nömrəli akt əsasında 240,68 manat məbləğində əlavə borcun hesablanması iddiaçının təqsiri sübuta yetirilmədiyi halda həyata keçirilmişdir və bu səbəbdən qanunsuzdur. Həmn akt üzrə 240,68 manat borc hesablanmışdır, məhkəmə yalnız iddiaçının tələb etdiyi məbləği təmin etmiş, iddia tələbindən kənar hissəyə münasibət bildirməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli NDM 006494 nömrəli akt üzrə İddiaçı hesablanmış 240.68 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, NDM 006494 saylı akt üzrə İddiaçı hesablanmış (abonent kodu: **********00313) 240 manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar