Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-280/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Sığırlı kəndində yerləşən fərdi yaşayış evinə cavabdeh X4 verilmiş istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Ramil Səfərov 2006-ci ildə cavabdehlə ailə həyatı qurmuş, cavabdeh iddiaçıya məxsus Kürdəmir rayon Sığılrlı kəndinə yerləşən evinə gəlin köçmüşdür. Bir neçə il bir yerdə yaşadıqdan sonra iddiaçının oğlu ilə cavabdehin ailə münasibətləri pozulmuşdur. Cavabdehlə iddiaçının oğlunun arasında olan nikah məhkəmənin qətnaməsinə əsasən pozulmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-209/2015 saylı qətnaməsi ilə cavabdehin azyaşlı qızı ilə onun evinə köçürülməsi qət olunsa da, cavabdeh onun evinə köçməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdeh onun evinə köçürülməkdən imtina etmiş, hazırda yeni ailə həyatı qurmuş şəxsin evində yaşayır. Evdə cavabdehə məxsus heç bir əmlak yoxdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qızı Arzu Vəlixanova iddiaçının oğlu Ramil Səfərovla 2006-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı uşaqı anadan olmuşdur. Uşaqların biri avtoqəza nəticəsində vəfat etmiş, digəri anasının himayəsindədir. Kürdəmir rayon məhkəməsinin qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-209/2015 saylı digər qətnaməsi ilə cavabdeh və azyaşlı qızının iddiaçının evinə köçürülməsi qət olunmuş, iddiaçı tərəfindən maneələrlə üzləşdiyi üçün qətnamə icra edilməmişdir. Hazırda qızı başqa şəxslə ailə qurub onun evində yaşasa da, əmlakları iddiaçının evindədir. Bununla bağlı məhkəmə qətnaməsi olduğuna görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-209/2015 saylı qətnaməsi ilə X5 azyşalı qızı ilə birlikdə İddiaçı və X7 yaşadıqları İddiaçı məxsus, Kürdəmir rayonunun Sığırlı kəndində yeləşən yaşayış evinə istifadə hüququnun verilməsi və məcburi qaydada həmin evə köçürülməsi qət edilmiş, qətnamə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(106)-831/2015 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-1638/2017 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X7, X1 Cavabdeh qarşı fərdi yaşayış evinə verilmiş istifadə və yaşayış hüququna xitam verilməsi və cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, qətnamə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-554/2018 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. - Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən ümumi sahəsi 160.3 kv. metr olan fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış və onun adına texniki pasport tərtib edilmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X11 arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmiş, qadına Vəlixanova soyadı verilmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli çıxarışından məlum olur ki, xx.xx.2020-ci ildə X8 ilə Cavabdeh arasında nikah bağlanmış və nikah kitabının 18 səhifəsində qeydiyyata alınmışdır. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X9 arasında həmən tarixdə nikah bağlanmış, 340 nömrə ilə qeydiyyata alınmışdır. - Kürdəmir RİHB-nin Sığırlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi ilə bağlı arayışlarda İddiaçı mülkiyyətində olan Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən ümumi sahəsi 160.3 kv. metr olan fərdi yaşayış evində 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini X10 və nəvəsi X14) yaşadığı qeyd edilmişdir. Tərəflərin izahatları və işdə olan sənədlərin məzmunu onu göstərir ki, iddiaçının oğlu X13 2006-cı ildə Cavabdeh ilə evlənmiş, 8 il müddətində ər-arvad kimi İddiaçı məxsus Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən ümumi sahəsi 160.3 kv. metr olan fərdi yaşayış evində yaşamışlar. Sonradan onların münasibətləri pozulmuş və X11 azyaşlı qızı ilə birlikdə valideynlərinin yaşadığı evə qayıtmış, nikahları məhkəmə qaydasında pozulmuş, nikahları pozulandan sonra Vəlixanova soyadına qayıtmışdır. 2015-ci ildə X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı və X7 yaşadıqları Kürdəmir rayonunun Sığırlı kəndində yeləşən yaşayış evinə istifadə hüququnun tanınması və məcburi qaydada həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)- 209/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmənin qətnaməsi icra edilmədiyindən iddiaçılar İddiaçı, X13, X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh fərdi yaşayış evinə verilmiş istifadə və yaşayış hüququna xitam verilməsi və cavabdehə məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-1638/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hər iki iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində evə dair mülkiyyət sənədininin olmaması və hazırki iş üzrə Cavabdeh mübahisəli mənzilə razılıq əsasında köçməsi və ailə üzvü kimi orada yaşaması əsas götürülərək mənzil qanunvericiliyinə əsasən mübahisələr həll edilmişdir. İşə əlavə edilmiş sənədlərə əsasən Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən ümumi sahəsi 160.3 kv. metr olan fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış və onun adına texniki pasport tərtib edilmişdir. Bundan əlavə, Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, 5 il müddətində həmin evə köçməkdən imtina etmiş və xx.xx.2020-ci ildə X8 ilə evlənərək ailə həyatı qurmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ -əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Hazırki iş üzrə tərəflər arasında məhkəmə mübahisəsi 2015-ci ildə yaranmış və bu zaman tərəflərin münasibətlərini tənzimləyən iki hüquq mənbəyi mövcud olmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər (bu maddənin ikinci hissəsində həmin ixtiyar hüquq kimi göstərilir). Mülki Məcəllənin 228.2-ci maddəsində isə göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq qərara gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə, xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllədə tənzimlənir. Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Bununla əlaqədar Konstitusiya Məhkəməsi plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Hazırki işin faktiki və mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamır. Bununla bağlı məhkəmə qətnaməsi olmasına baxmayaraq mübahisəli evə köçməkdən imtina etmiş, 2020-ci ildə başqa şəxslə nikaha daxil olaraq evlənmiş, bundan sonra əvvəllər yaşadığı evə dair heç bir iddia irəli sürməmişdir. Yuxarıda geniş şərhi verilən milli qanunvericilik və presedentlər ona xidmət edir ki, yaşayış sahəsinə istifadə hüququnun xitamı ilə bağlı irəli sürülmüş əsas müddəalar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün imtiyazlı hüquqi rejim yaradılsın. Digər tərəfdən, yaşayış sahəsindən istifadə hüququ real hüquqdur. Yəni, şəxs yaşadığı mənzildən istifadə edə bilər. Kürdəmir rayon məhkəməsinin icra edilməyən xx.xx.2015-ci il tarixli 2(041)-209/2015 saylı qətnaməsində də, X5 azyşalı qızı ilə birlikdə İddiaçı və X7 yaşadıqları İddiaçı məxsus, Kürdəmir rayonunun Sığırlı kəndində yeləşən yaşayış evinə istifadə hüququnun verilməsi və məcburi qaydada həmin evə köçürülməsi qət edilmişdir. X11 isə həmin vaxtdan hal-hazıra kimi mübahisəli mənzilə köçməmiş və ondan istifadə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan yaşayış evinə istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-280/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-280/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver