Məhkəmə qərarları › İş №2(041)-458/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-458/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-458/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun hesabından silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən onun adına qeydə alınan **********00060 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 838.88 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzləri ilə birlikdə Kürdəmir rayon Qağacılı kəndində yaşayır. Yaşadığı evdə istifadə etdiyi abonent kodu **********00060 olmaqla istifadə etdiyi təbii qazın dəyərini Azəriqaz İB-nin hesabına ödəmişdir. Buna baxmayaraq qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza görə borcun artıq hesablandığını görmüşdür. Borcun yaranma səbəbini soruşduqda qaz idarəsində onun 2022-ci ilin dekabr ayına 838.88 manat borcun olduğunu görmüşdür. İddiaçı toplanmış debitor borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd edilən borc uzun illər toplanmış və iddia müddəti keçmiş məbləğlərdən ibarətdir. Həmin pulları vaxtında ödəməsinə baxmayaraq, onun hesabında saxlanılmışdır. Ödəniş qəbzlərini saxlamadığı üçün məhkəməyə təqdim edə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı təbii qazdan istifadə edərək qaz pulu borcunu tam şəkildə ödəməmiş, nəticədə onun 2022-ci ilin dekabr ayına 838.88 manat borcu yaranmışdır. Həmin borcdan iddiaçı tərəfindən ödəniş aparılmamışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə İddiaçı yazılı və şifahi məlumat verilməsinə baxmayaraq o, borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmiş, əsassız olaraq həmin borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. Nümayəndə izahatının sonunda iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş; - “Azəriqaz” İB-nin Ağsu Regional qaz istismarı idarəsi (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. - abonentin saldosundan görünür ki İddiaçı 2022-ci ilin may ayına kimi 838.88 manat borcu olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqısatqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Hazırki iş üzrə aparılan araşdırmalar zamanı iddiaçıya sayğacın göstəricilərindən artıq qaz pulunun yazılması, cərimə edilməsi və sair hallar müəyyən edilmədi, iddiaçı isə həmin halları təkzib edən hər hansı sübutunu məhkəməyə təqdim edə bilmədi. Bundan əlavə, işə əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının 2010ci ilin dekabr ayının sonuna 136.78 manat, 2011-ci ilin dekabr ayının sonuna 279.28 manat, 2012-ci ilin dekabr ayının sonuna 445.28 manat, 2013-cü ilin dekabr ayının sonuna 621.28 manat, 2014-cü ilin dekabr ayının sonuna 804.28 manat, 2015-ci ilin dekabr ayının sonuna 841.28 manat, 2016-ci ilin dekabr ayının sonuna 825.98 manat, 2017-ci ilin dekabr ayının sonuna 817.18 manat, 2018-ci ilin dekabr ayının sonuna 136.78 manat, 2019-cu ilin dekabr ayının sonuna 945.88 manat, 2020-ci ilin dekabr ayının sonuna 922.28 manat, 2021-ci ilin dekabr ayının sonuna 945.18 manat, 2022-ci ilin dekabr ayının sonuna 808.88 manat debitor borcu olmuşdur. Göründüyü kimi iddiaçının 2022-ci ilin dekabr ayına olan borcun bir hissəsi əvvəlki illərə aid edilsə də, göstərilən illər üzrə ödənişlər edildiyindən davam edən proses kimi həmin borca iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Hazırki işə iddia müddətinin tətbiq edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar