Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-494/2023 06.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus Kürdəmir rayon Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 Ruhiyə Rəşid qızı ilə 2002-ci ildə faktiki nikaha, 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan iki qız övladları doğulmuşdur. xx.xx.2012-ci ildə iddiaçının oğlu X3 qaraciyər serrozundan vəfat etmişdir. Cavabdehlər onun əmlakına sahiblik, ondan istifadə hüquqlarını kobud şəkildə pozurlar. Cavabdehlər uzun müddətdir ki, onun evindən istifadə edib heç bir kommunal ödənişlər etmirlər. Kürdəmir rayon Yenikənd kəndində yrerləşən fərdi yaşayış evi iddiaçının şəxsi vəsaiti hesabına tikilmişdir. Cavabdehlər iddiaçı ilə uzun müddətdir ki, yola getmirlər. Dəfələrlə bu barədə polis şöbəsinə müraciət etmiş, iddiaçı hər dəfə cavabdehləri bağışlamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 İddiaçı döymüş, ona xəsarətlər yetirmişlər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reystrində rəsmi qeydə alınmasa da iddiaçı tərəfindən istifadə olunur. Hal-hazırda İddiaçı ona məxsus evə buraxılmır. Qohum-əqrabasının evində qalır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun qaynanasıdır. İddiaçının oğlu Ağası Baloğlanovla 2002-ci ildə ailə həyatı qurmuş, iddiaçının razılığı ilə həmin evə gəlin köçmüş, birgə nikahlarından Gülay və Badamxanım adlı iki uşaqları anadan olmuşdur. Özü və uşaqları yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışlar. X5 xx.xx.2012-ci il tarixdə qaraciyər serrozundan vəfat etmiş, hazırda uşaqları və qayınanası ilə birlikdə həmin evdə yaşayır. Həmin mənzildən başqa yaşayış yeri yoxdur. Özünün və uşaqlarının şəxsi və ev əşyaları, ona məxsus əmlaklar həmin mənzildədir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 da iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı onun nənəsidir və münasibətləri həmişə normal olmuşdur. Atasının ölümündən sonra nənəsi onlara olan münasibətini dəyişmiş və əsassız səbəblərə görə dava-dalaş yaradaraq onları evdən çıxarmaq istəyir. Dəfələrlə polis şöbəsinə anası Cavabdeh1 şikayət edərək, guya onu döydüyünü və evdə ona yaşamağa imkan verilmədiyini bildirmiş, hər dəfə onun şikayətləri yerində araşdırılmış və onun göstərdiyi halların heç birisi öz təsdiqini tapmamışdır. Sonuncu variant kimi onların evdən istifadə hüquqlarına xitam verilməsi və oradan çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, o, həmin evdə anadan olmuş, məktəbə getmiş və hazırda da, yaşamaqda davam edir. Cavabdeh izahatının sonunda, göstərdiyi halları nəzərə alaraq. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş; - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh1 nikahları xx.xx.2012-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. - şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.2002-ci ildə, Cavabdeh3 xx.xx.2005-ci ildə anadan olmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci ildə qaraciyər serrozundan ölmüşdür. - Kürdəmir rayon Yenikənd İcra nümayəndəliyinin ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışında Cavabdeh1 4 nəfər ailə üzvü ilə (özü, 2 qızı və qaynanası) Kürdəmir rayonu, Yenikənd kəndində yaşadığı qeyd edilmişdir. - Kürdəmir rayon polis şöbəsinin rəisi A.Rzayevin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda onun Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi zəngi xidmətinə müraciəti əsasında araşdırma aparıldığı, göstərilən xüsusatların mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. -xx.xx.2023-cü il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunda evin ünvanı Kürdəmir rayonu, Yenikənd kəndi, hüquq subyekti İddiaçı, torpaq sahəsi 0.43 ha, tikildiyi il 1971, ümumi sahəsi 98.5 kv.m, yaşayış sahəsi 89.2, otaqların sayı 3 göstərilmişdir. Beləliklə, işdə olan sənədlərdən və tərəflərin məhkəməyə verdikləri izahatlarından müəyyən edildi ki, tərəflərin yaşadıqları fərdi yaşayış evi Kürdəmir rayonu, Yenikənd kəndində yerləşir, 1971-ci ildə inşa edilmişdir. Fərdi yaşayış evinin texniki pasportu xx.xx.2023-cü il tarixdə hüquq subyekti İddiaçı adına tərtib edilmiş, ev ümumi sahəsi 98.5 kv.m, yaşayış sahəsi 89.2 kv.m olan 3 otaqdan ibarətdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması və evin tikintisi ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün hazırki vəziyyətdə mübahisəli ev özbaşına tikili hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Hazırki iş üzrə də, Cavabdeh1 2002-ci ildə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin evdə anadan olmuş və hər üçü hal-hazıra kimi həmin evdə yaşamaqda davam edirlər. İddiaçı mübahisəli evin mülkiyyətçisi olmadığına görə, onunla birgə yaşayan bərabər hüquqlu ailə üzvlərinin yaşayış hüquqlarının məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Lakin mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadığına görə, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsində göstərilən tələblər şamil edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin yuxarıda şərh edilən hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-494/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-494/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver