Məhkəmə qərarları › İş №2(041)-508/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-508/2025

05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-508/2025 05.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış ziyanın silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təxminən 2023-cü ildə onun evinə gələn elektrik sayğacında nasazlıq yaranmış və o, bu barədə işıq idarəsinə ərizə yazmış, ərizə yazmansına baxmayaraq idarənin işçilər 3 ay onun ərizəsinə cavab verməmiş, özləri gələrək kənar xətt çəkmişlər. Sonra kabelləşmə gedərkən işıq idarəsi ona cərimə yazmışdır. Barəsində akt tərtib edilərkən özü orada olmamışdır. Hesab edir ki, ona yazılmış cərimə qanunsuzdur. Odur ki, iddiasının təmin edilməsini və cərimənin silinməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən fərdi yaşayış evinin sayğacına baxış keçirilmiş və baxış zamanı abonentə məxsus evin istismarında olan elektrik sayğacının yerində olmaması,sayğacsız bir başa elektrik enerjisindən istifdə etməsi faktı aşkar olunmuşdur. Nəticədə bu pozuntu halına görə İddiaçı barəsində 18 iyul 2023-cü il tarixli, R 204030 saylı akt tərtib edilərək hesabat 0.68 kvt x 24 saat x 0.7 x 360 gün= 4133kvts, tarif – 4133 kvts x 0.13 man = 534.69 kimi aparılmışdır. Cəmi 534.69 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəsissəyə vurduğu ziyan kimi 4133 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Hesab edirlər ki, iddiaçıya yazılan borc qanuni olaraq yazılmışdır və həmin borc ödənilməlidir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir EŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R № 204030 nömrəli aktın surətindən görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində abonent kodu **********00021 olan, İddiaçı adına olan sayğacda yoxlama zamanı sayğacdan kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etdiyi məlum olmuş, keçən yükü J=3.1A, U-220V, P=0.68KA hesblanmış, uyğun olaraq abonentə sayğac quraşdırılması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Elektrik enerjisindən istifаdə qаydаlаrı”nın 8.16-ci maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 9.4-cu maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. İddiaçı məhkəmədə iddia qaldıraraq itirilmiş enerji sərfiyyatının bərpasına görə ona hesablanmış pul vəsaitinin silinməsini tələb edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında elektrik xəttinə sayğacdan kənar qoşulması faktını etiraf etmişdir. Eləcə də bu məhkəmə iclasında tədqiq edilmiş akt və digər sübutlarla da təsdiqini tapmışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən evə quraşdırılmış İddiaçı adına olan sayğaca baxış keçirilərkən sayğacın yerində olmadığı müəyyən edilmiş və onun sayğacdan kənar elektrik enerjisindən birbaşa istifadə edildiyi müəyyən edilmiş və itirilmiş enerjinin bərpasına görə 534.69 manat borc müəyyən edilmişdir. Bu fakt Kürdəmir EŞ tərəfindən tərtib edilmiş 18 iyul 2023-cü il tarixli, R № 204030 nömrəli aktla təsdiqini tapır. Buna baxmayaraq, sayğacın dəyişdirilərkən işıq enerjisindən istifadənin zəruriliyini və iddiaçının maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair akt üzrə İddiaçı yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş elektrik enerjisinin bərpası üçün dəymiş ziyan ( elektrik enerjisinin saatlıq sərfi 0,68 kvts x 24 saat x 30 gün=489.6kvts x 0,13=63.6) 63.6 manat məbləğində hesablanmalıdır. Odur ki, iddiaçı cavabdeh tərəfindən ona dəymiş ziyana görə hesablanmış pul vəsaitinin 470.4 manat hissəsinin silinməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin, məhkəmə iddiaçının "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçının barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R 204030 nömrəli aktın etibarsız sayılması hissəsində iddiaçının tələbinə qiymət verərək hesab edir ki, həmin akt İddiaçı yaşadığı yaşayış evində "xxxx" ASC-nin X1 işçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş R 204030 nömrəli akt «Azərişıq” ASC-nin X1 işçiləri tərəfindən imzalanmışdır. Həmin aktın ləgv edilməsi və ya etibarsız hesab edilməsi barədə əsaslar müəyyən edilmir. Odur ki, həmin hissədə məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlirni məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-ninəməkdaşları tərəfindən İddiaçının barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R 204030 nömrəli akt üzrə hesablanmış 534.69 manat məbləğində pul vəsaitidən 470.4 manatı İddiaçının adına qeyd edilmiş abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçının barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R 204030 nömrəli akt üzrə dəymiş ziyana görə hesablanmış 534.69 manat məbləğində pul vəsaitindən 470.4 manat hissəsi İddiaçının adına olan abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar