Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-561/2025 10.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 216 manat məbləğində cərimənin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Şilyan kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adına olmaqla istifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən cavabdeh "Azəriqaz” İB-nin hesabına ödəyir. Evinə gələn qaz xəttinin üzərinə istifadə etdiyi təbii qazın miqdarının müəyyən edilməsi məqsədi ilə küçədə, əhalinin gedib-gəldiyi yerə qaz sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə istifadə etdiyi və küçədə quraşdırılmaqla heç bir qoruyucu şkafı olmayan qaz sayğacına cavabdeh "Azəriqaz” İB-nin əməkdaşları baxış keçirmiş və əvəzləmə ilə əlaqədar qaz sayğacını dəyişərək əvəzində yeni qaz sayğacı quraşdırmışlar. Cavabdeh təşkilatın nümayəndələri bununla bağlı həmin gün akt tərtib etmişlər. Sayğacın əvəzləmə ilə dəyişdirilməsini aktda da qeyd etmişlər. 2024-cü ilin dekabr ayında istifadə etdiyi təbii qazın dəyərini ödəyərkən ona artıq qaz pulunun hesablandığını görmüş və bunula bağlı xx.xx.2025-ci il tarixdə cavabdeh "Azəriqaz” İB-nin Kürdəmir xidmət sahəsinə müraciət etmişdir. Orada barəsində xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən 216 manat məbləğində əlavə borc hesablandığını bildirmişlər. Barəsində akt tərtib edilməsindən heç bir məlumatı olmamış, akt imza edilməsi üçün ona təqdim edilməmiş və rəsmi qaydada onun ünvanına göndərilmədiyi üçün həmin gün Kürdəmir xidmət sahəsindən barəsində tərtib olunan xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətini, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətini və adına qeydə alınmış abonentin saldosunu almışdır. xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda istifadə etdiyi "sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var" qeyd edildiyini görmüşdür. Qeyd etdiyi kimi istifadə etdiyi qaz sayğacı küçədə, əhalinin gəliş-gediş yolunun üstündə quraşdırılmaqla heç bir qoruyucu şkafla təmin edilməmişdir. Küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməyən qaz sayğacına bütün gün ərzinə nəzarət ədə bilməz və özü qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bu səbəbdən də qaz sayğacına hansı şəraitdə və kim tərəfindən müdaxilə edilməsini bilmir. Bundan əlavə yaşadığı əraziyə nəzarət edən nəzarətçi tərəfindən istifadə etdiyi qaz sayğacına ay ərzində ən azı 2 dəfə baxış keçirilir, lakin nəzarətçi tərəfindən istifadə etdiyi qaz sayğacında hər hansı bir nöqsanın olması barədə ona şifahi və ya rəsmi heç bir məlumat verilməmişdır. Göründüyü kimi akt qanunsuz olaraq saxta tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan və akta əlavə edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, guya isitifadə etdiyi qaz sayğacında olan qüsura görə hesablama aparılaraq 2160 m3 təbii qaz itkisinə yol verdiyi qeyd olunmuş və bununda nəticəsində qaz idarəsinə 216 manat məbləğində ziyan vurduğu qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Cavabdeh İB-nin X2 istismarı idarəsi ilə istehlakçı arasında, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir xidmət sahəsinin nümayəndələri R.Mahmudov, X.Babaşov, A.Cəfərov tərəfindən istehlakçının iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı 10041877 nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və təbii qaz itkisi yaranmışdır. Sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçının nümayəndəsi bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixli tələbnamədə dəymiş ziyan 2160 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 216 manat borc istehlakçı İddiaçı (abonent kodu **********01540) hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bədinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.https://eqanun.az/framework/3422 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsüm, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonu Şilyan kəndində yerləşən İddiaçı adına məxsus evdə quraşdırılmış G4 markalı 10041877 nömrəli qaz sayğacına baxış zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və təbii qaz itkisi yaranmışdır. Bununla bağlı akt tərtib edilmiş və həmin akt istehlakçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. Cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 6.5-ci bəndinə görə istehlakçının qazın talanmasında təqsiri olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İş materiallarından məlum olur ki, qeyd edilən nöqsanlar Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2021ci il tarixli aktına əsasən aşkar edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt isə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. İstehlakçının iştirakı olmadan tərtib edilmiş aktdan onun borc yazılandan sonra məlumatının olması daha inandırıcı görünür. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X2 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 216 manat borc məbləğinin silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat İddiaçı hesabından (abonent kodu: **********01540) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-561/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-561/2025
10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver