Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-68/2025 03.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən abonent kodu **********00098 olan, xx.xx.2024-cü il tarixdə R 347678 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 723.26 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Şüşun kəndində özünə məxsus evdə yaşayır. Hər ay işlətdiyi enerjinin haqqını vaxtında ödəyir. xx.xx.2024 il tarixdə "xxxx" ASC-nin nümayəndələri gələrək ona heç bir məlumat vermədən küçədə yerləşən sayğacı yoxlayıb çıxıb getmişlər. Üstündən bir az müddət sonra ona bildiriş gəlmişdir ki, borcu var və guya sayğaca müdaxilə olub və kənar xəttdən istifadə etmişdir. Bununla bağlı cərimə aktı tərtib olub və bu aktla onlar cərimə yazmışlar. O, dəfələrlə işıq idarəsinə getmiş və onlardan bu faktı təsdiq edən sənəd tələb etmiş, lakin onlar heç bir sənəd təqdim etməmişlər və bildirmişlər ki, bütün sənədlər Mingəçevirə göndərilmiş və burada heç bir sənəd qalmamışdır. Onlardan xahiş etmişdir ki, cərimə barədə heç olmasa cərimə aktını versinlər, lakin onlar qeyd etdiyi sözləri demiş və cavabdehin nümayəndələri bunun hansı əsasla hesablanmasını izah edə bilməmişdir. Onlar heç bir sübut olmadan, təkcə öz şahidlərinin, maraqlı şəxslərin iştirakı ilə akt tərtib etmişlər. Sayğaca müdaxilə etməmiş və kənar xəttdən də istifadə etməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur, ona haqsız 723,26 manat əlavə ödəniş yazılması çox pis təsir edir. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R 347678 nömrəli akt əsasında hesablanmış 723.26 manat borc məbləğinin hesabında silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, qanunvericiliyin tələbinə görə istifadə etdiyi elektrik sayğacına baxış keçirildikdən sonra akt onun iştirakı ilə tərtib edilməli olduğu halda, aktları tərtib edən cavabdeh təşkilatın əməkdaşları qanunvericiliyin ümumiyyətlə heç bir tələbinə əməl etməyərək onun istehlakçı kimi hüquqlarını kobud surətdə pozmuşlar. Həmin aktın hansı əsasla yazılması məlum deyil. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi verdiyi etiraz ərizəsində göstərmişdir ki, "Azərişıq” ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydalarına və "X1 Qaydaları'na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 05 avqust 2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə "EEİQnın 8.17-ci, həmçinin "EQQQ-nın i-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində 05 avqust 2024-cü il tarixli R 347678 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. 5,6 kvt x 24 saat x 0,7 x 60 gün = 5645 kvts, Tarif -400 kvts x 0,08 man 32,00 man, Tarif -200 kvts x 0,09 man 18,00 man, Tarif -5045 kvts x 0,13 man = 655,85 man, Cəmi 705.85 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 5645 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 347678 №-li nömrəli aktdan görünür ki, aparılan yoxlama zamanı fərdi abonentin elektrik hesabat sayğacına baxış keçirilmiş və 32 kv-luq elektrik xəttindən birbaşa xətt çəkərək yaşadığı mənzilə sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən birbaşa istifadə edir. İşdə olan abunə saldosundan görünür ki, **********00098 saylı abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan birbaşa xətt çəkərək yaşadığı mənzilə sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən birbaşa istifadə edilmişdir. 5,6 kvt x 24 saat x 0,7 x 60 gün = 5645 kvts, Cəmi 705.85 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Kürdəmir rayonu Şüşün kəndində yerləşən mənzilinə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus əmlak kompleksi müəssisəsinə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən birbaşa istifadə edilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli, 347678 №-li akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli, 347678 №-li akt əsasında "xxxx" ASC-nin “Aran” RETSİ-nin AKT komissiyası tərəfindən iddiaçıya cəmi 705.85 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 8.16-ci maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 9.4-cu maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Məhkəmə qeyd edir ki, istehlakçından elektirik sayğacına müdaxiləsi nəticəsində ondan hesablanmış borcun tutulması üçün ilk növbədə istehlakçının elektirik sayğacına müdaxil etməsi ilə bağlı təqsirinin olub-olmaması müvafiq icra hakimiyyət orqanın və ya məhkəməsinin qərarı ilə təsdiq edilməlidir. Hazırki iş üzrə istehlakçının elektirik sayğacına müdaxil etməsi ilə bağlı təqsirinin olması barədə hər hansı qərar mövcud deyildir. Eləcə də, iddiaçı sayğaca onun tərəfindən hər hansı müdaxilə edilmədiyini, kimin tərəfindən sayğaca müdaxilə edilməsindən xəbəri olmadığını bildirmişdir. Odur ki, istehlakçının – iddiaçının elektirik sayğacına müdaxilə etməsi faktı təsdiqini tapmadığından buna görə ondan hesablanmış borcun tutulması qanuni deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi 5 ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsində qanunsuz hesablanmış 723.26 manat məbləğində cərimənin silinməsi xahiş edilsə də iş materiallarında görünür ki, 05 avqust 2024-cü il tarixli, R 347678 saylı akt üzrə İddiaçı 705.85 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC tərəfindən 05 avqust 2024-cü il tarixli, R 347678 saylı akt üzrə İddiaçı hesablanmış 705.85 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 avqust 2024-cü il tarixli, R 347678 saylı akt üzrə İddiaçı hesablanmış (abonent kodu: **********00098) 705.85 (yeddi yüz beş manat səksən beş qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-68/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-68/2025
03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver