Məhkəmə qərarları › İş №2(041)-764/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-764/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-764/2024 25.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 139796 nömrəli aktın etibasız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 156.14 manat və qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli 292515 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 706.52 manat məbləğində cərimənin, ümumilikdə 862.66 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirli kəndində yaşayır. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyib və borcu olmayıb. Evdə olmadığı vaxt cavabdehin əməkdaşları ona heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2019-cu il tarixdə 139796 və xx.xx.2023-cü il 292515 nömrəli akt tərtib ediblər. Bundan sonra Kürdəmir elektrik şəbəkəsinə müraciət edərək həmin aktları almışdır. Həmin aktlarda guya kənar xətlərdən istifadə etdiyi qeyd olunmuşdur. O, aktların əsassız yazılmasına etiraz etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yalnız öz əməkdaşlarının iştirakı ilə onun sayğacına baxış keçirmiş və həqiqətə uyğun olmayan aktlar tərtib etmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 139796 və 292515 nömrəli aktlar etibarsız hesab edilməli, həmin aktlara əsasən hesablanmış ümumilikdə 862.66 manat cərimə onun borc hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac həyətdə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2019 və xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi-Aran” RETSİ-nin Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonunun Muradxan kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən xx.xx.2019-cu il tarixdə və xx.xx.2023-ci il tarixdə İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifad əetdiyi məlum olmuşdur. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli 139796 nömrəli akt üzrə 156.14 manat, xx.xx.2023-cü il tarixli 292515 nömrəli akt üzrə 706.52 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.32-ci bəndlərinə uyğun tərtib edildiyindən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 139796 nömrəli aktın etibasız hesab edilməsi və həmin akta əsasən hesablanmış 156.14 manat cərimənin silinməsi tələbinə iddia müddətinin tətbiq edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları İ.Əmrahov, İ.Əhmədov, B.Əsgərov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 139796 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Pirli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı həyətdə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları E.Qaraşov, T.Novruzlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 292515 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Pirli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı həyətdə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-ci il tarixli 292515 nömrəli aktlar tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə əməl edilsə də, hesablaşma elektrik sayğacının mənzildə yox, həyətdə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə elektrik enerjisinə görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 365 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən enerjiyə adekvatlığına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma akt üzrə 60 gün götürülməklə, məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş elektrik enerjisinə görə xx.xx.2023-cü il tarixli 292515 nömrəli akt üzrə 205.92 manat (5A*0.22*24*60gün=1584 kvts x 0.13 man=205.92 man) əlavə hesabat aparılmalı, qalan 500.6 manat (706.52-205.92) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. İddia tələbinin xx.xx.2019-cu il tarixli 139796 nömrəli aktın etibasız hesab edilməsi və həmin akta əsasən hesablanmış 156.14 manat cərimənin silinməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi bu hissədə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin vəsatətini əsaslı hesab edir ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.1. ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır - 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. - 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli 292515 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 500.6 manat İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 292515 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 500.6 (beş yüz manat 60 qəpik) manat İddiaçı hesabından silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar