Məhkəmə qərarları › İş №2(041)-838/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-838/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-838/2025 16.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 2903.4 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akta əsasən ona məxsus olan və hazırda yaşadığı Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac yenilənərək kartla əvəz edilmişdir. Əvvəlcə o, özü yeni sayğac quraşdırmış və sonra da səhhəti ilə əlaqədar xəstəxanaya getmişdir. Xəstəxanadan qayıdandan sonra özü tərəfindən qoydurulmuş sayğacın çıxarlaraq yeni sayğac hazırki sayğacın quraşdırıldığını görmüşdür. Bir müddət sonra ona bildiriş gəlmiş və ona cərimə yazıldığını bilmişdir. Həmin ev yarımçıq tikili olmuş, üstünü vuraraq ora köçmüş, cəmi iki ay qoşulmuş kənar xətdən istifadə etmişdir. Özü orada yaşamamış akt tərtib ediləndən 3 ay əvvəl orada yaşamağa başlamışdır. Həmin evin heç bir sənədi yoxdur, sadəcə üstünü vuraraq yaşamaq üçün oraya köçmüşdür. Maddi vəziyyəti ağırdır. Həmin pulu ödəməkdə çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsi və Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 2903.4 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhəkəməyə ərizə göndərərk məhkəmə iclasına gələ biməyəcəklərini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.Məhkəmə mülki işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşdə olan təbbi qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı qaz sayğacından kənar xət çəkməklə təbii qazdan qeyri qanuni istifadə etməsi halı aşkar edilmiş, kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın hesablanması tələb edilmişdir. İşdə olan abonent İddiaçı adına olan abonent saldosundan görünür ki, akt üzrə İddiaçı 2709.48 manat borc hesablanmışdır. Məhkəmədə müəyyən edildi ki, X2 İstismarı İdarəsi ilə istehlakçı İddiaçı arasında qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə bağlanmış müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. Sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı təbii qazdan istifadə qaydalarını pozması, yəni təbii qazdan kənar xətt çəkməklə istifadə etməsi müəyyən edilmiş və ona 2903.4 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablandığını iddia etmiş və həmin borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı fərdi yaşayış evində 03 ay müddətdə qaz sayğacından kənar xəttə qanunsuz qoşulmaqla qazdan qanunsuz istifadə etməsini etiraf edir. Dəymiş ziyanın artıq hesablandığını bildirərək onun silinməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən dəymiş ziyanın məbləği “Qazdan istifadə Qaydaları”nın 6.5-3-ci bəndinə əsasən artıq hesablanmışdır ki, bu da istehlakçının maddi vəziyyətini ağırlaşdırmışdır. Belə ki, istehlakçı məişət abunəçisidir, onun qazdan istifadəsi məişət ehtiyaclarının ödənilməsi üçündür. “Qazdan istifadə Qaydaları”nın 6.5-3ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı götürülməklə hesablanması nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən sonuncu baxış keçirilmə tarixi müəyyən edilmədən 1 illik müddət, yəni 365 gün, məişət abonenti olmasına baxmayaraq sutkanın 24 saat götürülməklə hesabat aparılmışdır ki, bu da iddiaçını ağır maddi duruma salmışdır. Məhkəmə hesab edir ki, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixini müəyyən edən sübutlar təqdim edilmədiyindən nəzərə alınmış 365 gün müddət 90 gün müddətində olmaqla və sutkanın 12 saatı götürülməklə (0,8 x 12 x 90= 864; 1,4 x 12 x 90 = 1512; 3,4 x 12 x 90=3672: cəmi 6048 kub.metr, 6048 kub.metr x 0,15= 907.2 manat təşkil edir.) dəymiş ziyanın hesablanması daha ədələtli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən 13 yanvar 2023-cü il tarixli, ******* saylı akt üzrə İddiaçı hesablanmış 2903.4 manat məbləğində dəymiş ziyanın 1996 manat 20 qəpik hissəsinin silinməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən 13 yanvar 2023-cü il tarixli, ******* saylı akt üzrə İddiaçı qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan olaraq hesablanmış 1996.2 (bir min doqquz yüz doxsan altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar