Məhkəmə qərarları › İş №2(041)-877/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-877/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-877/2023 02.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesabına yazılmış 6657,55 manat qaz pulunun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, Qaçqın şəhərciyində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, istifadə etdiyi qazın dəyərini həmişə Qaçqın və Məcburi Köçkün İdarəsi tərəfindən ödənilmişdir. 2022-ci ilin may ayında qaz nəzarətçisi ona bildiriş verərkən borcunun 6657,55 manat olmasını görüb bununla bağlı Qaz İdarəsinə müractiət etmişdir. Heç vaxt qazla bağlı borcları olmayıb və onlara borcla bağlı bildiriş verilməyib. Qaz İdarəsində ona borcunun əsasən 2010-2022-ci illərdə yarandığını bildirmişlər. O, Qaz İdarəsinin əməkdaşlarına borcun əsassız olduğunu və hesabından silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları həmin borcu onun hesabından silməmişlər. Nə üçün bu vaxtacan qazını kəsməmişlər sualı isə cavabsız qalmışdır. Göründüyü kimi cavabdeh tərəfindən bu günə qədər ona bildiriş verilməmiş və borca görə yaşadığı mənzilə verilən qaz kəsilməmişdir. Onun saldo üzrə bildirişdə 05.2022-ci il tarixə qeyri qanuni hesablanmış 6657,55 manat debitor borc silinməli olduğu halda silinməmişdir. Ona görə də Cavabdeh əməkdaşları tərəfindən onun hesabına qanunsuz yazılmış 6657,55 manat qaz pulunun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı Həsənov X3 Ağsu Regional Qaz İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********00930 nömrəli hesabla qeydiyyata alınmışdır. İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsi nəticəsində 05.2022-ci il tarixinə 6657,55 manat debitor borcu yaranmışdır. Belə ki, İddiaçı Qaçqın və Məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş şəhərcikdə yaşayır. Bundan əvvəl İddiaçı başqa ünvanda yaşamış, ailə tərkibi 6 nəfər olmaqla qaçqın sayı 6 nəfər kimi qeydiyyata alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. Ümumiyyətlə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında“ Fərmana əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Bununla əlaqədar olaraq Qaçqınların və X2 üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında“ 23 yanvar 2017-ci il tarixli, 1206 nömrəli Fərman imzalanmışdır. Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranmışdır. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitnin ayrılması nəzərdə tutulmayıb. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında“ Fərmana əsasən hər bir məcbur köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. İddiaçının pozulmasını tələb etdiyi borc məbləği 2010-cu ilin yanvar ayının 1-dən 24 noyabr 2020-ci ilə qədər olan dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranmışdır. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsi büdcə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır. Ümumiyyətlə “Məcburi köçkünlərvə onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixdən vahid aylıq müavinət ödənilir. Lakin iddiaçı tərəfindən Qaçqın və Məcburi koçkünlər üçün nəzərdə tutulmuş limitdən artıq təbii qazdan istifadə etməklə limitdən artıq istifadə etdiyi qazın dəyərini tam ödəməmiş və nəticədə debitor borcu yaranmış və iddiaçının özü tərəfindən ödənilmədlidir. Ona görə də Cavabdeh əməkdaşları tərəfindən İddiaçı hesabına qanunsuz yazılmış 6657,55 manat qaz pulunun onun hesabından silinməsi tələbinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00930 nömrəli Abonent saldosundan görünür ki, 10.2010-cu il tarixdən 06.2023-cü il tarixə kimi olan dövr ərzində təbii qazdan istifadəyə görə 6948,95 manat borcunun olmadığı göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, Qaçqın şəhərciyində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, istifadə etdiyi qazın dəyərini həmişə Qaçqın və Məcburi Köçkün İdarəsi tərəfindən ödənilmişdir. 2022-ci ilin may ayında qaz nəzarətçisi ona bildiriş verərkən borcunun 6657,55 manat olmasını görüb bununla bağlı Qaz İdarəsinə müractiət etmişdir. Heç vaxt qazla bağlı borcları olmayıb və onlara borcla bağlı bildiriş verilməyib. Qaz İdarəsində ona borcunun əsasən 2010-2022-ci illərdə yarandığını bildirmişlər. O, Qaz İdarəsinin əməkdaşlarına borcun əsassız olduğunu və hesabından silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları həmin borcu onun hesabından silməmişlər. Nə üçün bu vaxtacan qazını kəsməmişlər sualı isə cavabsız qalmışdır. Göründüyü kimi cavabdeh tərəfindən bu günə qədər ona bildiriş verilməmiş və borca görə yaşadığı mənzilə verilən qaz kəsilməmişdir. Onun saldo üzrə bildirişdə 05.2022-ci il tarixə qeyri qanuni hesablanmış 6657,55 manat debitor borc silinməli olduğu halda silinməmişdir. Cavabdeh nümayəndəsi izahatında iddiaçının pozulmasını tələb etdiyi təbii qazdan istifadəyə görə yaranmış 6657,55 manat məbləğində debitor borcun xx.xx.2010-cu ildən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yarandığını göstərsə də o, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını və işin araşdırılan hallarına məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı himayəsində özü ilə bərabər 6 nəfər məcburi köçkün olmaqla, onlar məcburi köçkünlər üçün müəyyən edilmiş limit daxilində təbii qazdan istifadə etsələr də, müəyyən müddət ərzində limitdən artıq təbii qazdan istifadə etmişlər. Belə ki, İddiaçı 10.2010-cu il tarixdən 10.2019-cu il tarixə kimi olan dövr ərzində istifadə etdiyi 38568 kub metr təbii qaza görə 4844,80 manat məbləğində pulu Dövlət hesabına ödənilmiş, qalan debitor borc isə iddiaçının özü tərəfindən ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə ona hesablanmış 4844,80 manat borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 4844,80 manat borc onun hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 4844,80 manat borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar