Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-888/2023 06.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış məbləğin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cu il tarixli 286396 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 678.98 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Məhərrəmli kəndində yaşayır. Hər ay istifadə etdiyi elektrik enerjisini dəyərini tam şəkildə ödəyir. Heç vaxt sayğaca müdaxilə etməyib. xx.xx.2023-cu il tarixdə küçədə quraşdırılmış sayğaca onun məlumatı olmadan cavabdehin nümayəndələri baxış keçirmiş, lakin heç bir qüsur aşkar etməmişlər. Sonradan 678.98 manat borcunun olmasının şahidi olmuşdur. Həmin borcun necə yazılmasını soruşduqda ona bildirmişlər ki, borc məbləği sayğacdan kənar xəttədən istifadə etdiyinə görə barəsində akt yazılıb. Cavabdehin nümayəndələri öz qulluq mövqeyindən istifadə edərək belə bir saxtakarlığa imza atıblar. Hesab edir ki, barəsində yazılmış akt tamamilə əsassızdır və ona görə də etibarsız hesab edilməlidir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə edilməsi faktının aşkar edilməsindən xəbəri olmadığını bildirərkən qeyri səmimiliyə yol verərək məhkəməyə işin faktiki halları barədə yanlış məlumat vermişdir. Belə ki, aşkar edilmiş pozuntu mobil telefon vasitəsilə video çəkilişi aparılarkən iddiaçı enerji təchizatı müəssisəsinin əməkdaşlarına elektrik enerjisindən kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyini etiraf etmişdir. Bundan sonra iddiaçının barəsində EEİQ-nın tələblərinə uyğun olaraq akt tərtib tərtib edilmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablama aparılmışdır. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023cü il tarixli R286396 nömrəli aktdan görünür ki, Kürdəmir rayonu Məhərrəmli kəndində EEİQ-na riayət edilməsinin vəziyyəti yoxlanılarkən məlum oldu ki, İddiaçı həyətdə yerləşən sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar olunmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbləri rədd edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. - 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-ci il tarixli R286396 nömrəli akt tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.33-cü bəndinin tələblərinə əməl edilmiş, itirilən enerjinin bərpası ilə bağlı yenidən hesablaşma düzgün aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-ci il tarixli R286396 nömrəli aktın tərtib edilməsinə əsas səbəb iddiaçının Kürdəmir rayonun Məhərrəmli kəndində yerləşən evində sayğaca daxil olan faza xəttinin yuxarı hissəsindən birbaşa qoşularaq evə daxil olması olmuşdur. İddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi aparılmış çəkilişlə və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 678,98 manat pul məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-888/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-888/2023
06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver