Məhkəmə qərarları › İş №2(041)-970/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-970/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-970/2025 12.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək cavabdeh tərəfindən akt üzrə əsassız hesablanmış 3110.40 manat borcun abonent hesabından (abonent hesabı **********00420) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonu Xırdapay kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə müvafiq qaydada abonet müqaviləsi bağlayaraq qeydiyyata alınmış. Ona **********00420 nömrəli abonent hesabs verilmişdir. Bir neçə vaxt bundan əvvəl qaz sayğacı balansına ödəniş edərkən hesabında borcun çox olduğunu görüb, Kürdəmir Qaz İdarəsinə getmiş, ona məlum olub ki, cavbdeh X1 əməkdaşları onun barəsində akt tərtib edərək 3110.40 manat cərimə tətbiq ediblər. Hesabına yazılmış 3110,40 manat cəriməni əsassız hesab edir. Belə ki, cavabdeh qurumun əməkdaşı qaz sayğacıma hər ay 2 dəfə baxış keçirmiş və orada əgər mudaxilə halı və yaxud kənar xətt olsaydı mütləq şəkildə ona bildirməli idi. Sənədlərlə və aktla tanış olarkan ona məlum olub ki, onun mənzilində qaz sayğacından kənar 365 gün qazdan istifadə olunub. Onun abonent saldosuna da baxanda hər ay ödəniş etmiş. O yazılmış cəriməni silmələrini də xahiş etsə nəticə əldə olunmadı. Bundan əlavə cavabdeh qurum mənzildə qazdan qanunsuz istifadə halı aşkar etmişdirsə bununla bağlı hüquq mühafizə orqanlarına və yaxud digər orqanlara müraciət etməli idi. Halbuki, bu günə qədər heç bir orqana çağırılıb dindirilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin əməkdaşları tərəfindən həmin tarixdə Kürdəmir rayon Xırdapay kəndində yerləşən İddiaçı məxsus küçədə quraşdırılmış G-4 markalı **********236 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Akta ev sahibi İddiaçı imza etmişdir. - dəymiş ziyanın bərpasına dair tələbnamədə istifadə edilmiş qazın dəyəri 360 gün müddətində və sutkanın 12 saat ərzində yararlanması nəzərə alınaraq, dəymiş ziyan 25920 m3 hesablanmışdır. - abonentin saldosunda 2022-2024-cü illərdə qazın sərfi qrafasında göstərici “0” göstərilmişdir. İş materiallarına eyni zamanda qazın alqı-satqı müqaviləsi, xəbərdarlıq məktubu, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə yeni redaksiyada 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mübahisələndirilən akt üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı heç bir sübut, məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən İddiaçı oğluna məxsus evdə quraşdırılmış ELSTER tipli G-4 markalı **********236 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar xəttdən istifadə etdiyi müəyyən olunmuşdur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 60 gün götürülməklə sutkanın 12 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 518.40 manat (3110.40:12x2=518.40) əlavə hesabat aparılmalı, qalan 2592 manat (3110.40- 518.40) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 518.40 manat əlavə hesabat aparılmalı, qalan 2592 (iki min beş yüz doxsan iki) manat İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat əlavə hesabat aparılmalı, qalan 2592 (iki min beş yüz doxsan iki) manat İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar