Məhkəmə qərarları › İş №2(042)-102/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-102/2021

24.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-102/2021 24.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Kəsəmən kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırlması və ölçü işlərinin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh Aybəniz Həsrət qızı onun mərhum qardaşı X2 arvadıdır. Cavabdeh ona qanuni əsaslarla istifadəsinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına maneə yaradır. O, əvvəllər həbsdə olmuşdur. Hazırda həbsdən azad olunmuş və istifadəsinə verilmiş, Gədəbəy rayonunun Kəsəmən kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə görə mülkiyyət hüququna dair Çıxarış almaq istəyir. Lakin cavabdeh buna maneə yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildridi ki, o, Gədəbəy rayonu, Kəsəmən kəndində yaşayır. İddiaçı onun qayınıdır. Namazov Fəxrrədin uzun müddət həbsdə olmuşdur. Hazırda ölçü işlərinin aparılmasını tələb etdiyi torpaq sahəsi iddiaçıya məxsus deyil. İddiaçı ona ayrılmış, torpaq sahəsini satmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Namazov X3 rayonu, Kəsəmən kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli, 179 saylı arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivinin mühafizəsində Gədəbəy rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə 07 avqust 1996-cı il tarixli 135 nömrəli sərəncamı saxlanılır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Gədəbəy rayon Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyinin akt qeydləri kitabından çıxarışdan görünür ki, X1 Hava Məsim qızı ilə nikahlarını 08.02.1965-cı il tarixdə bağlamışlar, nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.06.2020-ci il tarixli arayışdan görünür ki, X6 17.10.2012-ci il tarixdə Gədəbəy rayonu, Kəsəmən kəndində “böyrək çatışmamazlığından” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.06.2020-ci il tarixli arayışdan görünür ki, X8 06.01.2014-cü il tarixdə Gədəbəy rayonu , Kəsəmən kəndində “Miokard infakt” səbəbindən ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 11/M-028 saylı arayışdan görünür ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən 15.03.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxışına mütəxəssislər İlqar Məmmədov və Tural Nəcəfovun iştirakı təmin olunmuş, lakin iddiaçı və cavabdeh arasında olan mübahisə zəminində cavabdeh ərazinin ölçülməsinə maneəçiliklər törədərək ölçülər aparılarsa özünü öldürəcəyini bildirdi. Bu səbəbdən ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazidə lazımı ölçülər götürülmüş və araşdırılma zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsinin harada yerləşməsi barədə koordinatları özündə əks etdirən cizgi sxem olmaması səbəbindən yerinin müəyyən olunması və sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonu, Kəsəmən kəndində yerləşən mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olub-olmaması öz təsdiqini tapmamasına baxmayaraq iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasında və həmin torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinə cavabdeh tərəfindən maneələrin yaradılmasını bildirməkdə iddialı olmuşdur. Həmçinin 15.03.2021-ci il tarixə təyin edilmiş mübahisəli əraziyə baxış zamanı mütəxəssislər tərəfindən ölçmə işlərin aparılmasına cavabdeh tərəfindən maneəçilik törədilmişdir. Göründüyü kimi cavabdeh mübahisəli ərazidə ölçmə işlərinin aparılmasına maneəçilik yaratmaqda qərəzli olmuşdur. Eləcə də mütəxəssis rəyinə əsasən, təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsinin harada yerləşməsi barədə koordinatları özündə əks etdirən cizgi sxem olmaması səbəbindən yerinin müəyyən olunması mümkün olmamasına baxmayaraq məhkəmə mübahisənin həlli ilə əlaqədar hesab edir ki, mübahisəli torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölçmə işlərinə edilən maneələr aradan qaldırılmalıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu Kəsəmən kəndində yerləşən mübhisəli torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu Kəsəmən kəndində yerləşən mübahisəli torpaq sahəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar