Məhkəmə qərarları › İş №2(042)-131/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-131/2022

18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-131/2022 18.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomaşın yolunda cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və yoldan istifadəyə edilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonunun Poladlı kəndində yerləşən evinə gedən avtomaşın yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin oğlu və Cavabdeh3 tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən yoldan istifadədə edilməsinə edilən hər cürə maneələrə son qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, uzun illərdir ki, Gədəbəy rayonu, Poladlı kəndində yaşayır. Cavabdehlərlə yaxın qonşuluqda yaşayırlar və onların evinə gedən avtomaşın yolu cavabdehlərə məxsus olan evin həyətindən keçir. Evlə avtomaşın yolunun ara məsafəsi 3.5 metrdir. Cavabdehlərlə son dövrə qədər mehriban yaşamışlar, onların aralarında heç bir münaqişə və narazılıq olmamışdır. 2020-ci il tarixdə cavabdehlər avtomaşın yolunun onların həyətindən keçən hissəsinə darvaza qoymuş və ona bildirmişlər ki, onların toyuq cücələri həyətdən kənara çıxıb gedir. O, həmin darvazanın qoyulmasına etiraz etməmiş və bir müddət həmin darvazanı açıb bağlamaqla gedib gəlmişlər. Sonda cavabdehlər ona “sən gündə iki üç dəfə bura ilə maşın surub gedib gəlirsən belə olmaz” deyə bildirmişlər və onların aralarında narazılıqlar yaranmağa başlamışdır. O, ilkin olaraq bu məsələnin dinc yolla həll edilməsi məqsədi ilə Poladlı kənd İƏD-üzrə nümayəndəsi Q.Alıyevə və Qaraməmmədli Bələdiyyəsinin sədri M.Həsənova məlumat vermişdir. Həmin şəxslər tərəfindən mübahisə edilən avtomaşın yoluna baxış keçrilmiş və cavabdehlərə bu əməllərindən əl çəkməsi bildirilmişdir. Lakin bunun sakit bir şəkildə həll edilməsi mümkün olmamışdır. O, məcburiyyət qarşısında qalaraq “avtomaşın yoluna qoyulmuş darvazanın götrülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən manelərə qadağa qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Gədəbəy rayon Məhkəməsinin hakimi F.Mirzəquliyevin sədriliyi ilə həmin mübahisəli yola baxış keçirilmiş eyni zamanda mütəxəssis gəlmiş və sonda hakim F.Mirzəquliyev tərəfindən xx.xx.2021-ci il tarixdə həmin mülki işə baxaraq onun iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehlər həmin avtomaşın yoluna qoymuş darvazanı toyuq cücəsinin başqa yerə getməməsi üçün həmin darvazanı qoymuş və onun həmin yoldan sərbəst şəkildə istifadə etməsi onlar heç cürə maneçilik törətmirlər. Bu qətnamədən sonra cavabdehlər birmənalı şəkildə onun həmin yoldan istifadə etməsinə qadağa qoydular. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin mülki işə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov tərəfindən xx.xx.2021-ci il tarixdə baxılaraq Gədəbəy rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, guya mübahisə edilən avtomaşın yolu cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən keçir. Mülki işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə edilən yolun cavabdehlərin mülkiyyətinə aid olan torpaq sahəsi olub-olmamasını sübut etmək mümkün olmamışdır. Cavabdehlər halhazırda onun evinə gedən avtomaşın yoluna daş tökərək xım qazaraq nəsə tikmək istəyirlər. O, bununla bağlı yenidən aidiyyəti üzrə yerli qurumlara müraciətlər etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. O, yenidən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətiə gəlmişdir. Odur ki, evinə gedən avtomaşın yolunun cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulmasını və cavabdehlər tərəfindən yoldan istifadə edilməsinə edilən hər cürə maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki 2020-ci il tarixdə İddiaçı Cavabdeh1 qarşı ona məxsus Gədəbəy rayonunun Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yolunun Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(042)-30/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası əsassız olduğu üçün təmin edilməmişdir və bu barədə qətnamə qət edilmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 26 oktyabr 2021-ci il tarixli 2(104)-2617/2021 saylı qətnaməsi ilə iddiaçı olaraq İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon Məhkəməsinin 12 mart 2021ci il tarixli 2(042)- 30/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı isə yenidən məhkəmədə iddia qaldırmışdır. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il taixli 26 saylı qərarına əsasən JN-042A KOD 50523018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi əsasında X1 və onun ailə üzvlərinin mülkiyyətinə 0.53 ha torpaq sahəsi verilmişdir. İddiaçı ona məxsus olan Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.53 ha torpaq sahəsində yerləşən evinə gedən avtomobil yoluna guya onlar tərəfindən müdaxilə edildiyini göstərmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 26 saylı qərarına əsasən JN- 041A KOD 50523018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi əsasən Cavabdeh1 0.33 ha və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il taixli 26 saylı qərarına əsasən JN-041B KOD 50523018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinə əsasən Cavabdeh1 qızma 0.09 ha həyətyanı torpaq sahələri verilmişdir. İddiaçının mübahisələndirdiyi yol Cavabdeh1 torpaq sahəsindən keçir. Mübahisəli yol onun evinin qapısının yanından keçir. Ona görə də, həmin yoldan istifadə onların fərdi yaşayış evində istifadəsinə maneə yaradır. Həmin avtomobil yolu 1975-ci ildən mövcuddur. Lakin, hazırda həmin yoldan iddiaçı tərəfindən istifadə onların fərdi yaşayış evindən istifadəsinə maneə yaratdığından, iddiaçının yoldan istifadəsinə icazə vermir. Həmçinin iddiaçının fərdi yaşayış evinə özünə məxsus torpaq sahəsindən yol açmaq imkanı vardır. Ona görə də, iddiaçının onlara məxsus olan torpaq sahəsindən keçən avtomobil yolundan istifadəsinə icazə verməyəcəkdir. O, özünə məxsus torpaq sahəsində tikinti işləri aparır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 283 saylı arayışdan görünür ki, o, hal-hazırda Poladlı kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-042A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 və ailə üzvinə 0.53 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-041A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 0.33 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-041B saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 0.09 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-30/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı avtomobil yoluna qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qətnamə ilə iddia tələbi təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(104)-2617/2021 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-30/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gədəbəy rayonu, Qaraməmmədli Bələdiyyəsi tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli, 63 nömrəli arayışdan görünür ki, Gədəbəy rayonu Poladlı kənd sakini İddiaçı hal-hazırda yaşadığı ev mərhum atası X3 tərəfindən 1975-ci ildə tikilmişdir. Həmin tarixdən həmin evə müntəzəm olaraq gediş-gəliş yolu işlək vəziyyətdə olmuşdur. Həmin yol Cavabdeh1 tərəfindən heç bir əsası olmadan 2020-ci ilin iyul ayından hal-hazıradək qeyri-qanuni olaraq bağlanmışdır. Bələdiyyə və Nümayəndəlik tərəfindən dəfələrlə X6 gediş-gəliş yolunun açılması barədə izah edilməsinə baxmayaraq həmin yolu açmaqdan imtina etmişdir. Hal-hazırda həmin yol bağlı vəziyyətdədir və İddiaçı başqa sahədən alternativ yolu yoxdur. İşdə olan ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis arayışdan görünür ki, mübahisələndirilən ərazilərin koordinatları götürülmüş, lakin, faktiki istifadə vəziyyəti ilə Poladlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, Hal-hazırda Gədəbəy rayonu ərazisində aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi. Vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı işlər həyata keçirilir. Həmin işlər başa çatdıqdan sonra “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanının 2.5 bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı madəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəkdir. Bu səbəbdən də qərardadla qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi şəhadətnamə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, gediş-gəliş üçün avtomobil yolunun açılmasını tələb etdiyi torpaq sahəsinin İddiaçı mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilmir. Belə ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına şəhadətnamə tərtib olunmuş və həmin torpaq sahəsinə X5, onun ölümündən sonra isə oğlu İddiaçı faktiki sahiblik etmişdir. Bu baxımdan iddiaçının (mərhum atasının) həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent huqununa istinad edərək hesab edir ki, mübahisəli torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Belə olan halda, İddiaçı həmin torpaq sahəsinə gedən avtomaşın yolunda tikinti işlərinin aparılmasına qadağa qoyulması və yoldan istifadəsinə edilən maneələrə son qoyulması ilə əlaqədar iddia qaldırmaq üçün subyektik hüququ vardır. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına son qoyulması və istifadəsinə edilən müdaxilələrə son qoylması tələb olunan avtomobil yolu qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yoldan iddiaçının istifadə etməsinə cavabdehlər tərəfindən maneələr yaradılmalı və həmin maneələr qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş digər sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-042A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, iddiaçının atası mərhum X2 və ailə üzvinə 0.53 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin avtomaşın yolunda cavabdehlər tərəfindən tikinti işlərinin aparıldığını və yoldan istifadəsinə maneələr yaradıldığını iddia etmişdir. Qeyd edilən xüsussatların araşdırılması üçün mütəxəssis cəlb edilmiş və məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Mütəxəssis tərəfindən verilmiş arayışa əsasən, mübahisələndirilən ərazilərin koordinatları götürülmüş, lakin, faktiki istifadə vəziyyəti ilə Poladlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata əsasən, eyni səbəbə görə qərardadla qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Eləcə də, iddiaçı bundan əvvəllər də İddiaçı avtomobil yoluna qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-30/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “iddiaçının açılmasını tələb etdiyi yolun üzərində cavabdeh tərəfindən bağlama cəftəsi və qıfılı olmayan darvaza qoyulmuşdur. Yol cavabdehə məxsus həyətyanı sahə ilə cavabdehə məxsus yaşayış evinin qapısından 3.5 m məsafədə keçərək iddiaçının həyətinə doğru gedir. Yəni, iddiaçının qeyd etdiyi avtomobil yolu cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir. Həmin yoldan iddiaçının istifadəsinə heç bir maneə yaradılmır. Cavabdeh həmin darvazanı qonuşunun toyuq-cücəsi və mal-qarası ona məxsus əkin sahəsinə ziyan vurmaması üçün qoymuşdur. Yəni, iddiaçı həmin darvazanı açıb-bağlamaqla yoldan istifadə edə bilər.” Həmçinin Gədəbəy rayonu, Qaraməmmədli Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, Gədəbəy rayonu Poladlı kənd sakini İddiaçı hal-hazırda yaşadığı ev mərhum atası X3 tərəfindən 1975-ci ildə tikilmişdir. Həmin tarixdən həmin evə müntəzəm olaraq gediş-gəliş yolu işlək vəziyyətdə olmuşdur. Həmin yol Cavabdeh1 tərəfindən heç bir əsası olmadan 2020-ci ilin iyul ayından hal-hazıradək qeyri-qanuni olaraq bağlanmışdır. Bələdiyyə və Nümayəndəlik tərəfindən dəfələrlə X6 gediş-gəliş yolunun açılması barədə izah edilməsinə baxmayaraq həmin yolu açmaqdan imtina etmişdir. Hal-hazırda həmin yol bağlı vəziyyətdədir və İddiaçı başqa sahədən alternativ yolu yoxdur. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisəli avtomaşının yolunun onlara məxsus torpaq sahəsində keçdiyini bildirsələr də, mütəxəssis arayışına və ekspert məlumatına əsasən, iddiaçının yaşadığı fərdi yaşayış evinə gedən mübahisəli yolun cavabdehlərin mülkiyyətində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-30/2021 saylı qətnaməsi ilə, darvazanın açılıb-bağlanmaqla yoldan istifadə edə bilməsi müəyyən edilməsinə baxmayaraq, cavabdehlər həmin qətnamədən sonra darvazanı bağlayaraq, eləcə də, həmin avtomaşın yolunda tikinti işləri apararaq iddiaçının avtomaşın yolundan istifadəsinə maneə yaradırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında həmin mübahisəli avtomaşın yolunu bağlamalarını və tikinti işləri aparmalarını mübahisələndirmədirlər. Məhkəmə hesab edir ki, mübahisəli avtomaşın yolundan iddiaçı və ailə üzvləri 1975-ci ildən istifadə edirlər. Ona görə də, cavabdehlərin hazırda iddiaçı tərəfindən həmin avtomaşın yolundan istifadəsinin onların fərdi yaşayış evlərindən istifadələrinə maneələrin yaratması barədə izahatlarını məhkəmə inandırıcı hesab etmir. Belə olan halda, iddiaçının fərdi yaşayış evinə gedən başqa yolunun olmaması və cavabdehlər tərəfindən mübahisəli avtomaşın yolunun bağlanması, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı mübahisəli avtomaşın yolunda cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasına qadağa qoyulması və yoldan istifadəsinə edilən maneələrə son qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Gədəbəy rayonunun Poladlı kəndində yerləşən evinə gedən mübahisəli avtomaşın yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin oğlu və Cavabdeh3 tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulmalı və cavabdehlər tərəfindən iddiaçının yoldan istifadə etməsinə edilən hər cür maneələrə son qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən mübahisəli avtomaşın yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin oğlu və Cavabdeh3 tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulsun və cavabdehlər tərəfindən iddiaçının həmin yoldan istifadə etməsinə edilən hər cür maneələrə son qoyulsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin oğlundan və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar