Məhkəmə qərarları › İş №2(042)-136/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-136/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-136/2025 10.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarş 15000 manat pulun və 135 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 19:45 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 63-cü kilometrliyində Cavabdeh idarə etdiyi PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2105” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymiş,X2, X8 yüngül dərəcəli, X3, X5, X4, X1 az ağır dərəcəli xəsarət almış, X12 vəfat etmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1046/2022 saylı Hökmü ilə Cavabdeh oğlnun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi təsdiqini tapmışdır.Sığortalı “Ford Transit” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X7 vəfatı ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA108817 və PXA120387 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 5000 manat, X2 və X8 yüngül dərəcəli xəsarət aldığından iş üzrə PXA108809 və PXA108818 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə hər birinə 750 manat, X3, X5, X4 və X1 az ağır dərəcəli xəsarət aldığından iş üzrə PXA108810 və PXA108811, PXA108812 və PXA108813 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə hər birinə 1500 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir.Həmçinin, “VAZ 2105” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və müəyyən olunmuşdur ki, zərərçəkən nəqliyyat vasitəsinə ümumilikdə 2500 manat zərər dəymişdir.Avtonəqliyyat vasitəsinin təmiri üçün Xalq Sığorta” ASC tərəfindən iş üzrə PXA108807 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 2500 manat sığorta ödənişi ödənilmişdir.Bununla da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ümumilikdə 15000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC məhkəmə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə yaşayış yeri və cəzaçəkmə müəssisəsinə məhkəmə bildirişləri göndərilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törtməkdə təqsirli bilnmiş, ona 02 il müddətində nəqilyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəxasi təyin edilmişdir. İşdə olan Sığorta Ödənişi ilə bağlı PXA108817 və PXA120387 PXA108809 və PXA108818 PXA108810 və PXA108811, PXA108812 və PXA108813 PXA108807 nömrəli Aktların surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə etmək hüququ olmadan “Ford Transit” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2105” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat valı avtomobilin təmiri üçün cəmi 2500 manat məbləğində pul hesablanmışdır. İşdə olan Qəzdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 135 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə etmək hüququ olmadan idarə olunan “Ford Transit” markalı **- OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2105” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə nəqliyyat vasitəsinə maddi zərər dəymiş, X2, X8 yüngül dərəcəli, X3, X5, X4, X1 az ağır dərəcəli xəsarət almış, X12 vəfat etmişdir. Cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X7 vəfatı ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA108817 və PXA120387 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 5000 manat, X2 və X8 yüngül dərəcəli xəsarət aldığından iş üzrə PXA108809 və PXA108818 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə hər birinə 750 manat, X3, X5, X4 və X1 az ağır dərəcəli xəsarət aldığından iş üzrə PXA108810 və PXA108811, PXA108812 və PXA108813 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə hər birinə 1500 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Həmçinin, “VAZ 2105” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2500 manat, yəni, cəmi, 15000 manat ödənilmişdir. Cavabdehin sürücülük hüququ olmadığına iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olan 15000 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 135 manat alınaraq, "xxxx" Sığorta Şirkəti ASC-ə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 233.1, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 135 manat alınaraq, "xxxx" Sığorta Şirkəti ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar