Məhkəmə qərarları › İş №2(042)-23/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-23/2022

12.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-23/2022 12.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə verilmiş, JN-0079 KOD 50501004 saylı Dövlət aktı əsasında 0.66 ha pay torpaq sahəsinin Cavabdeh və ona düşən torpaq sahəsinin real bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasınm 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı əsasında ona və ailə üzvlərinə ümumilikdə 0.66 ha (əkin və biçənək) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini o istifadə edə bilmir. Belə ki, həmin torpaq sahəsini bütövlükdə cavabdeh qardaşı Cavabdeh istifadə edir. Valideyinlərinin hər ikisi vəfat etmişdir. O, dəfələrlə cavabdehə sözü gedən torpaq sahəsini boşaltmağı təklif etsə də bu mümkün olmamışdır. O, bu barədə aidiyyəti orqanlara, eləcə də DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciətlər etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, torpaq sahəsindən payların müəyyən edilməsinə və iddiaçıya 0.08 ha torpaq sahəsinin iddiaçıya verilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən 26.01.2021-ci il tarixdə verilmiş 233 saylı arayışdan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyinin 9 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 90-cı səhifəsində qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X2 22.11.1999-cu il tarixdə, X5 isə 25.03.2002-ci il tarixdə ölmüşdür. İşdə olan JN-0079 KOD 50501004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X1 və onun ailə üzvlərinə 0.66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş, 01.12.2021-ci il tarixli, 11/M-184 nömrəli arayışdan görünür ki, həmin məsələ ilə bağlı kameral şəraitdə dəqiqləşdirmə aparılarkən JN- 0079 KOD50501004 saylı “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Gədəbəy rayonu Qumlu kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada payların ayrılması texniki cəhətdən mümkün olmaması aşkar olunmuşdur. Belə ki, kənd təsrrüfatı təyinatlı torpaq sahələri bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yaranır. Bu isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacaqdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 10/7258 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Tovuz LTİ-nin mütəxəssis arayışına əsasən, tərəflərin paylarının naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacağına görə, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci it tarixli, 09 saylı qərarı ilə verilmiş, JN-0079 KOD 50501004 seriyalı Dövlət aktına əsasən, X1 və onun ailə üzvlərinə məxsus olan 0.66 ha torpaq sahəsindən İddiaçı və Cavabdeh məxsus olan payların naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən olundu. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə verilmiş 0.66 ha torpaq sahəsinin Cavabdeh və ona düşən torpaq sahəsinin real bölgüsünün aparılmasını (naturada bölünməsini) tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 10/7258 nömrəli ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Tovuz LTİ-nin mütəxəssis arayışına əsasən, tərəflərin paylarının naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacağına görə, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci it tarixli, 09 saylı qərarı ilə verilmiş, JN-0079 KOD 50501004 seriyalı Dövlət aktına əsasən, X1 və onun ailə üzvlərinə məxsus olan 0.66 ha torpaq sahəsindən İddiaçı və Cavabdeh məxsus olan payların naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Odur ki, payların naturada bölgüsü texniki cəhətdən mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərc 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin . Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar