Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-23/2024 07.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh iştirаkı ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı cavabdehdən vurulmuş zərərin əvəzi olan 25719 manat məbləğində pul vəsaitinin və dekabr ayından mart ayına qədər hər ay üçün dəymiş zərər olan 1000 manat, yəni, cəmi, 4000 manatın alınaraq, ona ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələblərinə uyğun olaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 01 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bidirmişdir ki, cavabdehlə şifahi olaraq, podrat müqaviləsi bağlamış, 2022-ci ilin avqust ayında ona Bakı şəhəri, X3 küçəsində yerləşən özünə məxsus torpaq sahəsində kafe binasının tikintisini tapşırmışdır. Cavabdeh tikintini oktyabar ayında tamamlayacağını vəd etmişdir. Cavabdeh tikilinin damını, istilik sistemini, suvaq işlərini, qapıların, pəncərələrin qoyulmasını qüsurlarla icra etmiş, qapı-pəncərələri əyri qoymuş, damın yerləşdiyi millər arasında məsafə normaya əsasən 1 metr nəzərdə tutulduğu halda, cavabdeh məsafəni 3 metr etmiş, istilik sistemi üçün 500 metr uzunluqda borular almalı olduğu halda, 300 metr almışdır. Profillər, millər düzgün quraşdırılmamış, alçipan da düzgün vurulmamış, alçipan tökülmüşdür. Aqlay isə əyri vurlmuşdur. Bütün bu hərəkətləri ilə cavabdeh ona 25719 manat miqdarında zərər vurmuşdur.Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddaçı ilə aralarında həqiqətən şifahi olaraq, podrat müqaviləsi bağlanılmış və o, tikinti-təmir işlərini aparmışdır. Tikinti işlərini iddiaçının ona tapşırdığı kimi yerinə yetirmiş, heç bir qüsura yol verməmişdir. Əgər işi qüsurlu görürdüsə, iddiaçı ona vaxtında iradlarını bildirməli, tikintinin aparılmasını dayandırmalı idi. Tikintiyə təxminən, 7-8 min manat miqdarında materiallar sərf edilmişdir. İddiaçının oğlu Pərviz daim işə nəzarət etmiş, qüsurlar barədə iradlarını bildirməmişdir. O, tikilinin döşəməsinə dörd qat beton vurmuşdur. İstilik sistemini düzgün quraşdırmışdır. Əgər sitemdə qüsurlar varsa, bu sonradan yaranmışdır. Profillər, millər düzgün quraşdırılmış, alçipan da düzgün vurulmuşdur. Alçipanın tökülmə səbəbi sonradan rəngsaz tərəfindən bir neçə qat şpatlyevka vurulması olmuşdur. Aqlay isə tikilinin hər iki tərəfində başqa tikilililərin olması və buna görə də ölçülərin tənzimlənməsi mümkün olmadığı üçün əyri vurulmuşdur. Tikintiyə iddiaçının göstərdiyi miqdarda vəsait xərclənməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və nlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, 2022-ci ilin avqust ayında iddiaçı ilə cavabdeh arasında kafe kimi nəzərdə tutulmuş tikilinin tikilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh tikintini tamamlamamışdır. Cavabdehin gördüyü işlər isə qüsurlu olmuşdur. Divar əyri qoyulmuş və hörgüsü çatlamış, damda millər arasında məsafə böyük olduğu üçün uçma təhlükəsi var. Pəncərələrin çərçivəsi düz qoyulmadığı üçün açılmırlar. İstilik sisteminin quraşdırılması üçün aldığı boruların uzunluğu 350 metdir. Yəni, boru bütün döşəməni əhatə etmir. Cavabdeh alçipanı da düz vurmamış, alçipan tökülmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş X2 ifadə verərək, buildirmişdir ki, cavabdehi tikinti ustası kimi tanıyır. O, da işlərin görülməsində cavabdehə kömək etmiş, fəhləlik etmişdir. Cavabdeh isti döşəməni özü quraşdırıb. Alçipanı düzgün vurmayıb. Cavabdeh damın milləri arasındakı məsafəni çox edib. Divarı əyri hörüb, qapı-pəncərələri düz qoymamış, işi də sonadək yekunlaşdırmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli Ekspert Rəyindən görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin divarlarının paralel olan divarlarının eyni ölçülü olmadığı (dioqanal), divarlar arasında en hissəsində 10 sm fərq olduğu, 2 saylı otağın tavanın çökməsi, çatlamsı, zalın döşəməsinə quraşdırılmış isti polun eksperiment nəticəsində tam isidilmədiyi, pəncərə altına vurulmuş aqlay daşının bir hissəsinin düzgün vurulmadığı müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymərlərinə uyğun olaraq, dəyəri 9313.5 manat məbləğində olduğu müəyyən edilir. Rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5v saylı binanın qarşısında yerləşən obyektin tikintisinə çəkilmiş xərcin bazar qiymətılərinə uyğun dəyəri 25719 manat məbləğində müəyyən edilir. İşdə olan Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 manatdır. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izаhаtlarını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Məcəllənin 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 2022-ci ilin avqust ayında iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanılmış, cavabdeh iddiaçının sifarişi ilə muzd müqabilində təmir-tikinti işlərini aparmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh tikinti-quraşdırma işlərini qüsurlu icra etmiş, tikilinin paralel olan divarları eyni ölçülü olmamış, divarlar arasında en hissəsində 10 sm fərq olmuş, 2 saylı otağın tavanı çökmüş, çatlamış, zalın döşəməsi tam isidilməmiş, pəncərə altında aqlay daşının bir hissəsi düzgün vurulmamışdır. Bu qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin 9313.5 manat miqdarında müəyyən edimişdir. İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər hər ay ona 1000 manat miqdarında zəyan vurulması halını təsdiq edən heç bir sübut təqdim etməmişdir və bu hissədə iddia tələbi təmin edilməməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 9313.5 manat alınaraq, iddiaçıya verilməlidir. İddia ərizəsi qismən təmin edildiyi üçün 100 manat məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib hissəsi, yəni, 40 manat cavabdehdən, 60 manat isə iddiaçıdan alınaraq, dövlət büdcəsinə keçirilsin. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа ərizəsi qismən təmin edilsin. Cavabdeh 9313.5 manat alınaraq, İddiaçı verilsin. Cavabdeh 40 manat, İddiaçı isə 60 manat alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-23/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-23/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver