Məhkəmə qərarları › İş №2(042)-307/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-307/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-307/2024 19.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia qaldıraraq, ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun İnzibati ərazisində, Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsinə gedibgəlmək üçün, Cavabdeh istifadəsində olan torpaq sahəsindən (örüş yerindən) 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolunun ayrılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh onun həmkəndlisidir. Ona Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Gədəbəy rayonunun İnzibati Ərazisində Gölməc yaylağı adlanan ərazidə 122 ha örüş yeri verilmişdir. Həmin örüş yeri cavabdehin istifadəsində olan örüş yeri ilə qonşudur. Həmin torpaq sahəsindən 2005-ci ildən istifadə edir və həmin otlaq sahəsinə görə onun istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. Son iki ilədək o həmin örüş yerinə maneəsiz gedib-gəlmişdir. Lakin son iki ildə cavabdeh həmişə istifadə etdiyi ərazidən öz sahəsinə gedib-gəlməsinə ona maneə yaradır. O, dəfələrlə cavabdehdən ona yaratmış oldğu maneəni aradan qaldırmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Bu isə ona arzu olunmayan çətinliklər yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş torpaq sahəsinə gedib-gəlməyisinə, cavabdehin istifadəsində olan torpaq sahəsindən 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolu müəyyən etsin. Çünki onun istifadəsində olan torpaq sahəsinə gedib-gəlməsinə başqa yol yoxdur. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun istifdadəsinə örüş sahəsi verilmişdir. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının örüş sahəsi ilə onun örüş sahəsi həmsərhəddir. İddiaçının istifadəsində olan örüş sahəsinə onun örüş sahəsindən yol olmamışdır. İddiaçının örüş sahəsinə hər tərəfdən bir çox yol vardır. Həmçinin digər örüş sahələrindən də yol ala bilər. Lakin iddiaçı qəzəzli olaraq onun istifadəsində olan torpaq sahəsindən yol istəyir. Onun istifadəsində olan torpaq sahəsindən iddiaçının örüş sahəsində keçid-yol açımasına razı deyildir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy RİH Başçısı ilə Düzyurd kənd sakini İddiaçı arasında yay otlaq sahəsində 23 nömrəli sahədən 122 hektar otlaq sahəsi 15 (on beş) il müddətinə istifadə etmək üçün icarəyə verilməsi barədə bağlanmış 11 iyul 2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, 23 saylı yay otlağında yerləşən 111.50 ha torpaq sahəsinin Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamı və Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi əsasında İddiaçı icarəyə verilməsi xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-70/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu yoxdur. İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolunun açılması ancaq Cavabdeh icarəyə verilmiş torpaq sahəsindən keçən və hal-hazırda bağlanmış yoldan servitut qaydasında mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məhkəmədə müəyyən olundu ki, Gədəbəy rayonu, 23 saylı yay otlağında yerləşən 111.50 ha torpaq sahəsi Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamı və Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi əsasında İddiaçı icarəyə verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona icarəyə verilmiş örüş sahəsinə yol olmadığını bildirmiş və cavabdehə icrarəyə verilmiş örüş sahəsindən zəruri keçid yolunun açılmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarını müəyyən edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası MM-nin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servituttorpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; -torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt vəşəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; - torpaq sahəsində drenaj işləri aparmaq; -torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); -torpaq sahəsindən mal-qaranı keçirmək; -yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və malqara otarmaq; -torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçünmüvəqqəti istifadə etmək; -qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçəntikililər və qurğular ucaltmaq; -qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğularınucaldılmasını qadağan etmək; -torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digərtəbiətqoruyucu obyektlər yaratmaq; -qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digərservitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçilərinin öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılarından və su ehtiyyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyən olunmuş qaydada istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi qanuni əsaslarla cavabdehin icarəsindədir və onun hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki halda isə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri keçid yolunun verilməsi barədə tələbinin hüquqi əsası yoxdur. Həmçinin İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-70/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Məhkəmədə müəyyən edildi ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə keçid digər qonşuların vasitəsi ilə də mümkündür. İddiaçı cavabdehin icarəsində olan torpaq sahəsindən zəruri keçid açılmasını tələb etməsinə baxmayaraq, məhkəmədə müəyyən edildi ki, ididaçı həmin keçidi piyada istifadəsi üçün yox, mal-qaranı örüş sahəsinə aparmaq üçün istifadə etmək istəyir. Belə olan halda cavabdehin istifadəsində olan örüş sahəsindən istifadə etməsinə əhəmiyyətli maneə yarada bilər və ona ziyan vurulması ilə nəticələnə bilər. Həmçinin iddiaçının zəruri keçid üçün tələb etdiyi yolun uzunluğunu və enini nəzərə alsaq, belə bir zəruri keçidin açılması tələbi əsassızdır və cavabdeh hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh icarəsində olan örüş sahəsindən iddiaçıya zəruri keçid yolunun açılması onun öz mükiyyətindən maneəsiz istifadə etmək hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu, məhkəmə icraatı zamanı mürəxəssis xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar