Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-323/2021 02.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 250 manat məbləğində sığorta ödənişinin və 20,40 manat dövlət rüsumu, cəmi 270,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” ASC-ə ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21214" markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni, xx xxxxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "VAZ-21063" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gədəbəy DYPB-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. İddiaçı tərəfindən zərərçəkmişin avtomobilinin zədələnməsi bağlı 250 manat məbləğində sığorta ödənişi verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin nümayəndəsi Fuad Ələkbərov məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş və ona xarici ölkənin sürücülük vəsiqəsi ilə bir il müddətinə etibarnamə verilmişdir. Lakin bu zaman ona xarici dövlətin sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən yalnız bir ay ərzində idarə etmək hüququna malik olmasını izah etməmişlər. Bu müddət ərzində polis əməkdaşları da heç vaxt ona hər hansı bir irad bildirməmişlər. Yol nəqliyyat hadisəsi da hər iki tərəfin qarşılıqlı təqsiri nəticəsində baş vermişdir. Lakin o, bu barədə hər hansı bir mübahisə yaratmaq istəməmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar protokol tərtib edilərkən də yol polisi əməkdaşları ona sürücülük vəsiqəsinin olmaması ilə əlaqədar irad bildirməmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında eyniməzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İcbari Sığorta Müqaviləsinə Dair Məlumatdan görünür görünür ki, “xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ 21214" markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "VAZ 21063" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı Aktın surətindən görünür ki, X1 avtomobilinə dəyən zərər görə “xxxx” Sığorta Şirkəti 250 manat sığorta ödənişi həyata keçirmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəmkir DYPB-nin xx.xx.2020-cu il tarixli, TP ******* saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat miqdarında cərimə inzibati tənbehi verilmişdir. İşdə olan etibarnamədən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bir il müddətə etibarnamə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. “X6” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21214" markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni, xx xxxxxxxx 2020-ci il tarixdə Şəmkir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh X2 tərəfindən idarə olunan "VAZ-21063" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Şəmkir DYPB-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə idarə etmişdir. Zərərçəkmişin avtomobilinin zədələnməsi ilə əlaqədar iddiaçı tərəfindən 250 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 nəqliyyat vasitəsinin idarə edilməsi üçün Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş etibarnaməsinin olmasını bildirmiş və həmin etibarnaməni məhkəməyə təqdim etmişdir. Məhkəmə nəzərə alır ki, cavabdeh X4 başqa dövlət tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsinin idarəetmə hüququnda olan məhddiyyətlə əlaqədar xüsusi normanın ona izah edilməsi hüququ olmuşdur. Onun bu hüququnun pozulması baş vermiş yol nəqliyyat hadisəsini sürücülük hüququ olmadan törətməsində təqsirini istisna edir. Məhkəmə bu qərara gələrkən o halı da nəzərə alır ki, yol nəqliyyat hadisəsinin sənədləşdirilməsi zamanı da onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsində təqsirliliyi müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-323/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-323/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver