Məhkəmə qərarları › İş №2(042)-352/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-352/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-352/2021 08.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı2 vəkili X5, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinin nümayəndəsi X10 iştirakları ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X8 Cavabdeh və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı hədiyyənin restitusiyası hüququnun tətbiq edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X17 Cavabdeh və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı hədiyyə verənlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hədiyyənin restitusiyası hüquqlarını tətbiq etməklə xx xxxx 2017-ci il tarixdə Gədəbəy rayon Notariat Kontorunda (indiki X14) bağlanmış, Reyestrdə 4Ə-48 nömrə və 4Ə-51 nömrə ilə qeyd edilmiş bağışlama müqavilələrinin ləğv edilməsi, faktiki istifadələrində və sahibliklərində olan Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 120.2 kvm olan olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.23 ha həyətyanı torpaq sahəsinin, eləcə də 1.95 ha pay torpaq sahəsinin paylarına münasib hissədə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qaytarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı 0985614№-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən, Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 120.2 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.23 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına rəsmiləşdirilməklə, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı1 adına, həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X9 adına xx.xx.2017-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin, DTXK-nın Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə İddiaçı1 adına verilmiş, JN-00xx xxx 50526018 olan dövlət Aktına əsasən Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 1.95 ha olan torpaq sahəsi birgə mülkiyyət hüquq ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X9 adına verilmişdir. xx xxxx 2017-ci il tarixdə Gədəbəy Rayon Notariat Ofisində bağlanmış, Reyestrdə 4Ə-48 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən, İddiaçı1 RX seriyalı 0985614№-li çıxarış əsasında ümumi sahəsi 120.2 kv.m olan olan fərdi yaşayış evini tam şəkildə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan 0.23 ha torpaq sahəsindən hər biri 1/5 hissə payını X11 bağışlamışlar. xx xxxx 2017-ci il tarixdə Gədəbəy Rayon Notariat Ofisində bağlanmış, Reyestrdə 4Ə-51 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən, DTXK-nın Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə İddiaçı1 adına verilmiş, JN-00xx xxx 50526018 olan dövlət aktına əsasən, Gədəbəy rayonu, Maarif kəndində yerləşən, ümumi birgə mülkiyyətlərində olan 1.95 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə düşən 1/5 hissə paylarını X11 bağışlamışlar. Mərhum oğlu X2 Ülkər Dilqam qızı ilə 2012-ci ilin oktyabr ayında qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx xxxxxx 2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından onların Aişə və Ömər adında iki övladları olmuşdur. Oğlu və gəlini ailə qurduqları vaxtdan bir ailədə Gədəbəy rayonu, Maarif kəndində yerləşən evlərində yaşamışlar. xx xxxxxxx 2020-ci ildə Vətən müharibəsi ilə əlaqədar oğlu Tural Məmişov səfərbərliyə çağırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Tural Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuş, xx xxxxxx 2020-ci ildə Gədəbəy rayonu, Maarif kənd qəbristanlığında dəfn edilmişdir. X1 hədiyyə verənlərdən qabaq öldüyü üçün ona bağışladıqları əmlakı hədiyyənin resitusiyası qaydasında geri tələb etmək hüquqları vardır. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. İddiaçı3 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbləriinin təmin edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbləriinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, mərhum X18 cavabdehin əri olmuşdur. İddiaçılar onun mərhum ərinə hazırda yaşadıqları evi, həyətyanı torpaq sahəsini və pay torpaqdan onlara düşən hissələri bağışlama müqavilələri əsasında bağışlamışlar. Həmin vaxt mərhum Turalla cavabdehin nikahları olmuş və daşınmaz əmlakdan onun istifadə hüququ yaranmışdır. X18 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və cavabdeh Turalın adına olan əmlaka birinci növbə vərəsədir. İddiaçılar restitusiya hüququnun tətbiq edilməsi haqqında məhkəməyə müraciət edərək, cavabdehin miras payının azaldılmasına nail olmaq istəyirlər. Halbuki, onlar bağışlama müqavilələri bağlayarkən bu barədə hər hansı bir şərt qeydə almamışlar. Ona görə də iddia tələbləriinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinin nümayəndəsi X20 izahat verərək, bildirmişdir ki, İddiaçı2, İddiaçı3, İddiaçı1 və X3 rayonu, Maarif kəndində yerləşən evi və torpaq sahələrini X11 bağışlayarkən Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərinə riayət edilmişdir. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan tərəflərin həqiqiliyini mübahisələndirmədiyi Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 120.2 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı1 və evin yerləşdiyi 0.23 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və X11 məxsusdur. İşdə olan tərəflərin həqiqiliyini mübahisələndirmədiyi JN 00xx xxx 50526018 saylı Torpağa Mülkiyyət Hüququna X25 surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X11 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarına əsasən Gədəbəy rayonu, Slavyanka kəndində 1.95 ha torpaq sahəsi verilmişdir. İşdə olan tərəflərin həqiqiliyini mübahisələndirmədiyi xx xxxx 2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi sahəsi 1.95 ha olan torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər biri öz payına düşən 1/5 hissə paylarını X11 bağışlamışlar. İşdə olan tərəflərin həqiqiliyini mübahisələndirmədiyi xx xxxx 2017-ci il tarixli, Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 120.2 kvm olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə düşən 1/5 hissə paylarını X11 bağışlamışlar. İşdə olan X6 surətindən görünür ki, X18 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələblərii təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Məcəllənin 671-ci maddəsinə əsasən, hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 120.2 kvm olan fərdi yaşayış evinə İddiaçı1 tam mülkiyyət hüququ, evin yerləşdiyi 0,23 ha torpaq sahəsinə isə iddiaçəlar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X9 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Bundan başqa, iddiaçılara Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2001-ci il tarixli qərarına əsasən Gədəbəy rayonu, Slavyanka kəndində 1.95 ha torpaq sahəsi verilmişdir. xx xxxx 2017-ci il tarixdə iddiaçılar Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi sahəsi 1.95 ha olan torpaq sahəsindən paylarına düşən hissələri, xx xxxx 2017-ci il tarixdə isə Gədəbəy rayonu, Maarif kəndində yerləşən ümumi sahəsi 120.2 kvm olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.23 ha torpaq sahəsindən paylarını X11 bağışlamışlar. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hədiyyəverən iddiaçılar hədiyyəalanın onlardan qabaq ölməsi halını əsas gətirərək, restitusiya hüquqlarının olmalarını bildirir və hədiyyə edilmiş əmllakın qaytarılmasını tələb edirlər. Lakin müvafiq normanın dispozisiyasından da göründüyü kimi, hədiyyəverənin restitusiya hüququnun olması imperativ qaydada təsbit edilməmişdir və məhkəmənin qənaətinə görə bu hüququn yaranması üçün hədiyyəverənin bağışlanmış əşyanın restitusiyası hüququnu tətbiq etmək haqqında iradəsi bağışlama müqaviləsində şərt kimi qeydə alınmalı idi. Tərəflərin bağladıqları bağışlama müqaviləsində isə bu barədə hər hansı bir şərt qeydə alınmamışdır. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar