Məhkəmə qərarları › İş №2(042)-424/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-424/2025

14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-424/2025 14.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən su xəttinin cavabdehin hesabına çıxarılması tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: su xəttinin sökülməsi və maneələrin aradan qaldırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən su xəttinin cavabdehin hesabına çıxarılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, 21 may 2024-cü il tarixli ********** saylı çıxarışa əsasən ona məxsus 0.33 ha torpaq sahəsinin içərisindən cavabdehin çəkdiyi bulağın öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi, ödəmiş olduğu 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Poladlı ərazi dairəsi, Hacıalılar kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 yanvar 2000-ci il tarixli 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN-141, KOD 50523028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinə xx.xx.2024-cü il tarixli ********** saylı çıxarış almışdır, çıxarışa əsasən 0.33 ha torpaq sahəsi vardır. Cavabdeh onun qonşusudur. xx.xx.2021-ci il tarixdə qonşuluqda yaşayan Cavabdeh ona məxsus torpaq sahəsinin içində yerləşən suyu icazəsiz qazaraq çıxarıb aparmışdır. Həmçinin cavabdeh ona məxsus torpaq sahəsində yerləşən 5 ədəd ağcaqayın ağacı və 8 ədəd keçi-keçi kolunu kəsərək məhv etmişdir. Mənim müraciətimə cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2021-ci il tarixli 180 saylı məktubunda idarənin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək araşdırma aparılması, araşdırma aparıldıqdan sonra ona məxsus 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən köküstə yaş halda inkişafda olan diametri 10.0 sm olan 3 ədəd, diametri 12.0 sm olan 1 ədəd, diametri 16 sm olan 1 ədəd olmaqla 5 ədəd ağcaqayın ağacının və 8 ədəd keçi-keçi kolunun kəsildiyi müəyyən olunmuşdur. Nəticədə cavabdeh tərəfindən ona 1270 manat məbləğində ziyan vurulmuşdur. Bu barədə şikayəti aidiyyəti üzrə Gədəbəy Rayon Polis Şöbəsində araşdırılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh dəfələrlə ona 1270 manat məbləğində vurulmuş zərər nəticəsində yaranmış borcunu ödəməsinə dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə vurduğu ziyan nəticəsində yaranmış borcunu qaytarmaqdan yayınaraq dolayısı yollarla imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin torpaq sahəsinin içərisində su xətti vardır, həmin su xəttini cavabdeh qeyri qanuni çəkmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh 16 aprel 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun qonşusudur və o, torpaqdan suyu çoxdan çəkmişdir. Həmin torpaq sahəsi İddiaçı deyil, bacısına məxsusdur.

5. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Hacallar kəndində yerləşən sahəsi 0.33 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********49 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 2/5 hissə ilə İddiaçı, 1/5 hissə ilə isə X4, X3, X1 adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Hacallar kəndində yerləşən sahəsi 0.2093 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********48 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə ümumi birgə mülkiyyət növü kimi X7, X5, X2, X6 və Cavabdeh adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Hacallar kəndində yerləşən sahəsi 0.2653 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********47 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə ümumi birgə mülkiyyət növü kimi X7, X5, X2, X6 və Cavabdeh adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-40/2- 7026/2025 saylı 16 dekabr 2025-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, həmin idarə tərəfindən İddiaçı Gədəbəy rayonu Hacıalılar kəndində 0.33 ha torpaq sahəsinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın sərhədləri müəyyən edilmiş, İddiaçı məxsus 0.33 ha torpaq sahəsində Cavabdeh su xətti çəkməsi və su xəttinin torpaq sahəsinin mərkəzi hissəsində olması müəyyən edilmişdir. Həmin torpaq sahəsində bulaq suyu çıxır və bulaq suyu Cavabdeh tərəfindən istifadə edilərək su xəttinə qoşulmuşdur. - Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-406/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

12. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq su xətti çəkilməlidir.

13. Məhkəmədə iclasında müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Gədəbəy rayonu, Hacallar kəndində yerləşən sahəsi 0.33 ha torpaq sahəsinin 2/5 hissəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Həmin torpaq sahəsinin daxilində Cavabdeh su xətti çəkmiş və su xəttinin torpaq sahəsinin mərkəzi hissəsində olması müəyyən edilmişdir. Həmin torpaq sahəsində bulaq suyu çıxır və bulaq suyu Cavabdeh tərəfindən istifadə edilərək su xəttinə qoşulmuşdur.

14. Göründüyü kimi, mübahisə predmetlərinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni mülkiyyətində olduğu, həmin torpaq sahəsində cavabdeh tərəfindən su xəttinin çəkilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməsinə səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

15. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Hacallar kəndində yerləşən, xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və digər mülkiyyətçilərin adına qeydə alınmış Cavabdeh tərəfindən çəkilmiş su xətti sonuncunun vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsi İddiaçı faktiki sahibliyinə verilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat dövlət rüsumu, məhkəmə icraatı zamanı 95 manat mütəxəssis xərci ödəmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Gədəbəy rayonu, Hacallar kəndində yerləşən, xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və digər mülkiyyətçilərin adına qeydə alınmış 0.33 ha torpaq sahəsindən Cavabdeh tərəfindən çəkilmiş su xətti sonuncunun vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsi İddiaçı faktiki sahibliyinə verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 95 (doxsan beş) manat mütəxəssis xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar